Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:11

Xədicə İsmayılın həbs müddəti artırıldı


Jurnalist Xədicə İsmayıl polislərə həbslərin qanunsuz olduğunu söyləyir (2014)

Jurnalist Xədicə İsmayıl polislərə həbslərin qanunsuz olduğunu söyləyir (2014)

-
Martın 6-da Nəsimi Rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın həbs müddətinin uzadılması ilə bağlı proses keçirilib. Bu haqda AzadlıqRadiosuna vəkil Fariz Namazlı məlumat verib. Məhkəmə Xədicə İsmayılın həbs müddətini daha 2 ay uzadılması ilə bağlı qərar çıxarıb.

Fariz Namazlı bildirir ki, məhkəmənin vaxtı haqqında vəkillərə əvvəlcədən məlumat verilməyib:

«Səhər təcridxanaya getmişdim ki, Xədicə ilə görüşüm. Dedilər ki, məhkəməyə aparılıb. Digər vəkil Fəxrəddin Mehdiyevə də məhkəməyə bir neçə saat qalmış məlumat veriblər. Ağır Cinayətlərə dair İstintaq İdarəsinin təqdimatı əsasında məhkəmə keçirildi. İdarənin təqdimatında həbsin uzadılmasının səbəbləri göstərilmişdi. Əsas bu idi ki, Xədicə İsmayıl azadlıqda qalarsa ölkəni tərk edib istintaqdan yayına bilər. Digər səbəb bunu göstərdilər ki, guya azadlıqda qalarsa, proses içtirakçılıarına təsir göstərə bilər. Xədicə İsmayıl çıxışında bildirdi ki, ona qarşı bütün ittihamlar saxtadır. Təqdimatın ləğv edilməsi ilə bağlı vəsatət qaldırsaq da təmin olunmadı. Xədicə İsmayılın həbs müddəti mayın 24-dək uzadıldı».

Xədicə İsmayıl ötən ili dekabrın 5-də özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib. Yanvarın 27-də onun həbs müddəti 2 ay daha uzadılmışdı. Həmin müddət martın 27-də bitməli idi.

Fevralın 13-də Xədicə İsmayıla qarşı mənimsəmə, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq maddələri ilə əlavə ittihamlar elan olunub.

Son ittihamlar QHT-lərə açılan cinayət işində AzadlıqRadiosunun ofisində aparılan yoxlamalarla bağlıdır.

İttihamlar təsdiqlənərsə, jurnalisti 12 ilədək həbs cəzası gözləyir.

Xədicə İsmayıl ona qarşı irəli sürülən ittihamları rədd edib.

Azərbaycan hakimiyyəti isə deyir ki, Azərbaycanda heç kim siyasi, jurnalist fəaliyyətinə görə təqib və həbs edilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG