Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:45

-

Kürçaylı Məmmədov

YENİ ŞEİRLƏR

***

Bu yay qonşumuz Əhməd dayı həyətdə, ağacın altında yatmadı,

və mən darıxırdım.

Bu gecə qonşumuzun evinin tinindəki işıq yanmırdı,

və mən darıxırdım.

Və mən darıxırdım

Lənkərandakı payız,

skamya

bir də dostlar üçün.

Bir də pəncərələrindən işıq gələn binalar vardı,

qatar vağzalı,

Qala xiyabanı,

gecə mağazada işləyən buruqsaç, adsız qız,

gecə saat ikidən sonra

beşmərtəbəli binanın beşinci mərtəbəsindən gələn

tənha telefon işığı…

Və mən darıxırdım

atamın siqaret çəkməsinə ard-arda,

plov bişirməsinə anamın…

Bir də heç vaxt yazmayacaqdı Nilufər,

söz verməmişdi yazacağına…

Və mən darıxırdım

unutduğum adamlar

Salyanda çıxanda qarşıma,

Sonra Bakı,

Bakı boyda darıxmaq…

Və mən darıxırdım,

bir dəfə söyüd ağacı olmaq istəmişdim

onların həyətində,

öz dərdləri vardı facebookdakı dostlarımın,

Qoca Tolstoy pıçıldayırdı

“bütün xoşbəxt ailələr eyni cür xoşbəxtdi,

bədbəxt ailələrsə hərəsi bir cür bədbəxt”

Və mən darıxırdım…

darıxırdım ki,

ətrafında adamlar çoxaldıqca

itirirsən doğmalarını,

itirirsən yaxın olanları ürəyinə,

barmağına nişan üzüyü keçən qızları itirirsən,

başqa şəhərlərə,

başqa ölkələrə qaçan oğlanları –

itirirsən hamını…

Və mən darıxırdım,

darıxırdım ki,

Salyanda,

məhəlləmizdə futbol oynadığımız meydançanı

ev-ev,

həyət-həyət bölmüşdülər yeni qonşular.

Və mən darıxırdım ki,

bizdən sonrakı uşaqların

futbol oynamağa həvəsləri yox idi,

elə meydançaları da –

Mənim uşaqlıq xatirələrimi öldürmüşdülər…

Və mən darıxırdım,

darıxırdım ki,

Üç nöqtə…

06.10.2014

Ramiz Atabəyə...

Qulaqları kəsilmiş it kimi darıxıram,

qulaqlarımı axtarıram, qulaqlarımı...

Bir musiqi vardı ömrümdə,

bir şəhər, bir adam...

Bitdi o musiqi,

getdim o şəhərdən,

o adam unutdu...

İndi tənha gecələrin nağıllarından düşmür üç alma,

indi külək döyəcləmir pəncərəmi, sevişmir damlarda pişiklər...

Mən öz kölgəmi qılıncladım, dost,

kölgəm kürəyimə saplayanda bıçaq...

Üşüyürəm indi,

sabah görəsən günəş olacaq?...

04.03.2014

Bakı

Dadaş Adna xatirəsinə...

Öldü bir kənd fotoqrafı,

bir kənd öldü,

şaxtası, günəşi, buludu...

Öldü rakı kimi şərqilər,

Həmin məktəb uşaqlarıyla kəndin qocaman müəllimləri öldü,

Öldü məktəbdə onu görmək üçün dərsdən icazə alıb çölə çıxan qızlar,

Günəşə şərqi söyləyən qadın öldü...

Öldü saçlarını uzatmaq qərarı,

iydə ilə çay içmək,

yaşlandıqca özünə bənzəmək öldü.

Öldü kənd fotoqrafının günlüyü,

bütün fotoaparatlar öldü,

bütün fotolar,

fotolardakı adamlar,

daşlar,

quşlar,

evlər, pəncərələr, yollar,

kiçik-kiçik şeirlər,

kəndin çayçısı,

köhnə samovar - öldü onlar...

Doqquz hərfi öldü dünyanın,

öldü içimizdəki xərçəng...

01.03.2014​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG