Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:47

Dövlət sirrini yaymağa görə cəzalar sərtləşir


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası

Azərbaycan Parlamenti sabah – martın 6-da dövlət sirrinin əldə əldilməsi ilə bağlı bağlı Cinayət Məcəlləsinə dəyişikliyi müzakirə edəcək.

Dəyişiklik dövlət sirri sayılan məlumatlar əldə etməyə görə 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Milli Məclisdən APA informasiya agentliyinə verilən məlumata görə Cinayət Məcəlləsinin 284-1-ci maddəsinə təklif edilən dəyişikliklər bunlardır:

Dövlət sirri sayılan məlumatlar, sənədlər və əşyaların aşağıdakı qanunsuz yollarla əldə olunması:

1. zor tətbiq etmək hədəsi və ya zor tətbiq etməklə;
2. hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə;
3. talama, aldatma yolu ilə;
4. məxfi məlumatların gizli əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi və ya digər texniki vasitələrlə;

Amma bu məlumatlar dövlətə xəyanət və ya casusluq üçün əldə olunarsa, başqa maddə üzrə mühakimə aparılır.

Yada salaq ki, hazırkı qanunvericilikdə yalnız vəzifəli şəxslərin dövlət sirrini yayması cinayət məsuliyyəti yaradır.

Fuad Ağayev
Fuad Ağayev

«PROKURORLUQ CİNAYƏT İŞİ AÇACAQ Kİ, DÖVLƏT SİRRİ YAYMISAN»

Vəkil Faud Ağayev təklif olan dəyişikliyi son 15 ildə Azərbaycan qanunvericiliyinin korlanmasının davamı sayır. Onun fikrincə, bu dəyişiklik bəzi cinayət işlərinə hüquqi don geyindirmək üçündür:

«Jurnalist Rauf Mirqədirov, hüquq müdafiəçiləri Leyla və Arif Yunsuların işində olduğu kimi. Son təklif bir daha göstərir ki, Azərbaycanda qanunvericilik bir cəza məqsədi, seçmə yolu ilə və qanunvericiliyin özündən irəli gəlməyən məqsədlər üçün tətbiq olunur.

Son 10-15 ildə Azərbaycan qanuvericiliyi ciddi cəhdlə korlanır. Özəlliklə, cinayət məsuliyyəti sayılmayan əməllər suni olaraq kriminallaşdırılır. Bu əməllərə dövlət sirri ilə bağlı məlumatların əldə edilməsini də əlavə edirlər.

Bu o deməkdir ki, sabah kimsə bir məlumat dəyəcək, ya öz müşahidələrini bölüşəcək bu vaxt prokurorluq ona cinayət işi açacaq ki, sən dövlət sirri yaymısan. Heç həmin adamın danışdığı məlumatın dövlət sirri olmasından bəlkə də heç xəbəri yoxdur».

DÖVLƏT SİRRİ NƏDİR?
Azərbaycanda “Dövlət Sirri” haqda qanunun 2-ci versiyası 2004-cü ildən qüvvədədir.

Bu qanunun 5-ci maddəsində göstərilir ki, hərbi, hərbi-iqtisadi, xarici siyasət, kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat, axtarış, sahələrinə aid olan məlumatlar dövlət sirridir. Məsələn, bir hərbi hissənin adı, yeri, sərhədləri, şəxsi heyəti və digər məlumatlar dövlət sirridir.

Bu zaman sual yaranır, dövlət sirri sayılan bu məlumatların daşıyıcıları kimlərdir? Bu məlumatların yayılmasına görə məsuliyyəti kim daşıyır? Ümumiyyətlə, dövlət sirri sayılan məlumat fərz edək ki, jurnalistə qədər gedib çatıbsa, bunun məsuliyyətini kim daşımalıdır? Dövlət sirrini qorumalı olan vəzifəli şəxs, yoxsa, məlumatı əldə edən jurnalist?

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Media eksperti Ələsgər Məmmədli bu saulları belə cavablayır:

“Dövlət sirrini yaymağa görə həmin sirri qorumalı olan şəxs məsuliyyət daşıyır. Sirr jurnalistə və ya hansısa bir şəxsə çatıbsa bu o deməkdir ki, həmin məlumat yaxşı qorunmayıb. Jurnalist, ya da digər bir şəxs o vaxt bu məlumatı yaymaqda ittiham oluna bilər ki, ona dövlət sirri ilə işləməyə icazə verilib. O da öhdəliyi pozub və məlumat yayıb”.

ZİYAFƏT ƏSGƏROV NİYƏ İTTİHAM OLUNMUR?
Dövlət sirrinin əldə olunması və ya yayılması dedikdə ilk olaraq yada jurnalistlər düşür. Ötən il jurnalist Xədicə İsmayıl dövlət sirrini yaymada suçlanırdı. Beləki, millət vəkili Ceyhun Osmanov restoranların birində Xədicə İsmayılın xarici nümayəndələrə dövlət sirrini verdiyini iddia edirdi. Hətta bununla bağlı sübutlarını – səs yazısını prokurorluğa göndərdiyini söyləyirdi. Amma sonradan Ceyhun Osmanovun özün də adı "nurçular"a işləməkdə hallandı və bu söhbət bağlandı.

Digər bir jurnalist Rauf Mirqədirov “hərbi dövlət sirlərini” Ermənistana ötürməkdə suçalanır, Leyla və Arif Yunuslar da dövlətə xəyanətdə ittiham olunurlar.

Vəkili Fuad Ağayev sual edir ki, jurnalist dövlət sirrini yaymaqda ittiham olunursa, onda dövlət sirrinin daşıyıcısı, onu qorumağa məsul olan və sirri yayan Parlamentin vitse-spikeri Ziyafət Əsgərov niyə ittiham olunmur:

“Mən indi sual verirəm. Ziyafət Əsgərov bir neçə ay əvvəl müsahibələrindən birində demişdi ki, Azərbaycanın Xüsusi Mühafizə Orqanları Ermənistan prezidentin otağında baş verənlərə qədər hər şeyi bilir. Ziyafət Əsgərov bu məlumatı yaymaqla nəinki keçirilən əməliyyatın nəticəsini riskə atır, həm də bu əməliyyat iştirakçılarının həyatını təhlükəyə qoyur. Ziyafət Əsgərov parlamentin sədr müavinindən başqa həm də dövlət sirrinin daşıyıcısıdır. Ziyafət Əsgərovun dediklərinin həqiqiliyini yoxlamaqdansa bütün Azərbaycan vətəndaşlarını təhlükəyə atan qanuna dəyişiklik təklif olunur. Son dəyişiklik sadəcə biabırçılıqdır”.

Fuad Ağayev sonda bu qanunun təkcə, jurnalistlər və digərlərinin deyil, ümumilikdə, Azərbaycan vətəndaşlarını təhlükəyə atdığını düşünür.
Parlament qanuna dəyişiklikləri sabah müzakirə edəcək. Yəqin ki, açıq qalan sualların cavabı müzakirələrdən sonra bir az da aydınlanacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG