Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:24

İraq müharibəsində İran qalib gəlir?


İranın Qüds elit qüvvələrinin komandanı general Ghasem Soleimani-nin İraqda, şiə döyüşçülərin arasında olduğu söylənir.

İranın Qüds elit qüvvələrinin komandanı general Ghasem Soleimani-nin İraqda, şiə döyüşçülərin arasında olduğu söylənir.

Müşahidəçilər və təhlilçilər İraq hökumətinin İslam Dövlətinə qarşı əməliyyatlarında İranın rolunun artdığını söyləyirlər.

İraq hökumət qoşunlarının İslam Dövləti təşkilatının nəzarətində olan Tikrit şəhəri üzərinə hücumu davam edir.

Müşahidəçilər qeyd edirlər ki, bu əməliyyatlarda İranın aparıcı rol oynadığı getdikcə daha çox nəzərə çarpır.

İran İslam Respublikasının özü İD-ə qarşı əməliyyatlarda rolunun əhəmiyyətini azaltmağa çalışaraq İraqda yalnız şiə yaraqlıların təlimi və müqəddəs şiıə ocaqlarının müdafiəsi ilə məşğul olduğunda israr edir.

Lakin “Sünni üçbucağı” kimi tanınan və keçmiş İraq prezidenti Saddam Hussein-in vətəni olan Tikrit şəhəri üzərinə hücum əməliyyatları İranın getdikcə artan rolunu nümayiş etdirir.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Lloyd Austin bildirib ki, Tikrit üzərinə hücum İranın çoxdan bəri gördüyü işin “məntiqi davamıdır”.

“İranda mənzillənmiş yaraqlılar” nə deməkdir?

ABŞ Qərargah Rəisləri Komitəsinin rəhbəri general Martin Dempsey təsdiq edib ki, İran İD-ə qarşı əməliyyatlarda “artilleriya və başqa hücum dəstəyi” verir.

Lakin generalın bəyanatında ən təəccüb doğuran onun Tikritə hücum edən 30 minlik əsgəri qüvvənin üçdə birinin “İranda mənzillənmiş yararqlılardan ibarət olması barədə” dedikləridir.

General bildirib ki, bu birləşmədə İraq hökumət qoşunlarının da payı təxminən 35 faizdir.

İndiyədək İranın İraq ərazisində şiə yaraqlıları təlimləndirdiyi və silahlandırdığı bəlli idi.

Royal United Services Institute (RUSI) araşdırmalar mərkəzindən Yaxın Şərq üzrə təhlilçi Michael Stephens deyib ki, İran tərəfindən dəstəklənən şiə silahlıları İraqdakı döyüşlərin ön və mərkəzi mövqelərindədirlər.

O vurğulayır ki, İraq hökumətini dəstəkləyən qüvvələrin üçdə birinin İrana bağlı olması Tehranın İraq münaqişəsindəki aparıcı rolundan xəbər verir.

Bununla belə, “İranda mənzillənmiş yaraqlılar”ın həqiqətən də İranda olduqlarını göstərən heç bir əlamət yoxdur.

İraqda İran qoşunları varmı?

Bəzi müşahidəçilər inanırlar ki, İranın qüdrətli İnqilab Keşikçiləri Korpusunun elit Qüds qrupunun komandanı general Qassem Suleimani İraq şiə qüvvələrinin arasındadır və Tikrit üzərinə hücumu birbaşa koordinasiya edir.

Michael Stephens əmindir ki, iranlılar nəinki İraqdakı hücum əməliyyatlarını əlaqələndirir, hətta bu döyüşlərdə birbaşa iştirak edirlər.

O deyir ki, seçmə Qüds qüvvələrindən bir neçə yüz döyüşçünün İraq qoşunlarının sıralarında vuruşduğu şübhə doğurmur.

Təhlilçinin fikrincə, İran İraq hökumətinə silah və canlı qüvvə sarıdan ciddi dəstək verir.

İranın dəstəklədiyi şiə silahlılar kimlərdir?

Xəbər verilir ki, Tikritin geri alınması əməliyyatında İran tərəfindən birbaşa dəstəklənən bir neçə qruplaşma iştirak edir.

Yaxşı silahlanmış və maliyyələşdirilmiş Kətaib Hizbullah Suriyanın döyüş meydanlarında da olub və təhlilçilər onun İrana bağlı qüvvələrin ən qüdrətlisi olduğuna inanırlar.

Əsaib Əhl əl-Həqq də İrana bağlı ən çoxsaylı və güclü qruplaşmalardan biridir.

Bu qruplaşma İraqın şiə lideri Muqtada al-Sadr-ə bağlı hərəkatdan ayrılıb. İran bu qruplaşmanın təlimləndirilməsində geniş iştirak edir.

İrandan dəstək görən üçüncü böyük şiə təşkilatı Bədr təşkilatıdır.

Bu partiya 1980-ci illərdə baş vermiş İraq-İran müharibəsində İranın tərəfində olub və İraq parlamentində mandatlara malikdir.

Bu təşkilatın hərbi qanadı olan Bədr Briqadası məhz İranın İnqilab Keşikçiləri Korpusu tərəfindən silahlandırılıb.

Bu üç təşkilat başqa qruplaşmalarla birlikdə Xalq Səfərbərliyi hərəkatına daxildir.

İrana bağlı hərbi qruplaşmaların İraq hökumət qoşunlarının uğurlu əməliyyatlarında həlledici rola malik olduqları söylənir.

Bu da bildirilir ki, rəsmi olaraq İraq hökumət qoşunlarına aid edilsələr də, bu təşkilatlar müstəqil maliyyələşməyə və fərqli ideoloji məqsədlərə sahibdirlər.

Londonda mənzillənmiş İraq təhlilçisi Sajad Jiyad deyir ki, Kətaib Hizbullah və Əsaib Əhl əl-Həqq təşkilatları açıq şəkildə İranın dini rəhbəri ayətullah Ali Khamenei-yə tabe olduqlarını bildiriblər.

Məzhəb zorakılıqları təhlükəsi

Belə ehtiyatlanmalar var ki, əhalisi sünnilərdən ibarət olan Tikritin üzərinə şiə birləşmələrinin hücumu bu şəhər hökumət qoşunları tərəfindən geri alındıqdan sonra məzhəblərarası zorakılıqlara səbəb ola bilər.

Artıq indinin özündə bəzi şiə liderlər Tikrit əhalisini ötən ilin iyununda şiə döyüşçülərə divan tutulmasında iştirak etməkdə ittiham edirlər.

Şiə liderlərdən Hadi al-Amiri açıq şəkildə bildirib ki, Tikrit əməliyyatı qisas üçün münasib imkan olacaq.

BMT İraq münaqişəsində qarşı duran tərəfləri mülki əhaliyə qarşı zoraıkılıqlardan çəkinməyə çağırıb.

ABŞ generalı Dempsey isə bildirib ki, İranın bu hücum əməliyyatına müdaxilə etməsi müsbət haldır. Onun fikrincə, İran gözlənilən məzhəb toqquşmalarının qarşısını ala bilər.

Bununla belə, bir sıra təhlilçilərin firkincə İranın İraq münaqişəsinə qatılması ona məzhəbi rəng verir.

Lakin onlar bununla da razılaşırlar ki, İD-in özü də siyasətini məzhəb müstəvisindən yürüdür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG