Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:07

-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, martın 5-dən 6 saylı cəzaçəkmə müəssisəsində cəza müddəti ilin ortalarında başa çatacaq 16 məhkum üçün peşə hazırlığı kursuna başlanılacaq.

Məhbuslara iki ay müddətində peşə təlimi keçiriləcək. Onlar mebel quraşdırıcısı peşəsinə yiyələnəcəklər. Məlumatda deyilir ki, həmin məhbuslar azadlığa çıxandan sonra yaşadıqları ərazi üzrə məşğulluq orqanları onların işlə təmin olunmasına yardım göstərəcək.

«Dustağınkı odur ki, vaxt getsin»

Vaxtilə cəzaçəkmə yerində dülgər işləmiş keçmiş məhbus Adil Kərimov AzadlıqRadiosuna bildirib ki, azadlığa çıxandan sonra bu peşə az-çox əlindən tutub:

«Hazırda dülgər sexində işləyirəm. Düzdür, mən həbsə düşməmişdən əvvəl də dülgər idim. Ancaq həbsdə işləmək çox yaxşıdır. Peşəni unutmursan. Orda nəsə öyrədirlərsə də belə, dustaq üçün bu çox yaxşıdır. Vaxt gedir, dustağınkı da odur ki, vaxt getsin».

Adil Kərimov deyir ki, hazırda suvenirlər satılan yerlərdə məhbusların hazırladıqları təsbehlər, nərd taxtaları, mücrülər satılır. Bunlar əsasən vasitəçilər yolu ilə satışa çıxarılır.

«İŞLƏMƏK MƏHBUSLARI MÜSBƏT TƏRƏFDƏN DƏYİŞİR»

Psixoloq Rafiq Allahverdiyev bir neçə il məhbuslarla işləyib. O deyir ki, məhbusların hansısa işlə məşğul olması onların həyata münasibətini müsbət tərəfdən dəyişir: «İşsizlik məhbuslarda ruh düşkünlüyü yaradır, özlərini daha çox lazımsız insan sayırlar. İş isə onları tamam dəyişir. İtirilmiş keyfiyyətləri bərpa edir. Onlar nəyləsə məşğul olanda, cəza müddəti də tez keçir. İşsizlik həm də əsəb, aqressivlik yaradır. Boş vaxtlar lazımsız söhbətlərə, münaqişələrə gətirib çıxarır».

Sahib Məmmədov

Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov da AzadlıqRadiosuna deyir ki, cəzaçəkmə yerlərində indiyə qədər peşə məktəbləri olub: «Ancaq onların mövcudluğu formal xarakter daşıyıb. Məncə, indi sözügedən kurslar daha effektli olacaq. Demirəm ki, həmin məhbuslar azadlığa çıxandan sonra işsizlik problemləri tamamilə həll olunacaq. Ancaq ən azından bir peşə öyrənəcəklər».

Ötən il ayrı-ayrı cəzaçəkmə yerlərində cəza müddəti başa çatmaqda olan 230 nəfər o cümlədən 32 nəfər məhbus qadın dərzi, dülgər-xarrat, kompüter istifadəçisi, kompüter texnikasının təmiri, bərbər-manikürçü və s. peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG