Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:41

Bəzi qalib idmançılara pul mükafatları niyə verilmir?


Hapkido Federasiyasının prezidenti Süleyman Məmmədli hərəyə öz haqqının verilməsini istəyir

Hapkido Federasiyasının prezidenti Süleyman Məmmədli hərəyə öz haqqının verilməsini istəyir

Prezidentin sərəncamına uyğun olaraq həm olimpiya, həm də qeyri-olimpiya idman növlərinin qaliblərinə pul mükafatları verilməlidir. Ancaq hapkido idman növündə Avropa kubokunun qaliblərinə mukafatlar verilmir. Buna səbəb nədir?


Qalib idmançılara mukafatların verilməsi ilə bağlı təkcə prezidentin fərmanı yox, həm də Nazirlər Kabinetinin qərarı var. Ancaq hapkidoçulara mukafatların verilməməsinin səbəblərinə keçməzdən əvvəl, qısa da olsa bu idman növü ilə bağlı məlumat verək. Hapkido da taekvando kimi şərq idman növüdür, ancaq taekvandodan fərqli olaraq olimpiya yarışları sırasına daxil deyil.


Bununla belə, bu idman növü daha qədim və daha sərtdir. Taekvandodan fərqli olaraq hapkidoda ayaq zərbələri ilə yanaşı, soyuq silahdan da istifadə edilir. Azərbaycandan üst-üstə 10-a yaxın hapkidoçu ötən ay bu idman növü üzrə Almaniyada keçirilən Avropa kubokunda müxtəlif medallara layiq görülüblər.


«Bütün bədənim zədələnib. Gözümün biri zədədən zəifləyib. Mən neçə ölkə içərisində Azərbaycanın bayrağını qaldırmışam. Buna niyə qiymət vermirlər?»
Amma onlardan heç birinə mükafat verilməyib. Həmin yarışda ikinci yerin qalibi olmuş Aqil Allahverdiyev deyir ki, Gənclər və İdman Nazirliyinin hapkidoçulara pul mükafatları verməməsi bu idman növünə ögey münasibətdən irəli gəlir. Baxmayaraq ki, Azərbaycan Hapkido Federasiyası rəsmi qeydiyyatdan keçib və onlar beynəlxalq yarışlarda Gənclər və İdman Nazirliyi ilə razılaşdırılmış qaydada iştirak ediblər.

Aqil Allahverdiyev: «Bütün bədənim zədələnib. Gözümün biri zədədən zəifləyib. Mən neçə ölkə içərisində Azərbaycanın bayrağını qaldırmışam. Buna niyə qiymət vermirlər?»


Cənab Allahverdiyev deyir ki, tək səhhətini yox, işini də bu idman növü yolunda qurban verib. Yasamal Rayon Mühafizə Xidmətində çalışsa da, yarışlarda iştirak etdiyi zamanı onu xəbərdar etmədən işdən çıxarıblar. Aqil Allahverdiyevin sözlərinə görə, halbuki, həmin vaxt məzuniyyətdə olduğundan onu işdən çıxarmağa heç bir əsas yox idi.


Ancaq Gənclər və İdman Nazirliyinin də öz arqumentləri var. Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Raqif Abbasov deyir ki, onlar qalib idmançıları bir qayda olaraq ilin sonunda mükafatlandırırlar. Ona görə də bəribaşdan hapkidoçulara pul mukafatlarının verilməyəcəyini düşünmək düzgün olmazdı.


İdmançı Aqil Allahverdiyev isə deyir ki, o, ötən il də beynəlxalq yarışlarda qalib olub, amma nə qədər gözləsə də, pul mukafatı almayıb. Gənclər və İdman Nazirliyinin sözçüsü Raqif Abbasovun verdiyi açqlamaya görə isə, qiymətləndirmə bu ilin sonunda yekun nəticələrdən asılıdır. Onlar ilk növbədə olimpiya idman növündə qalib gələn idmançıları mükafatlandırırlar. Cənab Abbasov deyir ki, olimpiya yarışlarından kənar idman növündə də qaliblərə mükafatlar verilir. Ancaq bu da onların əldə etdiyi nəticələrdən asılıdır: «Əgər bir idman növü üzrə dünya çempionatı 100 ölkə, başqa bir idman növü üzrə isə 10 ölkə arasında keçirilibsə, onda üstünlük daha geniş miqyasda keçirilən dünya çempionatının qalibinə veriləcək».



«Əgər bir idman növü üzrə dünya çempionatı 100 ölkə, başqa bir idman növü üzrə isə 10 ölkə arasında keçirilibsə, onda üstünlük daha geniş miqyasda keçirilən dünya çempionatının qalibinə veriləcək»
Raqif Abbasovun sözlərinə görə, qiymətləndirmə zamanı həm idman növünün kütləviliyi, həm də əldə edilən mukafatın dərəcəsi nəzərə alınır. Gənclər və İdman Nazirliyinin sözçüsü şərq idman növlərinə aid qurumlardan Taekvando Federasiyası ilə daha çox əməkdaşlıq etmələrini də gizlətmir. O, bildirir ki, bu idman növü dünyada daha çox yayıldığından, bu ayrı-seçkilik kimi izah edilməməlidir.

Hapkido Federasiyasının prezidenti Süleyman Məmmədli isə deyir ki, onlar hərəyə öz haqlarının verilməsini istəyirlər. Onlar da dövlət qeydiyyatından keçdiklərindən, dövlətin qayğısından məhrum edilməməlidirlər. Halbuki, yarışlara əsasən, öz hesablarına gedirlər, hətta sonuncu beynəlxalq yarışda maliyyə problemləri üzündən üç gün zalda gecələməli olublar.


Ancaq bu məsələdə mübahisənin yaranmasını bəzi idman şərhçiləri şəxsi çəkişmələrlə də izah edirlər. «Futbol+» qəzetinin əməkdaşı Kənan Həsənov deyir ki, Azərbaycan Taekvando Federasiyasının yaradıcısı Süleyman Məmmədlidir. Yalnız 2000-ci ildən həmin quruma Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov rəhbərlik edir. Süleyman Məmmədlinin indi rəhbərlik etdiyi Hapkido Federasiyasına da elə keçmiş çəkişmələr üzündən bəzi dövlət qurumları Taekvanda Federasiyasına bir alternativ qurum kimi baxırlar. Ancaq Kənan Həsənov vurğulayır ki, tək Azərbaycanda yox, əksər dünya ölkələrində qalib idmançılar məhz ilin sonunda mükafatlandırılırlar və bu zaman həm idman növünün kütləviliyi, həm də alınan mukafatın dərəcəsi əsas götürülür.


Günün bütün mövzuları

XS
SM
MD
LG