Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:44

Onun danışdığı uydurmaları dinləməyi çox sevirdim...


Günel Eyvazlı

Günel Eyvazlı

-

Qadın həqiqətdir. Və hər kişi öz həqiqətini gizlətmək istəyir. O zaman həqiqətə yalnız özü şahid olur...

Günel Eyvazlı

ENAREY

(Hekayə)

Aydını çoxdan tanıyırdım. Lap çoxdan. Doğrudur, onunla ünsiyyət zamanı dediklərinin bir faizinə də inanmırdım. Hər halda danışdığı uydurmaları dinləməyi çox sevirdim.

Hər yeni rəvayətə başlayanda düymə boyda gözlərini yığar, sonra söhbətə başlanğıc verərdi. Əllərini də bir-birinə elə bərk sıxardı ki, elə bil mühim bir şeydən söz açacaq. Gərək aktyor olaydı, ya da ədəbiyyatçı. Uydurmalarına özü də inanardı hərdən.

Yalan tez unudulduğu üçün, qəsdən bir neçə gündən sonra ona eyni hadisədən epizodlar danışardıq. Aydın, o hadisənin axırı necə olmuşdu, soruşardıq.

Nağılları su kimi yuyulub beynindən getdiyindən, öncə gözlərini qırpar, sonra söhbətin ucundan-qulağından qırpışdıraraq birinin üstünə beş də qoyub guya əvvəlkini danışırmış kimi yeni rəvayət uydurardı özündən. Biz də ona inanardıq.

İndi isə Aydın yadıma tor kimi gəlir. Nə yaxşı ki, həyatımda tanıdığım belə bir adam olub.

20 ildən sonra Qatura getmək iməkləməyə başlayan uşağın dünyanı lap yenicə tanıması kimiydi. Kənddə yalnız yaşlılar qalmışdı. Bütün cavanlar bir qarın çörək üçün buraları tərk etmişdilər.

Cansıxıcı idi kənd. Əvvəlki təravəti qalmamışdı.

Palçıqdan yapılmış komalar, bir az da ot basmış görkəmi ilə adamın ürəyini sızladırdı. Uzaqdan damın üstündə oturan bir nəfəri gördüm, qamış uzunluğunda ayaqlarını qucaqlamışdı. Aydın olmasın bu? Oturuşu eynilə odur.

Biz tərəflərdə meyvəli ağacların dibinə balta çalardılar. Ona görə də bərəkəti üstündən əskik olmurdu. Ahıllar, bax təbiətin də gözünü gərək belə qorxudasan, deyərdilər.

Aydıngildən yuxarıda sıra ilə düzülmüş çinar ağacları var idi. El arasında çinarlıq deyirdilər. Nədənsə o ağacların da dibinə balta çalınmışdı. Üçüncü çinardan o tərəfə nələrin olmasından bixəbər idik. Getmək olmaz, güz var deyərdilər. Dilimizdə də əzbər idi. Filənkəs güzlükdə itdi. Üçüncü çinardan keçdiyindən, başına belə gəldi. Nə isə, bizim oralara getməyimiz yasaq idi. İçimdə nə qədər qorxu olsa da, üçüncü çinardan o tərəfə keçməyin arzusunda idim daima.

Ayağımdan qaratikanları qopara-qopara uzaqdan gördüyüm o adama sarı gedirdim. Balaca palçıq evin dövrəsində iki nar, üç armud, səkkiz alma ağacı var idi. Ot basmış evin dörd bir yanında it bağlanmışdı. İtin ikisinin qarşısında sümük, ikisinin qarşısında ət var idi. Dörd itin dördü də hürmürdü, qarşılarındakı yeməyi də yemirdilər. Alma ağacının birinin üzərindən ağ kəlağayı asılmışdı. Külək bir ucunu evin damına sancmışdı. Damının arasında olan üzərlik kələğayının ucuna sancılmış, hər külək vuranda çaqqıldadırdı. Damın üzərindəkinin isə insan olmadığını gördüm. Yəqin üç gün bundan öncə əsən külək ağacın kötüyünü buraya atmışdı. Biz tərəflərdə güclü küləklər əsir. Necə olub ki, kötük parçasını insana bənzətmişəm? Bilmədim.

Yadımdadır, Aydın bir rəvayət danışmışdı bizə. O zaman onu məsxərəyə qoyardıq. Deyirdi vaxt gələcək bir gecənin içində hamı qocalacaq. Uşaqlar isə alma ağacına çevriləcək. Biz də onu əsəbləşdirib, yox, biz alma yox, armud ağacına çevriləcəyik, deyərdik. O isə, gülün-gülün, o vaxt gələr siz də görərsiniz, deyə təkrarlayardı. İki gündən sonra rəvayəti ona xatırlatmaq istəyəndə danışmaq istəməmişdi. Ey, danışmıram, danışmıram, söyləmişdi.

Qazanın altında alov yanmazdı. Yer kürəsi başına hava gəlmiş adam kimi dövr edərdi kainatda. Nənə isə halvanı hey qarışdırardı. Deyilənə görə Aydının ulu babası da uşaq olarkən Ulu dağdan qaynayan halvanın püskürərək ətrafa sıçramasını görmüşdü. Deyir onda nənəm əlinə qazan alıb soyuq bulağa qaçmışdı. Sonra bulaq suyunu evə gətirib, yeddi yerə çömçə ilə su tökmüşdü. Babam isə hər su tökülən yerə arpa basdırmışdı. Yeddinci arpadan sonra Ulu dağ sakitləşmişdi. Sonra hər evdən bir qoç götürüb, Ulu dağın ətəyində qurban kəsmişdilər. Nənəm isə alnıma qurban qanından nöqtə qoymuşdu.

Soruşanda ki, ay Aydın, dağ qurbanı neynir? Aydın cavab verərdi ki, kəsilən qurban insanın malından asanlıqla keçməsinə işarədir. Axı mülk, mal şirin şeydi. Heç kim balaca qəpiyindən də keçməz. O ki qaldı qoç olsun. Tanrı səxavəti sevdiyindən, insanların bu canfəşanlıqlarına biganə qala bilmir. Hər qurban ayinindən sonra onlarla bir az da yumşaq davranarmış.

Ulu dağın arxasında dilək ağacı var idi. Ağacın nə az, nə çox bəlkə də milyon yaşı var idi. Aydının babasının, babasının babasının da yadına bu ağac gəlirdi. Heç kim onun dəqiq yaşını bilmirdi. İçi boş, üstü yaşıllıq, altı kölgənəcək. Belə ağaclar əbədilik simvoludurlar, Aydın deyirdi. Hər əşyanın sonu var. Əşyaların da, ağacların da taleyi var.

Bu dilək ağacına da dilək edib kəlağayı asardılar. Hər böyüyən gənc nəsil bu ayinə məsxərə ilə yanaşar və inanmazdılar. Yaşlılar isə, həqiqət olduqda söylənilər, deyirdilər. Yalandan həqiqət doğmaz. Əgər təsadüfən doğubsa, o zaman mütləq cəzası çəkiləcək.

Yüz il sonra gələcək, min il sonra gələcək, amma, həqiqəti yerində oturtmaq üçün kimsə mütləq gələcək.

(Kitabda belə yazılıb: Onların əməlləri zəngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud (dalğa) – zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz.)

Həqiqəti susdurmaq üçün bürüyərlər. Sonuncu bir dalğa üzərindən, bir dalğa deyilişi, qaraya bürünən qadınları, çadranı yadıma salırdı. Qadın həqiqətdir. Və hər kişi öz həqiqətini gizlətmək istəyir. O zaman həqiqətə yalnız özü şahid olur. O həqiqət onun olur. Və günlərin bir günü həqiqət boğulur və səssiz-səmirsiz itir. Vaxt gəlir yenə də həqiqətləri aydınlatmağa başlayırlar. Həqiqət aydınlaşdıqca, qadın göründükcə, bəşəriyyət hərəkətə gəlir. Sonra həqiqəti yenə zülmətə bürümək üçün onu kirləyirlər. Sonra yenə də həqiqətləri xilas etməyə başlayırlar. Bu silsilə sonsuzluğa qədər davam edir.

Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud (dalğa) – zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz.

Həmin gün çox yol getdim. Ağ atın təkində çinarlığa yollanmaq maraqlı idi. Uzun müddətdir at çapmamışdım. Ayaqlarımın arasından qalxan ağrı bədənimi keyidirdi. Doğru deyirlər, insan nəyə adət etsə, ona asan gələr.

Çinarlığa çatmaq Feyzulla babamın nağılları kimi saqqız kimi uzanırdı. Niyə saqqız kimi uzanmasını bilmirdim, demə dünya sonsuzdur. Məkanlar isə yer dəyişən. Babam mənə deyəndə ki, vaxtilə Xəzər dənizinin suları indiki Böyük Qafqazın üzərini örtürdü, inanmırdım. Sən demə, Xəzərin yerində Pətək ölkəsi mövcud olmuşdu.

Demə, adının Pətək olması da təsadüfi deyildi. Yerin təkində oymaq açan insanlar, evlərini orada qurardılar. Kənardan baxanda pətək kimi deşik-deşik görünərdi düzənlik. Dəliklər arasına ağ təbaşirdən yol çəkilərdi və bütün dəliklər sap üzərinə düzülmüş muncuğu xatırladardı insana. Babama daima, bəs dəniz ölkənin üzərinə axmırdı, sualını verirdim. Hər dəfə fikrə gedib, səddə idi cavabını verərdi. Sədd isə həqiqət məhv olanda dağılır. Demək ki, kainatda olan bütün canlılar, əşyalar, dağlar, dənizlər, çaylar belə görünməz sədlə haşıyələnib. O vaxt ona həqiqətin niyə yox olduğu sualını verməmişdim. İndiki ağlım olsaydı sualları, sual üzərindən yağdırardım babamın üzərinə. Bir də vaxtından əvvəl hər şeyin bilmənin də mənası yoxdur. Hər kəs həqiqətinə nə zamansa çatır.

İndi mən də çinarlığa nə üçün getdiyimin fərqinə varırdım və bu yolun niyə bu qədər uzun gəlməsini dərk edirdim.

Skiflərdə falçılıq və öncəgörmə geniş yayılmışdı. Enarey adlanan kişiyəbənzər qadınlar söyüd çubuqları ilə fala baxardılar keçmiş zamanlarda. Onlar kişi görkəmli olsalar da qadın libasları geyinər və falabaxma mərasimlərində xüsusi ayinlər yerinə yetirərdilər. Hətta səsləri belə qadın səsinə bənzəyən cəngavər qadınlar Skiflər üzərinə gələcək bəlaları öncədən sezər və zamanında çara xəbər verərdilər. Onların həqiqətdə kişi və ya qadın olması bilinmirdi. Deyilənə görə tanrılar yalnız və yalnız qadınların qulaqlarına pıçıldamağı sevərdi. Qadınlar isə söz saxlaya bilmədiklərindən, o dövrün adamları tanrıları aldatmaq üçün kişilərə qadın paltarı geydirərək fala baxmaq ayinini gerçəkləşdirirdilər.

Kainatda başlanğıcın adı qadındır. Adəm özü də Həvvanı içində gəzdirirdi. Adəm yarı Həvva, yarı Adəm idi. Allah öz ruhundan ona üfürmüşdü.

Buddizimdə çoxayaqlı və çoxəlli qadın bütün mənası da elə başlanğıcdır. Üzərində yaradılar çox əl və çox ayaq bioloji əlamət olmayıb, rişələri bildirər. Eynilə ağac kökləri kimi. Məhz bu çox əllilər və çoxayaqlılar dünyanın qadın başlanğıcına inanar və ona sitayiş edərdilər.

İndi Xəzər sularının altında qalan Pətək ölkəsinin varlığını düşündükcə tüklərim biz-biz olur. Həqiqəti gizlətmək üçün Yaradan bütün dünya üzərinə müxtəlif örtüklər çəkmişdi. Həqiqət həmişə nəyinsə altında gizlindədir.

Çinarlığa çatmağa 4 ağac yol qalmışdı. Ulu dağın üzərində at zərbələrini gəzdirmək mənə əzab verirdi. Düşünəndə ki, daşlar da canlıdır və yer, üzərində addımlayan insanların zərbələrindən qeyzlənə bilər. Yerin nifrətindən qorxurdum.

Hər şey eyni silsilə ilə davam edir. Keçidlərlə, dolanbaclarla, üstüörtülü, tanınmaz, sirli, unudulmuş, tapmacavari, gizlin şəkildə. Sözlər kimi. Ağızdan ağıza ötürülmüş şəkildə qulaqlara çatar. Qulaq, bütün gerçəklərin və bilinməzlərin qara dəlikli giriş qapısıdır.

Özümlə danışarkən çinarlığa çatmağımın fərqində olmadım. Atdan endim.

Böyük bir meydanın ətrafında insanlar oturmuşdu.

Kimə danışsam inanmaz.

Ölkənin şahı rəhmətə getmişdi. Demə bura gəlməyimin elə bir önəmi yox idi. Əvvəl-axır həqiqət azad olacaqdı. Bunu ürəyimdən keçirəndə, yanımda oturan ağsaqqal, hələ sona qədər dinlə, səbrin olsun, dedi.

Yeni doğulmuş uşaq gətirdilər meydana. Hamı ona baş əyməyə başladı.

Diqqət, diqqət! Eşidin və agah olun, bundan sonra taxtın sahibi Yunis ibn Adəmdir. Bundan sonra bu taxta o keşik çəkəcək və qanunları o verəcək.

Yanımdakı ağsaqqalın qulağına pıçıldadım. Siz heç bilirsiniz bu nə deməkdi? Siz indi açılması gərəkən həqiqətin üzərini yenidən bağlayırsınız.

O mənə bir rəvayət danışdı. Və mən bu rəvayətdən sonra orada qalmağımın bir mənasını görmədim. Atın təkinə minib geri qayıtdım. Anladım ki, çinarlığa getmə, orada Güz var deyənlər əslində doğru deyirdilər. Uzaqlara həqiqət axtarışında getməyin mənası yoxdur. İnsanlar alın yazısı qarşısında qul kimi ikiqatdırlar. Taleyin yalnız istiqamətini bir balaca dəyişmək olar. Onu yenidən yazmağa heç kimin cürəti çatmaz.

Və qoca mənə dedi ki, Yaradan insanı yaratdıqdan sonra, ona ruh üfürməmişdən öncə, yaratdığı bütün varlıqları yanına yığır. Deyir, ey yaradılanlar, mən uşaq kimi ərköyün, bəzən tənbəl, azdan doymayan, çoxa qane olmayaq, qanı sevən, ölümə sitayış edən, bəzən rəhimli, bəzən rəhmsiz, həm özünü tanıyan, həm də tanımayan bir məxluq yaratmışam. Adını İnsan qoymuşam. Bu insanın həqiqəti mənim əlimdədir, amma, bilmirəm onu harada gizlədim. Harada gizlətsəm tapacaq. Yerin altına da gedəcək, yerin üstünə də uçacaq. Hər canlı, ver mən saxlayım, dedi. Məndən ala bilməz. Yaradan çox düşündü. Yox, mən bu sirri dərin quyunun içində gizlədəcəyəm. O sirr, yalnız işığa doğru qalxa biləcək. Zülmətdə isə köz kimi qaralacaq.

O quyu, nə quyudur elə?

İnsanın içi.

Mən anladım ki, insan istəsə də özündən qaça bilmir. Özündən qaçmanın bir mənası yoxdur əslində. Bu mümkünsüzdür. Daha çox içinə enməlisən, özündən qopmamalısan. İndi düşünürəm ki, Aydın hər şeyi doğru deyirdi. Vaxtilə güldüyümüz ağılllı insanlara, sonradan inanmağa başlayırıq, indi isə öz axmaqlığımızı dərk edirik.

Mən kəndimizə dönəndə hər kəs işində-gücündə idi. Demə bu vaxta qədər bura necə də gözəl, necədə yaraşıqlı və abad imiş. Onu görmək üçün dərk etməmin lazımlığı gərəkirdi. Gözün və qulaqların olması əbəsdir. Onlar yalnız vasitədir, əsl həqiqət isə qəndil içində yanan çıraqdır.

İndi Enarey bir dua oxuyacaq.

Bilmirəm günəş nə zaman sıyrılıb yerə düşəcək. Bircə onu bilirəm ki, o, bizə nöqtə boyda görünən, əslində isə böyük bir həqiqətin üzərini açacaq. Və həmin an biz yerlə göyü birləşdirən dayaqları görəcəyik və bütün həqiqətlər örtüyünü öz üzərindən yerə salacaq. Gəlin üzündən çəkilən duvaq kimi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG