Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:05

-

Lotuların ziyalı sayıldığı sosial mühitdə nədəsə, haradasa irəliləmək, fərqlənmək istəyirsənsə mütləq sən də fırıldaq işlətməli və riyakar olmalısan...

Rövşən Yerfi

ÖMRÜMÜZÜ “YEYƏN” LOTULAR

Lotu sözü ərəb mənşəli olub dini əfsanəyə görə öz əxlaq pozğunluğu və rəzaləti üzündən Allahın qəzəbinə keçərək məhv edilən Lut adlı bir qövmün adından əmələ gəlib.

Lotu – yəni kələklə, əyri yollarla baş girələyən əhli-kef... Müasir anlamda desək insanlara "atmaqda" xüsusi uğurlar əldə etmiş super dələduz.

Binayi-qədimdən cəmiyyətdə lotu sayılanlara münasibət heç də pis olmayıb. Bir qayda olaraq bu sayaq adamlar hər zaman böyük hörmətə, səlahiyyətə malik olublar. Çünki lotu olmaq "qabiliyyət" tələb edir. Bunun üçün ətrafında gedən oyunlardan baş açmaq, kələk işlətmək, yeri gələndə isə özünü ədalətli, tərbiyəli göstərmək bacarığı lazımdır. Ona görə də xalq içərisində “lotu mərifətli olar” deyimi nahaqdan yaranmayıb.

Son 20 ildə saysız-hesabsız lotular meydana gəlib. Siyasətdə, iqtisadiyyatda, mədəniyyətimizin ayrı- ayrı sahələrində, hətta hər bölgədə, məhəllədə lotuluq edənlərə qəlbən nə qədər inamsız, sayğısız olsaq da, üz-üzə gəldikdə onlara qarşı çıxmağımızın mənasızlığını duyaraq hisslərimizi gizləyib hörmət və ehtiramımızı əsirgəmirik.

Nəinki kişilərimiz, son dövrlərdə qadınlarımız arasında da lotular çoxalıb. Azadlıq və əxlaqsızlıq anlayışlarını səhv salan, istəyəndə sərxoş maşın sürüb polisi söyən belə lotu “xalalar” da daha ölkəmizdə kimsəni təəccübləndirmir.

Bu gedişlə lotuluq – yəni kələk işlətməklə mövqe qazanmaq, vəzifə tutmaq, mənsəb sahibi olmaq, sonra da tüfeyli həyat sürmək cəmiyyətimizdə az qala həyat kredosuna, amalına çevrilməkdədir. Belə aydın olur ki, lotuların ziyalı sayıldığı sosial mühitdə nədəsə, haradasa irəliləmək, fərqlənmək istəyirsənsə mütləq sən də fırıldaq işlətməli və riyakar olmalısan. Əks halda – istəyinə düzlüklə yetməyi seçsən, həyatının sonunadək çabalamalı olacaqsan.

Şübhəsiz, Allah həmişə Lut qövmündən olanları tez ya gec cəzalandırıb o dünyalıq edir. Amma, əfsus ki, bəzən qırx il çəkən Allahın böyük səbri – elə düzlük üçün çalışan insanların da, ömrünün başa çatmasına bəs edir...

Və belə olanda qalırsan kələklə düzlüyün arasında düşünə-düşünə. Lotularsa səlahiyyətlərindən istifadə edib qısa ömrünü xımır-xımır “yeyirlər”....

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG