Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:28

-

10 günə yaxındır ki, Salyan rayonunun bir neçə qəsəbə və kəndinə elektrik enerjisinin verilməsi dayandırılıb. Bu haqda AzadlıqRadiosu-na rayon sakinləri məlumat verib. Onların bildirdiyinə görə, işıqsız qalan Kür çayının sağ sahilində yerləşən yaşayış məntəqələridir. Rayon mərkəzi yerləşən sol sahildə isə elektriklə bağlı problem yoxdur.

Rayon sakini Sabir Quliyev deyir ki, elektrikin olamaması ilə bağlı bir neçə yerə şikayət etsələr də nəticəsi olmayıb:

«ARAN ZONASINDA BU CÜR QAR GÖRÜNMƏMİŞDİ»​

«Fevralın 21-i güclü küləklə birlikdə qar yağmağa başladı. İndiyə kimi Aran zonasında bu cür qar görünməmişdi. Xətlər sıradan çıxdığından həmin gündən elektrik verilməsi dayanıb. 2 böyük qəsəbə, 20-dən artıq kənddə işıq yanmır. Qaraçala kimi böyük qəsəblər var ki, əhalisinin sayı bəzi rayonlardan çoxdur. Bundan əlavə təkcə Qarabağlı kəndində 30 minə yaxın əhali yaşayır. Hamısı işıqsız qalıb. Soruşuruq, deyirlər ki, xətlər təmir olunur, iş bitdikdən sonar veriləcək. Bu qədər təmir çəkər? 10 gün ərzində yeni xətt çəkmək olardı. Maraqlanan yoxdur, heç kimlə razılaşmırlar. Haradasa daşı daş üstünə qoyub nə isə tikmək istəyəndə tökülüşüb gəlirlər. İndi isə kənarda durublar».

«​ÇÖRƏK DÜKANLARINDA NÖVBƏLƏR YARANIB»​

Sabir Quliyev deyir ki, elektrikin olmaması bir sıra ciddi problemlərə yol açıb:

«Bizdə məktəblər elektrik sobaları ilə qızdırılır. 10 gündür istilik yoxdur deyə, uşaqlar məktəblərə də getmir. Kürdən kəndlərə su vuran nasoslar işləmədiyindən su qıtlığı yaranıb. İçməli su çətin tapılır. Su yoxdur deyə,10 gündür camaat yuyuna da bilmir. Çörək sexləri işləmir. Buna görə də çörək çatışmır, dükanlarda növbələr yaranır. Bundan istifadə edən fırıldaqçılar çörəyin qiymətini də qaldırıblar. Axşamlar hamı məcbur qalıb şam yandıdırır. Dükanlarda şam da tapılmır artıq. Şamın da qiymətini ikiqar qaldırıblar. Telefonlara enerji doldura bilmirik. Məcbur qalıb avtomobil sahiblərindən xahiş edirik, telefonlarımızı enerjiyə qoyaq. Bizimlə bərabər Kürün rayon mərkəzi yerləşən o biri hissəsində də elektriklər kəsilmişdi. O tərəfi bir neçə gün sonar dərhal düzəltdilər. Axşam olur, zülmətə dönür hər tərəf. Nə qədər qaranlıqda oturmaq olar?»

İCRA HAKİMİYYƏTİ TƏKZİB EDİR...

Salyan Rayon icara hakimiyyətindən AzadlıqRadiosuna elektrik verilməsi ilə bağlı ciddi problemin olmadığını dedilər. İcra hakimiyyəti ictimai-siyasi şöbənin müdiri Kərəm Muxtarov bildirdi ki, məsələnin şişirdilməsi həqiqətə uyğun deyil:

«Kim deyirsə, yalan danışır. Qar yağanda bu cür problemlər olur. Lakin dərhal həll olunur bu problem. Bu dəfə də qar yağanda bir neçə kəndə elektrik enerjisinin verilməsi dayanmışdı. Dərhal təmir edib, bərpa etdik».

Şərhləri göstər

XS
SM
MD
LG