Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:07

«Ayna» qəzetindəki «NATO - Rusiya: Qarabağ qarşıdurması» başlıqlı məqalədə müəllif Azərbaycan və Ermənistan Müdafiə nazirlərinin oktyabrın 20-də baş tutan görüşünü və bu görüşdən dərhal sonra Parisdə Vartan Oskanyanla Elmar Məmmədyarov arasında olan danışıqları şərh edib. Müəllif yazır ki, məhz Müdafiə nazirlərinin görüşdüyü gün Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Ararat Zurabyanın 2008-ci ilin prezident seçkilərində eks-prezidentin namizədliyini irəli sürəcəklərini bəyan etməsi diqqəti çəkir. Robert Köçaryanın yenidən namizəd ola bilməməsi fonunda iqtidar komandasının iki nüfuzlu nümayəndəsinin müxalifətin əsas hədəfinə çevrilməsi anlaşılandır. Müəllifə görə, o da anlaşılandır ki, istər 2007-ci ilin parlament, istərsə də 2008-ci ilin prezident seçkiləri baxımından Ermənistan iqtidarının manevr imkanları tükənməkdədir. Çünki 1994-cü ilin 12 mayından etibarən atəşkəs rejimi fonunda arxa planda tutulmuş Qarabağ amili 2008-ci ildə Azərbaycan və Ermənistanın gündəmində həlledici geosiyasi amil olacaq.


«525-ci qəzet» yazır ki, Azərbaycan və Ermənistan XİN başçılarının ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə oktyabrın 24-də Fransa paytaxtında keçirilən görüşü Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yeni perspektivlər aça bilər. Həm vasitəçilərin, həm də tərəflərin özlərinin Paris görüşü barədə orta səviyyəli nikbinliyi belə qənaətə gəlməyə əsas verir. Müəllifə görə, danışıqlar prosesinin intensivləşməsi və nisbətən qısa müddətdə XİN başçılarının artıq üçüncü görüş barədə razılıq əldə etməsi göstərir ki, həm vasitəçilər, həm də tərəflər Ermənistanda seçki ili (2007-ci ilin mayından 2008-ci ilin martınadək) start götürənədək sülh prosesində nisbi də olsa, irəliləyiş əldə etmək istəyirlər. Rəsmi nümayəndənin sözlərinə görə, Fransa, ABŞ və Rusiya ilə yanaşı, ATƏT-in Minsk Qrupu da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prosesdə səylərini bundan sonra da davam etdirəcək.


«Xalq Cəbhəsi» qəzetindəki «Rusiya niyə narahatdır?» başlıqlı məqalədə müəllif yazır ki, Qazaxıstan da Bakı-Tbilisi-Ceyhan layihəsinə rəsmən qoşulduqdan sonra yaxın perspektivdə transxəzər neft-qaz kəmərlərinin çəkilişi nəzərdə tutulur. Qonşu Rusiya isə bu ideyaya qısqanclıqla yanaşır və onun qarşısını almağa cəhd göstərir. Hətta Rusiya Xəzərin dibiylə neft-qaz kəmərlərinin çəkilişinin dənizin ekologiyası üçün təhlükəli olduğunu iddia edir. Bəs, əsl həqiqətdə qonşu ölkəni narahat edən nədir? Bu sualı cavablandırarkən politoloq Mübariz Qurbanlı deyir ki, transxəzər boru kəməri layihəsi beynəlxalq aləmdə qəbul olunmuş normalara uyğundur və ekoloji baxımdan da təhlükə törətmir. Onun fikrincə, transxəzər neft və qaz boru kəmərlərinin çəkilişinə Rusiyanın mənfi reaksiya verməsinin səbəbi sırf iqtisadi və siyasi maraqlarla əlaqədardır. Çünki kəmərlərin çəkilişi Mərkəzi Asiyanın neft və qaz ehtiyatlarının Rusiyadan yan keçməklə dünya bazarına çıxarılmasına əlverişli şərait yaradır.


«Bakı-Xəbər» qəzetindəki «Avropa Şurası «Ruşaylo seçki standartlarını» rədd etdi» başlıqlı məqalədə söhbət Avropa Şurasının Moskvada «Demokratiyanın gələcəyi» mövzusunda keçirdiyi Beynəlxalq Forumdan gedir. 46 ölkənin ictimai-siyasi xadimlərinin, o cümlədən AŞ PA prezidenti Rene van der Linden, baş katib Terri Devis, Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovun iştirak etdiyi foruma Azərbaycandan politoloq Eldar Namazov da qoşulub. Forumun maraqlı məqamlarından biri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun irəli sürdüyü təklifin taleyilə bağlı olub. Cənab Lavrov Avropa Şurasına demokratik seçki standartlarına dair yeni konvensiya hazırlamaq təklifini versə də, Avropa dövlətləri bir sıra əsaslı mülahizələrə söykənərək, təklifi qəbul etməyib. Müəllif yazır ki, bu, son illərdə Rusiyanın Avropa məkanında guya demokratik seçki prosedurlarını təkmilləşdirmək məqsədilə irəli sürdüyü ikinci uğursuz təklifdir.


XS
SM
MD
LG