Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:18

Tələbə-rektor: «Şortla professorun qarşısında oturmaq düz deyil»


Cavanşir Əsədov

Cavanşir Əsədov

-

İqtisad Universitetinin tələbələrinin artıq öz rektorları var. Tələbə-rektor düz bir il onların sözünü deyəcək.

Azərbaycan Dövlət İqtisad Universitetində fevralın 24-də keçirilən tələbə-rektor seçkisində 3 min 500 tələbə 15 namizəd arasında seçim aparıb. 601 səs çoxluğu ilə Biznes inzibatçılığı fakültəsinin II kurs tələbəsi Cavanşir Əsədov qalib gəlib. Tələbələrin təxminən 1/6-nin səsini qazanmasına baxmayaraq, AzadlıqRadiosuna müsahibəsində Cavanşir Əsədov hər bir tələbənin rektoru olmaq arzusunda olduğunu söyləyir. Gənc tələbə-rektor öz hisslərini belə anladır:

- Özümə inanırdım, amma gözləmirdim. Düzdür, çox əziyyət çəkdim, bəhrəsi olmalıydı. Amma cavablar elan ediləndə çox gözlənilməz oldu.

- Cavanşir, 14 namizədə qalib gəldiniz...

- Bəli.

- Sizin seçki platformanızda digər namizədlərinkindən fərqli nə vardı ki, daha çox sizə səs verdilər?

- Digər namizədlərdən fərqli olaraq, mən universitetin üç təbəqə tələbələrinə xitab etməyə çalışmışam; həm əlaçı, həm zərbəçi, həm də işləyən tələbələrə üz tutdum. Görünür, bu da onların xoşuna gəlib.

- Namizəd kimi vəd vermisiniz ki, tələbə parlamenti yaradacaqsınız. Universitet daxilində bu, necə olacaq?

- Bunu da tələbə-rektor kimi seçməyi planlaşdırıram. Hər fakültənin nümayəndəsi olacaq. Birbaşa mənə müraciət edə bilməyən tələbə seçdikləri fakültə nümayəndəsi vasitəsilə tələbə-rektorla təmasda olacaqlar. Biz tələbə parlamentində hər bir narazılığı, hər bir etirazı müzakirə edəcəyik. Əslində, ümid edirəm ki, heç bu narazılıqlar olmasın, çünki universitet daxilində struktur çox yaxşıdır. Ancaq fərdi innovativ təşəbbüslər ola bilər ki, biz bunları parlamentdə müzakirəyə çıxaraq. Sonra da təkliflərimizi rektora təqdim edəcəyik.

- Platformanızda «şəhər problemlərinin həlli» ilə bağlı bir vədiniz var. Siz şəhərin hansı problemini həll etmək istəyirsiniz- aşıb-daşan zibil qutularını, yağış yağanda suyu dizə çıxan kanalizasiya xətlərini, ya günün bütün saatlarında yaranan tıxacları?

- Biz bir layihədə iştirak etmişdik. Orda soruşdular ki, şəhər bu qədər gözəlləşir, bəs tələbələrin rolu nədir burda? Mən də sonradan bu sual üzərində düşündüm. Siz şəhərin gündən-günə gözəlləşməsindən başqa digər xırda şeyləri də görürsünüz, biz bunlara da təsir etməyə çalışırıq. Biz hər sahədə, hər bir inkişafda tələbələrin rolunu görmək istəyirik.

- Semestr imtahanları zamanı universitetlərdə rüşvət məsələsi gündəmə gəlir. Belə halla üzləşən tələbələrə necə kömək edəcəksiniz?

- İqtisad Universitetində imtahanlar test üsulu ilə keçirilir. Test üsulu ilə həyata keçirilən imtahanlarda pul keçmir. Oxuyan tələbə öz qiymətini alır. Amma hər hansı narazılıq yaransa, biz çalışacağıq ki, bunları həll edək.

- Belə fikirlər var ki, Azərbaycan təhsil müəssisələrində ödənişli təhsil qiymətinə adekvat deyil. Siz bu barədə nə düşünürsünüz?

- Platformamı əsasən Şərqi Avropa ali təhsil sisteminə uyğun hazırlamışdım, çünki Qərbi Avropa təhsili çox yüksək səviyyədədir, onlara çatmağa hələ var. Amma Şərqi Avropa ölkələrində İqtisad Universiteti kimi bir təhsil ocağında birillik təhsil haqqı 6000-7000 avrodur, Azərbaycanda isə 1500-2000 manatdır. Məncə, bu, Azərbaycan üçün kifayət qədər normal rəqəmdir. Tələbə kreditlərinin verilməsi vacibdir, bunun üçün də onlara kömək etməyə çalışacağıq.

- İqtisad Universitetinin tələbələrindən iki sual gəlib. Birində soruşurlar ki, «fəaliyyət imkanları universitetin Tələbə Gənclər Təşkilatının və Həmkarlar İttifaqının monopoliyasındadır. Universitetdə tələbələrin fərdi təşəbbüsü demək olar ki, yoxdur. Tələbə-rektor bununla bağlı hansı işi görəcək?».

- Tələbə Gənclər Təşkilatının və Həmkarlar İttifaqının, monopoliya deməzdim, hər birinin fəaliyyət istiqaməti var. Tələbə-rektorun fəaliyyət istiqaməti bir başqadır. Mən bütün universitet tələbələri ilə işləyəcəyəm. Bu təşkilatların üzvü olmayan tələbələr belə istədikləri məsələlərlə bağlı öz təşəbbüslərini ortaya qoya bilərlər.

- Digər sual isə belədir: «İsti havalarda tələbələr şort və sandalla universitetə buraxılmırlar. Tələbələrin rektoru bu məsələnin həllində tələbələrə kömək edəcək?».

- Hesab edirəm ki, şort və sandal universitet üçün deyil. Bizdə belədir ki, ayaqqabının arxası bağlıdırsa, demək, qaydaya uyğundur. Fikrimcə, şortla bir professorun, alimin qarşısında gəlib oturmaq düz deyil. Bu barədə heç bir çıxışımda vəd verməmişəm, amma ciddi bir problem kimi qaldırılarsa, universitet rəhbərliyi ilə birgə çarəsini tapmağa çalışarıq.​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG