Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:44

-

Nobel mükafatçısı Gabriel García Márquez-in arxivinin satış qiyməti açıqlanıb.

Türkiyənin «Hürriyet» qəzetinin yazdığına görə, Texas Universiteti Harri Ransom Mərkəzinin sözçüsü Márquez-in 10 romanının orijinalının daxil olduğu arxiv için 2.2 milyon dollar ödədiklərini söyləyib.

ARXİVİN ALIŞ QİYMƏTİ NİYƏ GİZLİ SAXLANILIRDI?

Ölümündən sonra Texas Universiteti noyabrda yazıçının şəxsi arxivini satın almış və «gələcəkdə baş tutacaq satınalmalara təsir etməmək üçün» miqdarı açıqlamamağa qərar vermişdi.

Amma bu ilfevralın 19-da Ədliyyə Nazirliyi işə qarışaraq universitetdən ödənən miqdarın açıqlanmasını istəmişdi.

ARXİVDƏ NƏLƏR VAR?

Yarım əsrlik bir dönəmi əhatə edən 2 min eksponatdan ibarət arxivdə 40-dan çox fotoalbom, iki «Smith Corona» yazı makinası, 5 kompüter və yarımçıq «Bir-birimizi avqustda görəcəyik» romanı var.

Arxivdə dünyanın müxtəlif ölkələrində 25 dilə çevrilən və 50 milyondan çox satılan «Yüz ilin tənhalığı» əsərinin orijinalı da yer alır.

Márquez-in Graham Greene, Milan Kundera, Günter Grass və Carlos Fuentes kimi yazıçılara göndərdiyi məktublar və yazıçının yaxın dostu Fidel Castro ilə bağlı sənədlər də arxivdə qorunur.

QISQANCLIQLA YANAŞDILAR...

Ötən il Márquez-in arxivinin Texas Universitetinə satılması Kolumbiya və Meksika tərəfindən narazılıqla qarşılanmışdı.

Márquez-in ailəsi isə Kolumbiya hökumətinin onu almaq üçün heç bir təşəbbüs göstərmədiyini, arxivin hərraca çıxarılmadığını, dünyaca ünlü ədəbiyyat arxivi olduğu üçün Ransom Mərkəzinə satıldığını bildirmişdi.

RANSOM MƏRKƏZİNDƏ KİMLƏRİN ARXİVLƏRİ QORUNUR?

Ransom Mərkəzi, 2005-ci ildə «Voterqeyt» dosyeləri üçün jurnalistlər Bob Woodward və Carl Bernstein-ə 5 milyon dollar, 2008-ci ildə Nobel mükafatçısı Norman Mailer-in arxivi üçün 2.5 milyon dollar və 2011-ci ildə Cənubi Afrikalı yazıçı J.M.Coetzee-nin arxivi üçün 1.5 milyon dollar ödəmişdi.

Harri Ransom Mərkəzində Jorge Luis Borges, William Faulkner, James Joyce, Samuel Beckett, Ernest Hemingway və John Steinbeck kimi XX əsrin ən önəmli yazıçılarının arxivi qorunur.

ARXİV HARADA SƏRGİLƏNƏCƏK?

Márquez-n şəxsi arxivi Harri Ransom Mərkəzindəki araşdırma kitabxanasında nümayiş etdiriləcək.

Márquez 2014-cü il aprelin 17-də 87 yaşında dünyayla vidalaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG