Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:04

Ekspert yaxın aylarda Azərbaycanda qiymət artımı və kasıblıq proqnozları verir


Arxiv fotosu

Arxiv fotosu

.

Martın 1-dən aksiz şamil edilən malların qiymətləri artacaq. Bu, Nazirlər Kabinetinin 29 yanvar tarixli 17 saylı qərarı ilə bağlıdır. Sənədə görə, yeni aksiz dərəcələri idxal edilən və vergiqoyuluşuna aid olan mallara şamil edilir. Yeni aksiyz qiymətləri aşağıdakı mallara tətbiq edilir:

Arpa pivəsi - bir litrə 1 manat,
Üzüm şərabı - bir litrə 2 manat,
80%-li spirt və 80%-dən az spirtli içkilər - bir litrə 2 manat,
Şampan şərabı - bir litrə görə 2,5 manat
Cin, viski, araq, likör - bir litrə görə 6 manat.
Siqaret və tütün məmulatları - qutuya təxminən 8 qəpik.

(Bunlar yeni aksiz qiymətləridir, ekspertlər bildirir ki, yuxarıdakı qiymətlər bəzi mallarda aksiz vergisinin indikindən 3 dəfə artır. Yeni aksiz dərəcələrini bütün mallar üzrə bu linkdən götür: http://www.azerbaijan-news.az/index.php?mod=3&id=60933)

Manatın ucuzlaşmasından sonra bir sıra istehlak malları, o cümlədən siqaret bahalaşıb. Martın 1-dən sonra siqaretin və digər aksiz şamil edilən malların qiymətlərinin artması yeni bahalaşma yaradacaqmı?

Məhəmməd Taılıblı

Məhəmməd Taılıblı

AzadlıqRadiosunun suallarına İqtisadi Təhlil İnstitutunun idarə heyətinin rəhbəri Məhəmməd Talıblı cavab verir:

- Aksiz hansı mallara şamil olunursa, o malların qiyməti qalxmalıdır. Həmin mallar çox istehlak olunan mallardır. Ona görə də həmin məhsulların qiymətinin qalxması qaçılmaz olacaq.

Ancaq onlarla bərabər digər malların da qiymətini qalxacaq. Həm də təkcə məhsulların deyil, xidmətlərin də qiyməti bahalaşacaq. Belə bir vəziyyətdə daha çox gözlənilən məqamlardan biri də odur ki, ümumiyyətlə hökumət kommunal xərclərin artımına da gedə bilər. Manatın devalvasiyasının həyata keçirilməsi də, bəzi qiymət artımları da daha çox məhz büdcənin yığım imkanlarının genişlənməsi üçün nəzərdə tutulub.

- Bundan sonra istehlakçılar hansı vəziyyətlə üz-üzə qalacaqlar?

- Bundan sonra istehsal bazarında vəziyyət daha da çətinləşə bilər. Devalvasiyanın təsir etdiyi əsas istiqamətlərdən biri də inflyasiyadır. Belə vəziyyətdə devalvasiya prosesləri eyni zamanda ölkədəki istehlak mallarının indeksinə təsir edəcək.

Bu isə o deməkdir ki, hətta gözlənilir ki, artıq inflyasiya ikirəqəmli həddə olacaq. İkirəqəmli həddə olması da o deməkdir ki, daha az qazanan vətəndaşların gəlirlərinin bir qismi də inflyasiyanın yeminə çevriləcək. Bundan sonra vətəndaşların gəlir səviyyəsi çətinləşəcək. Eyni zamanda bazarda gündəlik istehlak mallarına tələb də azalacaq.

- Manatın ucuzlaşmasından sonra bəzi məhsullarda qiymətlər qalxdı. Prezident isə bildirdi ki, ölkədə istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal edilir. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq. Prezidentin sözündən sonra bahalaşmış mallar yenidən əvvəlki qiymətə enəcəkmi?

- İqtisadi İnkişaf və Sənaye Nazirliyi yanındakı istehlakçıların hüquqları ilə məşğul olan departament əslində bu işləri indiyə qədər görməli idi. Qiymət qalxandan sonra onu saxlamaq çox çətin olur. Əslində o qiymətin qalxmasına rəvac verməmək lazım idi. Bir-iki gün gözləməkdə də məqsəd daha çox qiymətlərin artımına nail olmaq idi.

Bu gün açıq-aydın görürük ki, istər marketlərdə, istər bazarlarda qiymətlərin az da olsa artması müşahidə olunur. Bəzi məhsullarda isə 30 faiz artıb.

Amma hər bir halda, görünən odur ki, dövlət rəhbərinin çıxışı, yaxud bu istiqamətdə hökumət qurumlarının müvafiq tapşırıqları da bazardakı bu cür dəyişikliklərə təsir edə bilmir. İndiki halda bizdə dövlət qurumlarının bu sahədə effektiv fəaliyyəti olmadığı üçün vətəndaşlar əslində dövlət qurumlarından ciddi bir kömək gözləmirlər də.

Əslində başlı-başına buraxılmış bir bazar var. Bazarda da həmin qeyri-müəyyənlikdə, xaosda böyük gəlir əldə etməyə hazırlaşan spekulyantlar var. Bir də tamamilə müdafiəsiz buraxılmış istehlakçılar var. Belə vəziyyətdə də vətəndaşlar istismara məruz qalır. Dövlət qurumlarının funksionallığı isə açığı gözə dəymir.

- Manatın bundan sonrakı taleyi haqqında nə deyə bilərsiniz? Hazırkı vəziyyət nə qədər davam edəcək, bunun nəticələri nə olacaq?

- Neftin qiyməti qalxmayana qədər bu şərtlər altında açığı mart ayından sonra ölkədəki iqtisadiyyatda makroiqtisadi göstəricilərin çox ciddi pisləşəcəyini gözləyirəm. Xüsusilə də əmək bazarında gərginliyin yaranacağını müşahidə edə bilərik.

İmmiqrasiya prosesi sürətlənə bilər. Büdcə təşkilatlarında işləyənlərin kütləvi ixtisarı, o cümlədən dövlət idarəetmə sistemində işləyənlərin ixtisarı daha çox baş verə bilər. İndi hökumət mümkün qədər kəməri sıxacaq.

İri investisiya layihələri həyata keçirilir. Bu layihələr tamamilə kəsilməsə də, ortalama olaraq 7-8 milyard manatlıq investisiya layihələrindən bir hissəsini kəsmək məcburiyyətində qalacaq. Bu 2-3 milyard da ola bilər.

Ölkədə inflyasiya sürətlənəcək. Hər bir halda əvvəlki illərlə müqayisədə birmənalı olaraq hökumət böyük neft pullarına arxayın olaraq səmərəsiz xərclədiyi vəsaitləri bu vəziyyətdə artıq xərcləyə bilməyəcək. Çünki hökumətin də gəlir imkanları xeyli tükənib.

Azərbaycanın xarici borcları da müəyyən bir həddə yaxınlaşıb. Söhbət 6,3 milyard manatlıq xarici borcdan gedir.

İstehlak bazarında vəziyyət gərginləşib. Mən düşünürəm ki, mart ayından sonra ölkədə çox ciddi dəyişiklik əlamətləri hiss olunacaq. Deməzdim ki, qeyri-adi, böyük bir dəyişikliklər baş verəcək. Ancaq müsbət yöndə olmayan dəyişikliklər olacaq. Gəlirlərimiz də əvvəlki səviyyədə olmayacaq, bazarın tələbləri də dəyişəcək. Hər bir vətəndaş bazardakı neqativ təsirləri öz həyatında hiss edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG