Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:30

Taleh Xasməmmədovun anası: «Polislər elə bil pusquda dayanmışdılar»


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

-

«Üzümü prezidentə tuturam, xahiş edirəm ki, iki körpə balasını nəzərə alıb, bu dəfə onu həbs etməsinlər. Oğlumu qanunsuz saxlayıblar, üstünə şər atıblar».

Hüquq müdafiəçisi, keçmiş «vicdan məhbusu» Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova AzadlıqRadiosuna müsahibəsində belə deyib.

Taleh Xasməmmədov fevralın 24-də həbs olunub, xuliqanlıq maddəsi ilə barəsində cinayət işi başlanıb. DİN-in mətbuat xidmətindən apa-ya bildirilib ki, Taleh Xasməmmədov idarə etdiyi nəqliyyat vasitəsini düzgün park etmədiyi üçün Zahir adlı şəxs ona irad bildirib. Bu zəmində onlar arasında mübahisə düşüb və Taleh Xasməmmədov Zahirə müxtəlif bədən xəsarətləri yetirib.

«POLİSLƏR ELƏ BİL Kİ PUSQUDA DAYANMIŞDI»

Hadisəni gözləri ilə gördüyünü deyən ana Gülbuta Xasməmmədova isə olanları belə təsvir edir:

«Hadisə gözümün qadağında baş verib. Göyçayda mebel dükanından çıxırdıq, maşının qapısını açmaq istəyəndə bir qara kök oğlan Talehin üzünə tüpürdü, onun yaxasından yapışıb yıxıldı yerə, Talehi də yıxdı öz üstünə. Başladı qışqırmağa. Heç iki dəqiqə keçmədi ki, polislər tökülüşdülər, elə bil ki, pusquda dayanmışdılar. Təəccüblüdür ki, polis rəisinin müavini də gələn iki maşın polisin arasında idi».

DİN-in açıqlamasını həqiqətəuyğun saymayan hüquq müdafiəçisinin anası baş verənlərin yaxınlıqdakı kameraya da düşdüyünü iddia edir. Deyir ki, polis hadisənin digər şahidlərini də bölməyə aparıb:

«Bir-iki nəfər şahid də oldu, orada polisə yaxınlaşdı ki, «niyə bunu aparırsınız, durduğu yerdə o, bunun üzünə tüpürüb». Həmin adamları da polis maşına basdı, dedi ki, şöbəyə aparın. Apardılar ora, nə deyib-demədilərsə çıxanda onlar da «heç nə görməmişik, bilmirik» dedilər».

«TALEH BİLİRDİ Kİ...»

Gülbuta Xasməmmədova döyüldüyü iddia olunan Zahir adlı şəxsi tanımadıqlarını söyləyir. İddia edir ki, rayonda onun «üzəduran» olması barədə söz-söhbət gedir. Onu da deyir ki, Taleh özü son günlər hədəfdə olduğundan şübhələnirdi:

«Belə bir şeyin olacağını gözləyirdi. Ayın 8-i qızımın toyudur deyə, başımız qarışıqdır. Amma bir neçə gün əvvəl dedi ki, «ehtiyat edirəm, nəsə məni ilişdirmək istəyirlər». Ona haradansa xəbər çatdırmışdılar artıq».

Gülbuta Xasməmmədova baş verənləri oğlunun sosial şəbəkələrdəki fəaliyyəti ilə əlaqələndirir. Taleh Xasməmmədov Göyçayda baş verənlərlə bağlı tez-tez mətbuatda tənqidi çıxışlar edir. İki gün əvvəl isə o, Gəncədəki cəzaçəkmə müəssisəsində məhbusun intihar edəcəyi ilə bağlı məlumat yayıb.

«OĞLUMUN AZADLIĞINI İSTƏYİRƏM»

Fevralın 24-də gecə saatlarınadək Göyçay rayon polis şöbəsində olan, amma hətta oğlunun geyimini də ona çatdıra bilməyən Gülbuta Xasməmmədova vəkil də tutmadığını qeyd edir, ailənin maddi durumu buna imkan vermir.

Ailə üzvlərinin Taleh Xasməmmədovun hazırda harada saxlanması barədə də dəqiq məlumatları yoxdur. Gülbuta Xasməmmədova prezidentə müraciət edir:

«Prezidentdən xahiş edirəm ki, körpə balalarını nəzərə alıb bu dəfə tutmasınlar. Onun həbsi qanunsuzdur, üstünə şər atıblar. Ailədə heç kəs işləmir, imkansızıq. Bir evdə 15 nəfər yaşayırıq, o ev də bankda girovdadır. Oğlumun azadlığını istəyirəm».

Taleh Xasməmmədov bundan öncə, 2011-ci ilin noyabrında xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilmişdi. Göyçay rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Təxminən bir il sonra prezidentin əfv sərəncamına düşərək azadlığa buraxılmışdı. O vaxt beynəlxalq təşkilatlar onu «vicdan məhbusu» sayırdı.

Ailəlidir, iki qızı var.

XS
SM
MD
LG