Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:46

«Financial Times» manatın devalvasiyasını «utancverici» adlandırır


Manat

Manat

-

«Financial Times» qəzeti Azərbaycanın manatı 33 faiz ucuzlaşdırmasından yazır. Orta Asiya və Qafqaz üzrə müxbir Jack Farchy qeyd edir ki, bu sürpriz addım neftin qiymətinin düşməsinin ölkəyə vurduğu ziyanı çılpaqlığı ilə ortaya qoydu.

«Devalvasiya Azərbaycan hökuməti üçün utancverici geriləmə oldu. Hökumət aylardır təkid edirdi ki, neftin qiymətinin düşməsinə baxmayaraq, valyutanın sabitliyi saxlanacaq», - yazan müəllif neftin qiymətinin düşməsinin İlham Əliyev hökuməti üçün çətin bir sınaq olduğunu vurğulayır.

«Manatın devalvasiyası hökumətin neft gəlirlərini qoruyub saxlamaq tədbirlərindən biridir», - GPW risk konsultasiya qrupunun Orta Asya və Qafqaz üzrə təhlilçisi Livia Paggi deyir.

Hökumətin builki büdcəsi Neft Fondundan 15 milyard dollar xərcləmə nəzərdə tutur. Ancaq neftin barreli 50 dollara bərabər olduğu halda, fondun gəlirləri də ötən ilki 16.3 milyard dollardan 4.7 milyard dollara düşəcəkdi. Bunu iqtisadçı Qubad İbadoğlu söyləyir.

FT yazır ki, Azərbaycan xarici valyuta ehtiyatları və hökumət borcunun aşağı olması səbəbindən özünü neftin qiymətinin düşməsindən qoruya bilib. Devalvasiya isə, qonşu ölkələrin valyutasının da zəiflədiyini nəzərə alsaq, Azərbaycan sənayesinin rəqabətliyini artırmalıdır. Eləcə də ölkənin neft sənayesinin xərcləri azalacaq. BP yanvarda bildirib ki, ölkədəki işçi qüvvəsinin 8 faizini ixtisar edəcək.

«Ancaq bu təsirlər qısamüddətli ola bilər. Bu, birdəfəlik həll ola bilməz. Qazaxıstanda gördük ki, oxşar devalvasiyadan sonra əsaslı maaş və qiymət inflyasiyası getdi», - GPW-dən Livia Paggi belə deyir.

POSTSOVET İQTİSADİYYATLARINA PUTIN EFFEKTİ

«Bu il dünyada ən pis göstəricisi olan beş valyuta postsovet məkanına aiddir. Bu siyahıya hələ Rusiya rublu aid deyil. Valyuta devalvasiyası ölkələr üzrə fərqlənir, ancaq ümumi bir problem də var: Rusiyada iqtisadi böhran və işğalçı siyasət. Post-sovet ölkələri iqtisadi baxımdan yenə də bir-birindən asılıdırlar, hətta Moskva ilə münasibətləri xoş olmayanlar belə». Bunu Leonid Bershidsky «Bloomberg News»da yazır.

Moskvada valyutadəyişmə məntəqəsi

Moskvada valyutadəyişmə məntəqəsi

Müəllif ötən iki ayda ən çox düşən milli valyutalar sırasında rubl, gürcü larisi, Azərbaycan manatının olduğunu da vurğulayır.

«Azərbaycanın problemi neft ixracatçısı olmasıdır. 2011-ci ildən saxlanan manat məzənnəsi getdikcə baha başa gəlirdi... Rusiya bu ölkənin əsas ixrac bazarı olmasaydı, devalvasiya da belə kəskin getməzdi. Ötən il ixrac kəskin düşdü, üçüncü rübdə düşüş 30 faiz idi», - müəllif yazır.

«Regionun valyutaları düşməkdə davam edəcək. Təsəvvür edin ki, Avropa avronu qəbul etməsəydi və Almaniya valyutasını salmaqla ixrac rəqabətliliyini gücləndirsəydi, necə böhran baş verərdi. İndi belə bir böhranı izləmək üçün nadir imkan yaranıb. Avronu tənqid etmək yaxşı səslənir, ancaq bu valyuta avropalıları oxşar fəlakətlərdən qoruyur. Digər tərəfdən, postsovet ölkələrinin biri üçün valyuta şoku digərlərinə də şok yaradır».

AZƏRBAYCANIN OPTİMAL MÖVQEYİ

«Ukraynada böhran göstərdi ki, Rusiya enerji təchizatından asılılıq Avropa üçün necə risklidir. Azərbaycan üçünsə işə qarışmağa imkanlar yaratdı».

Xəzərdə neft platforması

Xəzərdə neft platforması

Bunu «Stratfor» təhlil mərkəzi yazır. «Cənub Dəhlizinin imkanlarını araşdırarkən» başlıqlı yazıda oxuyuruq ki, Azərbaycan Avropanın diversifikasiya arzusundan faydalanmaq üçün optimal mövqedədir. Bu ölkə artıq Rusiyadan yan keçməyi hədəfləyən Cənub Dəhlizi marşrutundan yararlanır, neft və təbii qazını Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri ilə nəql edir. Bu layihələr Bakını on ildir Avropa üçün etibarlı tərəfdaşa çevirib. Azərbaycan, həmçinin, «Şah Dəniz 2» yatağını istismar edir və bu yatağa çıxış üçün bir neçə konsorsium mübarizə aparıb.

Avropa Azərbaycanın Trans-Xəzər kəmərində iştirakını da genişləndirməyə çalışır. Bu kəmər Türkmənistanı Xəzər dənizi vasitəsilə Azərbaycana birləşdirə bilər. Azərbaycanın bütün qazı Trans-Adriatik kəmərinə hesablandığı üçün Avropa Birliyi gözünü ildə 80 milyard kubmetr qaz istehsal edən Türkmənistana dikib.

«Bütün bu imkanlara baxmayaraq, enerji layihəsinin seçimi üçün diplomatik manevrlər Azərbaycanı maliyyə və siyasi gərginliyə məruz qoyacaq. Bu proses zamanı Rusiyanı özündən çıxarmaq olmaz, Dağlıq Qarabağ münaqişəsi nəzərə alınmalıdır. Uzunmüddətli perspektivdə isə Azərbaycanın sabitliyi, Rusiya və Qərb arasında nisbətən balanslı xarici siyasəti ölkəyə və onun enerji perspektivlərinə fayda verəcək», - «Stratfor» yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG