Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:10

Sənin bu halallığın hamımızın axırına çıxacaq...


Hədiyyə Şəfaqət
Hədiyyə Şəfaqət

-

Özünü sonacan tox tutmağa, içindən keçənləri biruzə verməməyə çalışırdı. Çantanı alıb ikrahla jurnal masasının üstünə atdı.

Çanta incə şüşəyə dəyib sürüşdü, xalçanın üstünə, Akif müəllimin ayaqlarının altına düşdü...

Hədiyyə Şəfaqət

M Ə R C

(Hekayə)

İş tapa bildiyi günlərdə yorğun –arğın, amma şükr edə-edə qayıdırdı evə. Bəxtinə düşən qazanc bir azacıq çox oldumu, tindəki məhəllə marketinə baş çəkir, ailənin əsas ehtiyaclarını, bəzən isə uşaqlarına meyvə, konfet, şirə, peçenye alırdı. Arvadı onu danlayırdı:

-Bədxərclik eləmə, boş qalsan ehtiyac çəkəcəyik...

Evin bir küncündə oynayan, ya da masa ətrafına yığılıb axşam yeməyi gözləyən övladlarına tərəf günahkarcasına boylanırdı:

-Dəymə, onların tayları nələr yeyir...

- - -

Arvadı yenə unudub küçə işığını yandırmamışdı. Zəngin düyməsini basdı. Qapı açıldı, içəridən sızan dar işıq zolağı səkinin bir hissəsini aydınlatdı. Bu anda düz ayağının altındakı balaca dəri çantanı gördü. Küçəyə səpələnən zibilə bənzəmirdi, əlinə aldı, təp-təzə idi. Dalana boylandı, kimsə yoxdu. İçəri keçdi.

Balaca, dar dəhlizdən otağa keçdi. Bir küncdə uğaq çarpayısı, ortada yemək masası qoyulmuş otaqdan kasıbçılıq iyi gəlirdi. Bu iy ucuz yağda bişirilmiş yemək, nəmişlik, tərəvəz, bir az da küçə iyiylə arvadının arabir vurduğu köhnə ətrin iyinin qarışığıydı.

Çantanı çarpayının üstünə atdı, gödəkcəsini çıxarıb asdı, əvvəl qızını, sonra oğlunu öpdü, arvadına baxdı:

-Uşaqların yeməyini çək, gəlirəm

Hamama keçib əllərini yudu, üzünə-gözünə su vurdu, qayıtdı. Həyatda təsəlli aldığı yeganə şey harda olursa olsun axşam ailəsini başına yığaması, yatmamışdan qabaq onlarla oynaya bilməsi idi.

- - -

Yeməyini həvəssiz-həvəssiz qaşıqlasa da fikri Allah bilir haralardaydı. Son günlər vəziyyət yaxşı deyildi. Havalar soyuyandan bəri səhərdən axşamacan dayandığı qul bazarında iş kasadlaşmış, qazanc azalmışdı. Əliboş qayıdacağı, evin ən zəruri ehtiyaclarını ödəmək üçün dar günə yığıb saxladığı qəpik-quruşun da başını dağıdacağı fikri onu qorxuya salırdı. Həyat

baha idi, son günlər isə daha da bahalanmışdı. Qış da bir yandan qapını kəsdirmiş, uşaqlara isti paltar, ayaqqabı, heç nə alınmamışdı. Qızı tez-tez xəstələnirdi, yanından yel ötməmiş oskürməyə, qızdırmağa başlayırdı. Kirayə mənzil nəm çəkirdi, hava tutuldumu divarlardan su damır, yorğan-döşək kif iyi verirdi. Başqa ev tutmaq lazım gəlirdi. Amma necə? Sabaha umudu olmayan bütün insanlar kimi havada yaşayırdı. Bədə qalanda kəndə qayıdıb , tikintisi yarımçıq, bir otağı alayarımçıq hazır olan evinə sığınacaqdı. Amma oralarda nə edəcəkdi? Kəndin hay-hayı gedib vay-vayı qalmışdı. Dağ- dərə üstündə binə quran da peşman olurdu. İş yox, torpaq bərəkətsiz, ev-eşik yarımçıq. Yenə iş üçün harasa, kiminsə qapısına üz tutmalı, ya da bir çox həmkəndlisi kimi Rusiyanın bazarlarına, tikintilərinə üz tutmalı olacaqdı. Oralarda da vəziyyət gərginizydi, vuran-vurana, öldürən-öldürənəydi. Üstəlik alverdən filandan baş çıxarammazdı, alıb-aldatmaqda əli yoxuydu. Heç burda da bir iş tutdurammamışdı, zəmanə adamı deyildi, yaranışdan mayasına hallalıq çox qarışmışdı, bu yaşacan bu olmuşdu, bundan sonra da dəyişən deyildi.

- - -

Qadının fikri bayaqdan ərinin tapdığı çantanın yanındaydı. Qab-qacağı ortalıqdan yığışdırar- yığışdırmaz ərinin yadına saldı:

-Sən Allah, bax görək nə var bunun içində?

Əri yerindən tərpənməyincə özü əlini atıb çantanı götürdü, masanın üstünə, kişinin qarşısına qoydu. Qucağina dırmaşıb saçlarını qarışdıran qızını zorla özündən ayırıb çantanı qurdalamağa baıladı. Dəri evin istisində bir az yumşalmışdı, fikir verdi ki, xeyli də ağırdır . Əvvəl çöl ciblərini qurdaladı, boşdu. Ehtiyatla bəndini çəkdi, diksindi:

-Bunun içində pul var!

Qadının içindən bir gizilti keçdi, gözləri parıldadı, ürəyi bərk-bərk döyünməyə başladı. Çantanı ərinin əlindən aldı, düz deyirdi, bir qoma pul səliqəylə dəstələnib çantaya yerləşdirilmişdi. Pulu çıxardı. Şaxlı əlliliklər, yüzlüklər əlinə sığışmayıb dağıldı, xışıltıyla müşəmbə süfrənin üstünə yayıldı. Qadın ömründə bu qədər pul görməmişdi. Çevrilib oğlunu qucaqladı:

-Allaha qurban olum! Bizim də üzümüzə gün doğdu! Görürsən nə qədərdir? Hər şeyimizə bəsdir, hər şeyimizə!

Uşağı qucağına götürüb bir də bağrına basdı, yerə qoyub bu dəfə qızını aldı qollarına, sevincindən havalanmış kimi kiçik otaqda fırlanmağa başladı:

-Gör nələr alacam sənə, gör nələr alacam! Ayaqqabı, paltar, qırmızı palto alacam qızıma, kimdə görürəm ürəyim axır...

-Pulu qaytarmaq lazımdır!

Gülüşü üzündə dondu, qolları boşaldı, gözləri bir anda yaşla doldu, qarşısındaki hər şey bir-birinə qarışdı. Qizcığaz sürüşüb anasının qucağından düşdü. Qadın ərinə yaxşı bələddi, ta

binədən ərinə kənddə-kəsəkdə “Halal Rafiq” ləqəbi qoşulmuşdu, dünyanın varı-dövləti olaydı, onun dərdinə dərman olsa çevrilib baxmazdı. Gəlinciyini əlindən buraxmaq istəməyən uşaq kimi ayaqlarını yerə döydü, özü də hiss etmədən səsini yüksəltdi:

- Rafiq, dəli olmusan Rafiq? Nə danışdığını bilmirsən heç? Allah üzümüzə baxıb, ehtiyacdan qurtarıb bizi, necə yəni qaytarmaq lazımdır?

Söylədiyi sözlər ona az göründü, masanın üstünə səpələnmiş əskinasları ovucladı:

-Rafiq, qurban olum Rafiq, aglını başına yığ! Ölürsən işləməkdən, ölürsən! Nə zamansa bu qədər pulun olub? Olacaq? Olmayacaq!

Kişi sakit idi:

-Heç kim başqasının qismətiylə kişi olmayıb, elə mən də!

Qadının üzü rəng verib rəng aldı:

-Bəsdir, bəsdir, bir mənə bax, bir uşaqlarına bax! Sən kimdən əskik kişi olmusan indiyəcən, amma yaşadığımız günə bax! İndi hər şey pulun başındadır, indi sən deyən zəmanə deyil!

Rafiq yavaş-yavaş səsini qaldırırdı:

-Mənə nə zəmanədən?

Qadın bu dəfə öz sinəsinə, dizlərinə döyməyə başladı, gözləri böyüyüb hədəqəsindən çıxdı, Rafiq ömründə onu bu halda, bu vəziyyətdə görməmişdi, arvadının çiynindən basıb kətilə basmaq istədisə də, qadın dəli kimi çırpınıb ərinin əlini itələdi:

-Sənin bu halallığın hamımızın axırına çıxacaq, hamımızın!

Qan beyninə vurdu. Heç zaman arvadını bu cür görməmişdi, heç zaman qadını ona səsini yüksəltməmiş, heç zaman qınamamışdı. İrilənmiş gözlərini qırpmadan əli necə qalxdı, qadının üzündə necə açıldı, heç özü də bilmədi:

-Özünə gəl Nisə, özünə gəl!

Qadın ərinin qəfil hərəkətindən dondu, əlini sifətinə apardı, üzü təzə açılmış sillənin təsirindən od kimi yandı . Rafiq sərt bir hərəkətlə əlini atıb arvadının qolundan yapışdı, sıxdı:

-Qulaq as, bu özgənin puludur, nə bilirik hansı dərdiyçün yığıb, qaytarmaq lazımdır, eşidirsənmi? Özünə gəl...

Çantanın açılıb tökülməsiylə qapısı-pəncərəsi bağlı kiçik otağa dolan tufan bir anda susdu. Kişi ayaqları gücdən düşüb əsirmiş kimi yenidən kətilə çökdü:

-Bir düşün, o yığdığın qəpik-quruşu itirsəydin neyləyərdin? Ama bu heç qəpik-quruş da deyil..

Qadın burnunu çəkib göz yaşlarını geri qaytardı, anlayırdı ki, indi inciməyin, küsməyin, ağlaşma qurmağın yeri deyil, nəsə eləmək, nəsə söyləmək, ərini fikrindən daşındırmaq lazımdır:

-Rafiq, ağlını başına yığ, bu boyda pulu kim qaytarar?

Qısa kəsdi:

-Qaytaracam, mən başqası deyiləm! Nə bilirsən hansı zulumla qazanılıb, nə dərdə veriləcəkmiş? Lap elə kefindən ötrü xərcləyəcəkmiş, bundan bizə nə, qaytarmaq lazımdır

Sakitcə pulu dəstələməyə başladı:

-Saymaq, bilmək lazımdır nə qədərdir...

Kətilə çökdü, inana bilmirdi ki, əri şax-şax edə-edə sayıb dəstələdiyi bu qədər pulu kiməsə qaytaracaq. Amma Rafiqin üzünə baxmaq kifayət idi ki, bu qərarından dönməyəcəyini anlasın. Əskinaslar dəstələndikcə qadın sanki əriyib kiçilir, əlaqcsızlıqla gözünün yaşını silirdi.

Rafiq işini bitirib susdu, gözünü qadının başı üstündən uzaqlara zillədi:

-İyirmi min, düz iyirmi mindir-bir an susub nəzərlərini arvadına zillədi- Xəlil kişiyə demək lazımdır, ondan xəbər ala bilərlər

Qadın gözünün yaşını barmaqlarının ucuyla yanağının bir tərəfinə sıyırıb içini çəkə-çəkə dilləndi:

-Xəlil dayı qalmaz indiyə, axşamdan dükanı tapşırıb gedir.

Əlliliklərin, yüzlüklərin sayını səliqəylə telefonuna qeyd etdi:

-Kimsə çıxsa soruşub dəqiqlışdirmək lazımdır

Qadın son dəfə bəxtini yoxlamaq istədi:

-Rafiq, qurban olum, yüzcə manat götür, uşağa velosiped alarsan, onsuz da adamın onca pulunu qaytarırsan

Arvadının səsindəki yanğı, əlacsızlıq ürəyini sızlatdı, özünə çəkib sinəsinə sıxdı, kobud barmaqları qadının saçlarında gəzib üzundə dayandı, kipriklərinin dibində muncuqlanmış göz yaşını sildi:

-Bağışla, amma belə eləmə, sən ki, məni tanıyırsan? Velosipedi də özüm alaram...

- - -

İlk dəfəydi səhər küsülülər kimi oyandılar, qadın qaş-qabağını tökməkdən başqa üsyan yolu görmürdü, Rafiq içi-içini yesə də qərarında qəti idi. Bir stəkan çayını da tələsik içdi, evdən çıxhaçıxda bərk-bərk tapşırdı:

-Bu gün evdən tərpənmə, bunları da küçəyə buraxma-anasının qucağından əllərini ona uzadan qızının saçlarını qarışdırdı-qonşunun uşaq-muşağı gələr arxalarıyca, camaatın pulu gedər, xəcalətli olarıq...

Qadın istədi desin ki, nə fərqi var, özgənin puludur, özgəyə gedəcək, özünü saxlayıb dillənmədi.

Tindəki dükan təzə açılmışdı, Xəlil kişi içəridə yır-yığış edən satıcıya göz qoya-qoya səhər çayını içirdi, Rafiqi görüb ayağa qalxdı, əl tutuşdu, yer göstərdi:

-Otur bir çay iç

Plastik kətili çəkib oturdu, dükanın o başına çay dalıyca gedən satıcının dalıyca baxıb Xəlil kişiyə tərəf əyildi:

-Bir iş gəlib başıma, ümüdüm sənədir

Xəlil kişi oynaq gözlərini ona zillədi:

-Ehtiyacın var?

Bu sualı gözləmirdi, bir-iki dəfə işsiz qalıb dükandan nisyə alver eləmiş, hələ üstəlik borca pul da almışdı Xəlil kişidən. Bilirdi ki, nisyə dəftərində yenə də adı var, qabağında bir xeyli borcu da olmalıdır. Qızardı:

- Yox, başqa məsələdir. Axşam pul tapmışam. Düz qapımın ağzından. Sən həmişə buralardasan, soruşan soraqlayan olsa sənə dəyəcək, bil ki, məndədir.

Kişi stəkanını kənara qoyub nəlbəkini oynatmağa başladı:

-Barı əməlli-başlıdır?

-Hə-başını tərpətdi

-Kimdir sən tapanı bilən, xərclə getsin...

Kişinin sözünü kəsdi:

-Qaytarmaq fikrim olmasaydı heç yanına gəlməzdim ki. Dünən axşam tapmışam, bəlkə də sahibi bu gün çıxdı, bil ki, məndədir...

Xəlil kişi onu ürəkləndirmək istədi:

-Qardaşoğlu, Allah yetirib, onun da haqqi-ədaləti beləymiş, görür, ehtiyacın var, xərclə getsin, mənə də heç deməmisən, uzaq başı bir qonaqlıq alaram səndən, unudarıq gedər.

Ayağa qalxdı:

-Sahibi tapılsın, qonaqlığını ondan alarsan...

Xəlil kişi başını buladı:

-Belə yerdə deyiblər də... Yaxşı, de görüm nə qədərdir?

-Yox, incimə, onu deyəmməyəcəm, kim itiribsə hər halda qədərini də bilir.

Dükandan çıxhaçıxda dönüb Xəlil kişiyə səsləndi:

-Sahibi tapılan kimi mənə zəng elə, evə göndərmə...

- - -

Axşamacan qulağı telefonda qaldı. Bir xəbər yoxdu. Günortadan sonra dözmədi, özü ağsaqqala zəng elədi, gələn-soraqlayan olmamışdı. Axşamın qaranlığında ayaqlarını sütüyə-sürüyə marketə dəydi, içəridə satıcısına kömək edən qoca ona uzaqdan-uzağa başını yellədi, bir xəbər çıxmamışdı.

Arvadının onu həmişəki kimi qarşılamamasından anladı ki, bağışlanmayıb. Elə özü də evə özgə adam kimi girdi, sanki tapılan pul evin havasını dəyişmişdi. Süfrəyə otursa da yeyə bilmədi, boğazı tıxanmışdı. Üstəlik arvadının axşamkı dəli sevincini, uşaqların qorxaq baxışlarını düşündükcə ürpənirdi.

- - -

... Növbəti həftə də pulun sahibindən soraq çıxmadı. Arvad-kişi bu haqda danışmır, özlərini heç nə olmamış kimi aparırdılar. Nigarançılıq Rafiqi didib -dağıdırdı. İndi üstəlik hamıdan ehtiyatlanmağa başlamışdı. Qorxurdu ki, Xəlil kişi özünü saxlayammaz, hardasa pul barədə danışar , kimsə hiylə işlədər, pulu götürər. Arvad-uşaq səksəkəli olmuşdular, Rafiq evə qayıtmamış heç çörək almağa da çıxmırıdlar. Bir səhər arvadı doldu, dilə gəldi:

-Rafiq, hamımızı dustaq eləmisən, nə yediyimiz bilinir, nə yatıb oyanmağımız, günümüz zəhər olub, bir yolunu tap, o pulu rədd elə evdən..

Qadın haqlıydı. Amma düşünüb bir tərəfə çıxarammırdı, bunca pulu harda gizlədəcəkdi? Neyləyəcəkdi? Özüylə Qul bazarına aparıb gətirməyəcəkdi ki? “Bəlkə banka verim?”-düşündü. Ağlına batdı, bu daha yaxşı qərar idi, sahibi nə zaman çıxarsa asanlıqla qaytaradı.

Xəlil kişiylə məsləhət eləmək istədi, ağsaqqal daha öyüd-nəsihət vermədi, amma zarafatından da qalmadı:

-Düz edirsən, qoy banka , onsuz da sahibi ilim-ilim itib, elə onun faizi sənə bəsdir, aydan-aya alıb xərclərsən, bu da sənə halalıq...

- - -

Səhər telefonun səsinə oyandı, əvvəl elə bildi xəbərdarlıq zəngidir, əlini uzadıb söndürdü , amma zəng təkrar olundu. Yuxulu gözləriylə nömrəyə baxdı, Xəlil kişiydi, yerindən dik atıldı. Qoca səhərin bu vaxtında onu ancaq bir şeyə gorə axtara bilərdi.

Tələsik geyinməyə başladı:

-Deyəsən pul itirənlər üzə çıxıb...

Arvadi yerindən qalxa-qalxa donquldandı:

-Canımız qurtarsaydı bir bu zibildən! Özgəyə var güdürük...

Xəlil kişi onu gözlədiyi xəbərlə, bir az da hay-küylə qarşıladı:

-Vallah kişi adamsan sən! Gözün aydın, pulunun yiyəsi tapılıb-bu “pulunun” kəlməsini xüsusi vurğuyla dedi həm də- dünən axşam gəlib soraqlayıblar, gecə evə zəng

eləmişdilər, biləndə pul bizdədir-bu “bizdədir” sözünü də xüsusi vurğuladı, yani “məni unutma haaa...”- yaman təəccübləndilər. Nömrə qoydular, dedilər zəng eləsin...

Rafiqin həyəcanı keçməmişdi:

-Sevindilərmi, dedilərmi nə zaman gəlib aparacaqlar?

-Qardaşoğlu, kim sevinməz? Zəng edəcəksən, özləri deyəcəklər yəqin qalanını...

Bic-bic gülümsədi dalıyca:

-Pul da deyəsən bir xeyli var, elə görünürdü...

Rafiq özünü qanmazlığa qoydu:

-Var bir az, elə də çox deyil, nə olub ki?

Xəlil kişi nömrə yazılmış kağız parçasını ona uzatdı:

-Di götür zəng elə, ürəyimiz üzüldü

Nömrəni yığdı, iki dəfə çağırmamış kiminsə yuxulu səsi cavab verdi:

-Alo, eşidirəm...

Rafiqin səsi əsirdi:

-Mən pula görə zəng eləmişəm..

Səs bir az susdu, sanki söhbətin nədən getdiyini xatırlamağa çalışırdı. Rafiq ona kömək eləmək istədi:

-Pulunuzu tapmışdım

Adam birdən ayıldı, səsi gümrahlaşdı:

-Həəə! Allah razı olsun səndən. Kişi adamsanmış!

Rafiqin tərif qəbul edəcək halı yoxuydu, telefondakının sözünü kəsdi:

-Bilirsiniz hardayam, gəlin götürün

Adam səsinə toxtaqlıq verdi bu dəfə, bir az da ərkyana dilləndi:

- Amma bir xahişim var, xəstə adamam, gələ bilməyəcəm, adam gondərsəm özün gətirərsənmi? Səni də tanımış olaram. Mümkündürmü?

Səbrlə cavab verdi:

-Amma belə olmaz, deməlisiniz pul nə qədərdir, necə pullardır?

O başdaki səsin sahibi şaqqanaq çəkib güldü, gülüşünün səsi Rafiqin beyninin içindən keçdi, heç xəstə adamın gülüşünə oxşamırdı, ciddiləşdi:

-Deməsəniz verəmmərəm, bəlkə heç pulun sahibi siz deyilsiniz?

Gülüşünü yığışdürdı o başdakı adam. Ötkəm bir səslə pulun qədərini, sayını bitdə - bitdə Rafiqin qulağına oxudu:

-Düzdür?

-Düzdür...

-Nə götürüb xərcləmisən, halal xoşun olsun

Yadına arvadının üzündə açılan sillə düşdü. Bayaqdan mədəni-mədəni “sizli-bizli” danışdığını unudub bozardı:

-Heç bir manatına da dəyməmişəm, necə var, durur, qaytaranda sayarsan..

Telefondakı adam bunu hiss elədi:

-Bağışla sən Allah, indi belə adam hardadır? Sağ ol. Maşın göndərəcəm axşam üstü, gələrsən, qaytararsan, hörmətini edəcəm...

Rafiq telefonu qulagından ayırıb bir müddət key-key ekrana baxdı. Nə axtarırdı ekranda? Telefonu cibinə qoydu. Pərt olmuşdu, pul sahibinin danışığı xoşuna gəlməmişdi. Xəlil kişi qırımından anladı:

-Dünya belədir də, qardaşoğlu, bəs mən nə deyirdim?

Pərtliyini gizlətməyə çalışdı:

-Qaytarım getsin...

-Amma yenə özləri gəlib götürsələr yaxşıydı, sən niyə gedəsən, sonra başına...

- Adam xəstədir. Həm də nə olacaq, tutub döyməyəcəklər ki, onca pul qaytaran adamı..

Xəlil kişi sözünü ağzından aldı:

-Sən Allah nə qədər pul tapmışdın?

Sahibi tapılmışdı, daha söyləmək olardı:

-Iyirmi min

Xəlil kişi bu qədərini gözləmirdi:

-Vay sənin...! İndi bu qədər pulu qaytaracaqsan?

Kişinin üzünə bir qəribə cür baxdı. Daha bu sualın yeri deyildi...

Marketdən çıxıb evə qayıtdı, çay dəmlətdi arvadına, oturub iştahla yeməyini yedi, durub yataq otağına keçdi:

- Bu gün işə getməyəcəm, gələrlər evdə olmaram, bir də məni gözləməsinlər...

- - -

Axşamüstü, şərtləşdikləri vaxtda qapı döyüldü. Qadın ərinin üzünə baxdı. Rafiq bu baxışlardan qorxdu, qəribə bir peşmançılıq, qəribə bir qəzəb vardı baxışlarında. Gözünü yayındırdı, bilirdi ki, bir də bu evdə o qədər pul olmayacaq, bir də o qədər pul görməyəcəklər, bir də heç belə itik tapan da deyillər. Bilirdi ki, arvadı bunu bağışlamayacaq, amma ömrü boyu üzünə də gəlməyəcək. Bilirdi ki, hər dəfə qapını ehtiyac döyəndə hər ikisi, hələ bəlkə uşaqlar da bu günü xatırlayacaqlar.. Bir gizilti keçdi, düz hərəkət etdiyinə əmin idi, amma yenə də nəsə qırılmışdı içində. İndi anladı ki, əslində bu günlər uzunu özü də pulun sahibinin tapılmamasını arzulayırmış...

Qapı bir də, bu dəfə daha bərk döyüldü . Rafiq əliylə arvadına işarə elədi, “götür uşaqları keç içəri”. Qadın səssizcə qızını qucağına götürdü, yataq otağına girib oğlunu yanına çağırdı, qapını örtdü. Nə qədər asta örtülsə də Rafiqə elə gəldi ki, arvadı o qapını ərinin üzünə çırpdı...

Astanada iki yekəpər, geyimli-keçimli gənc dayanmışdı. Onlardan biri gorünüşünə yaraşmayan asta nəzakətlə dilləndi:

-Rafiq müəllim sizsiniz?

Rafiq qımışdı:

-Rafiq mənəm, amma müəllimsiz..

-Bizi Akif müəllim göndərdi, sizinlə danışıb, pul üçün...

Rafiq pulun dalısıyca gələn adamların görünüşündən şübhəyə düşdü:

-Akif müəllimə zəng edin, özü desin

Gənc yenə nəzakətlə gülümsədi, nömrəni yığdı, o tərəfdən səs çıxar-çıxmaz özünü yığışdırdı:

-Akif müəllim, Rafiq müəllim əmin olmaq istəyir ki, bu sizsiniz

Yenə səhərki gülüşün səsi gəlib Rafiqin qulaqlarına doldu, əti çiyrəndi. Gənc telefonu Rafiqə uzatdı, həmin adam idi:

-Narahat olmayın, bizim uşaqlardır, çantanı götürün gəlin

Rafiq “çanta” sözündən pulun həqiqətən bu adamın olmasına inandı, birdəncə düşündü ki, heç getməsin, görməsin, tanımasın bu adamı, pulu eləcə göndərdiyi adamlara verib göndərsin. Amma tez də fikrindən daşındı, daha bunun burasında nə olacaqdı ki?

Adamları qapı ağzında qoyub içəri qayıtdı, masanın üstündən çantanı götürdü, gödəkcəsini əlinə aldı. Yataq otağının qapısını aralayıb arvadının üzünə baxmadan mızıldandı:

-Mən gedirəm, qayıdaram bir azdan. Geciksəm evə çörək alın...

Küçəyə çıxan kimi səkiyə yaxın saxlanmış maşının qapısı qarşısında açıldı. Gənclərdən biri eyni nəzakətlə qapını saxlayıb əyləşməyini gözlədi. Rafiq unqundu, təkcə elə bu maşının yarım milyon qiyməti olardı...

- - -

Ev uzaqdaymış. Şəhər kənarında yenicə peyda olmuş villaların arasıyla bir xeyli getdilər. Rafiq anlayırdı ki, hər kimdirsə çox varlı adama ilişib. Ürəyindəki səksəkəni sakitləşdirirdi. Belələrini az görməmiş, qapılarında az işləməmişdi, insaflısı da vardı, qəddarı da, adama nə istəsəydilər edərdilər. Amma o nə etmişdi ki? Tapdığı pulu qaytarırdı . Amma niyə bu adamın qapısına gedirdi? Niyə onu bura çağırmışdılar? Bəlkə minnətdarlıq, bəlkə bir-iki manat sədəqə üçün? Yox, o heç bir qəpik də götürən deyil.. Bəlkə götürsün? Velosiped alar oğluna, bu lənətə gəlmiş velosiped gözünün qabağından çəkilmirdi. Yox, lazım deyil, özü işləyib alar..

Bəlkə ona tamaşa edəcəklər, “görün indiki zamanada necə axmaqlar var” deyib güləcəklər... Bəli, məhz axmaq, bilirdi ki, yarım milyonluq maşının sahibi ona başqa ad qoymayacaq, daha durub deməyəcək ki, ə, nə halal adamsan sən!

Maşın dəbdəbəli bir darvazanın qarşısında dayandı, darvaza tayı avtomatik açıldı. Həyət göründü, maşın içəri girdi. Həyətdə gül-çiçək, yaşıllıq boy-boy uzanırdi, bağçada rəngbərəng çiçəklərin sanki nə payızdan, nə soyuqdan xəbəri vardı. “Pul belə şeydir, qışı da geri qaytarır ”- düşündü Rafiq. Maşın dayandı, sürücü düşüb qapını açdı onun üçün. Sonra arxasıyca gəlməsini işarə elədi, həyətin o başındakı nəhəng villaya sarı getdilər. Giriş otağının qapıları öz-özünə açıldı. Rafiq belə evlərdə çox işləmişdi, amma hazırını, yaşananını görməmişdi. Utanırdı, başını aşağı salmışdı, bayaqkı qururundan əsər-əlamət qalmamışdı, gözü ayaqqabılarına sataşdı, çox köhnəlmiş, bozarmış ayaqqabılar səkiyə döşənmiş yaraşıqlı daşların üstündə çox miskin görünürdü. Gəldiyinə ikinci dəfə peşman oldu.

Böyük salona ayağını atar-atmaz çox tanış, illərin o üzündə ilişib qalan tanış səs qulaqlarını dəlib keçdi:

-Ay kişi, ay halal kişi, gəl çıx da!

Səsin sahibi qarşısında peyda oldu, bir basımda onu qucaqlayıb bağrına basdı:

-Heç dəyişməmisən deyirəm, balam, hamı dəyişdi ayrı adam oldu, sən elə busan ki, bu da!

Tanıdı. Kənddə qonşuluqda böyümüşdülər, bir sinifdə oxumuşdular, hələ müharibənin qızğın zamanında bir-birinə qoşulub cəbhəyə də getmişdilər. Osman idi, uşaqlıq dostu.. Sonra Osmanin ana-atası gəlib çıxarıb aparmışdılar oğullarını müharibədən, o isə sona kimi döyüşmüşdü, atəşkəsə bircə həftə qalmış yaralanmış, aylarla qospitallarda sürünmüşdü, qayıdıb kəndə gələndə Osmangil yoxdular, evli-eşikli köçmüşdülər kənddən, əlaqələri kəsilmişdi…

Neçə illik dostunu görəndə sevindi, ürəkləndi, təəccüblənmək ağlına da gəlmədi. Osman bir az kobudluqla, bir az ərklə qolundan yapışıb divana dartdı onu:

-Gəl, gəl əyləş, necədir, xoşuna gəlir?

Oturdular, Rafiq gördü ki, tək deyillərmiş, dairəvi divanın bir tərəfində elə onlarla yaş üçüncü bir kişi oturub, acıqlı-acıqlı onlara baxır. Rafiqin salamına əhəmiyyət də vermədi. Osman əlini həmin adama uzatdı:

-Bax Rafiq, bu da həmin adam, pulun sahibi..

Adam boş və soyuq nəzərlərlə Rafiqi başdan-ayağa süzdü:

-Gətirdin pulu?

Bu adamın səsinin tonu uşaqlıq dostunun sevinci ilə heç uyuşmurdu. Dişini dişinə sıxdı, əlindəki çantanı divanın qarşısındakı kiçik jurnal masasının üstünə qoydu, içindəkiləri boşaltdı, şax pullar hamar şüşənin üstünə Rafiqin süfrəsinin üstünə tökülərkən çıxartdığı səsdən fərqli səslə yayıldı...

-Saya bilərsiniz, hamısı buradadır

Adam üzünü yana çevirdi:

-Gərək deyil, düz olar...

Osman Rafiqin pərtliyini sezdi, yanında əyləşib əlini çiyninə qoydu:

-Sən ona bənd olma, kefi pozulub, mən indi özüm sayaram...

Sonra yenidən kişiyə sarı çevrildi:

-Unutma, şərtimiz belə idi, manatbamanat düz olmalıdır...

Rafiq bir şey anlamırdı, qulaqlarında qıribə bir küy gəlib-gedirdi. Osman səbrlə pulları sayıb dəstələməyə başladı. Sonuncu əskinası pul topasının üstünə qoyar-qoymaz adama baxıb göz vurdu:

-Düpbədüz! Nə demişdim sənə? Davay, səni də gorək..

Adam boz nəzərlərini bir anlıq Rafiqin üzündə saxladı, baxışları ilan kimi adamın gözünün içinı çalırdı. Osman susmaq bilmirdi:

-Akif müəllim, şərtimiz belə idi, mən dedim axı sizə?!

Rafiqə pulun sahibinin Akif müəllim olduğu deyilmişdi. Amma onunla telefonda danışan adam Osman imiş. “Ola bilər, dostdurlar”-düşündü Rafiq. Bu Akif müəllim nəinki gülməyi, hec sifətinin daş ifadəsini dəyişməyi bacaran adama oxşamırdı.

Adam sifətini turşudub əlini pencəyinin qoltuq cibinə apardı , oradan balaca, uzunsov kitabça çıxardı, bir vərəq ayırıb nəsə yazdı, cırıb Osmana uzatdı. Osman vərəqi alıb baxdı, qəribə bir uşaq şıltaqlığıyla öpüb gözünün üstünə qoydu, qarşısındakına acıq verirmişcəsinə:

-Allah bərəkət versin!-dedi.

Rafiqin bir şey anlamadan gah ona, gah buna key-key baxır, əlini ayağını qoymağa yer tapmırdı..

Osman qalxıb bara getdi, qədəhlərə qırmızı şərab süzdü. Birini Akif müəllimə, birini Rafiqə uzatdı. Bir yandan da üyüdüb tökürdü:

-Qardaşağa, oturmuşduq bu müəllimlə, sohbət dolandı gəldi halallığa. Akif müəllim dedi ki, indi halal adam yoxdur, mən dedim var, o dedi yoxdur, mən dedim var! Atamın qəbri haqqi, sənə arxayın olub deyirdim. Sonra söhbət böyüdü, gördüm inandıra bilməyəcəm, sən düşdün yadıma, kəndə soraşıq elədim, dedilər şəhərdəsən, başladım burda axtarmağa, xülasə tapdırdım səni, indi adam tapmağa nə var? Və buyurun Akif müəllim-bunu deyə-deyə ona sarı döndü- halal adam qarşınızdadır!

Rafiq sir-sifəti get-gedə qaralırdı. Uşaqlıq dostunun gəvəzəliyi ürəyini sıxır, bu “haram-halal” söhbəti heç xoşuna gəmirdi...

Osman masanın üstündəki pulları yenidən çantaya doldurdu, Rafiqin qarşısına qoydu:

-Bunlar da sənindir qardaş, halal-halal xoşun olsun!

Rafiq bir şey anlamadı, çantanı dala itələdi:

-Mən pulu sahibinə gətirmişəm, saxlayasıydım daha niyə qaytarırdım ki?

Osman şaqqanaq çəkdi:

-A kişi götür pulunu, Akif müəllimə bir şey olmaz!

Rafiq donmuş gözlərini divanın o biri ucunda oturub ayaqlarını üst-üstə aşırmış, onları nifrətlə süzən adama çevirdi. Osman əlini-əlinə vurub şaqqanaq çəkdi:

-Balam, dəyişmədin də sən! Üstəlik də haldan anlamaz adam olmusan. Qoy səni başa salım. Bizim Akif müəllimlə şərtimiz belə olub ki, mən udsam o pul sənə çatacaq. Sən bu kişinin pətliyinə bənd olma, o uduzduğu yüz minin dərdindədir-belə dedi və kişinin nəsə yazıb ona verdiyi kağızı Rafiqin qarşısında tutdu:

-Bax, burada yazılıb-yuz min! Bank çekidir. Yuz mindən mərc gəlmişdik. Əgər sən bu pulu qaytarmasaydın indi mən uduzmuşdum, o sevinirdi.

Əlindəki şərabdan bir qurtum aldı:

-Amma mən bilirəm nədən mərc gələrlər, Akif müəllim!

Rafiq ayağa durdu, ürəyinin səsi qulaqlarında guppuldayırdı. Səndələdi. Osman onunla bir qalxdı:

-Gedirsən?

Yumruğunu düyünlədi. Osman vəziyyətin dəyişdiyini anladı, səsinin laqeyd yerinə saldı:

-Yaxşı, uşaqlara deyim səni aparsınlar.

Anlamışdı uşaqlıq dostunun səssiz qəzəbini, tələsir, məsələni qanqaraçılıq düşmədən yoluna vermək istəyirdi. Dəri çantanı əlinə aldı, Rafiqə uzatdı:

-Götür bunu, hələ heç kim təkcə halallığa görə bu qədər pul qazanmayıb

Özünü sonacan tox tutmağa, içindən keçənləri biruzə verməməyə çalışırdı. Çantanı alıb ikrahla jurnal masasının üstünə atdı. Çanta incə şüşəyə dəyib sürüşdü, xalçanın üstünə, Akif müəllimin ayaqlarının altına düşdü. Astadan pıçıldadı:

-Cəhənnəm ol! İkiniz də cəhənnəm olun!

Dostu qolundan sıxıb bayaqkı şadlığına yad ifadəylə gözünü onun gözünün içinə zillədi, Rafiq dəhşətə gəldi, tamam özgə, düşmən baxışlarıydı:

-Ağıllı ol! Tanrına təpik atma!

Gözü jurnal masasının üstündəki meyvə vazının üstünə qoyulmuş kiçik bıçağa sataşdı. Bir an durub baxdı, ürəyi bərk-bərk döyünür, sinəsini yırtıb çıxacaqmış kimi çırpınırdı. Beyni uğum-uğum uğuldayırdı. Nəfəsi təngiməyə başladı, ürəyi bulandı. Baxışlarını salonun hündür tavanına vurulmuş çox iri, parıltılı çılçırağa zillədi. Kirayə mənzilin nəm divarlarını, kənddəki alayarımçıq evini, uşaqlarını, arvadını düşündü..

Qolunu Osmanın məngənə barmaqlarından çıxardı. Qapıya yönəldi, həyətdə onu gözləyən sürücüyə gəlməməsi üçün işarə verib çıxışa sarı yönəldi. Avtomatik qapılar qarşısında açılıb arxasıyca bağlandı...

...Ətrafdakı nəhəng villaların kölgəsi axşamın alaqaranlığına qarışmışdı, iki küçə gedəndən sonra ayaqları əsdi, taqətsiz bir halda hündür hasarın dibində yerə çökdü, hönkürə-hönkürə ağlamağa, başladı...

Sentyabr-oktyabr 2013.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG