Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:45

Türkiyə- Avropa münasibətlərini nə qoruyacaq


2013-cü il Taksim etirazlarından görüntü
2013-cü il Taksim etirazlarından görüntü

-

"Avropada artan islamafobiya Türkiyəyə Avropa Birliyinə giriş bileti verəcəkmi? Deyəsən Recep Tayyip Erdogan belə düşünür. Türkiyə prezidenti haqlı ola bilər... Ötən ay cənab Erdogan deyib ki, Avropa Türkiyəni üzvlüyünə qəbul etməyə razılaşacağı halda islamafobiya ilə mübarizə apara bilər. Onun fikrincə, Türkiyə-AB münasibətinin taleyi Avropanın müsəlman əhalisinin gələcək təcridini önləmək cəhdlərindən asılıdır".

İstanbulda mənzillənən Edam beyin mərkəzinin rəhbəri Sinan Ulgen "Financial Times"da yazır ki, əslində Avropanın radikallaşma və islamafobiya ilə mübarizədə daha cəmləşmiş səylərə ehtiyacı var. Erdogan inanır ki, Türkiyə dünyəvi müsəlman ölkəsi olaraq bu məqsədlərə öz töhfəsini verə bilər. "Ancaq cənab Erdogan-ın arqumentini əsaslandırılmaq, digər liberal demokratiyaların vətəndaşlarını həvəsləndirmək üçün Türkiyə özünün dinin dövlətdən ayrıldığı, hüququn aliliyinə əsaslanan liberal demokratiya qura bildiyini göstərməlidir".

Yazıda vurğulanır ki, Erdogan-ın prezidentliyi dövründə bu dövlət modeli kritik duruma girib. Hətta ölkədə belə bir fikir formalaşdırılıb ki, qərbləşmə ölkəni islam irsindən uzaqlaşdırıb...

Baş nazir Ahmet Davutoglu Parisdə digər dövlət liderlərinə qoşularaq Charlie Hebdo redaksiyasına hücumu pisləyir, ancaq Türkiyə özü söz azadlığı sahəsində geriləyir.

"Türkiyə bütün vətəndaşları üçün dinc və firavan gələcəyi yalnız o zaman qura bilər ki, hamının iştirak etdiyi, daha demokratik dövlət qursun. Avropa ilə yenidən işləmək bunun tək yoludur... Avropa isə Qərb və İslam dəyərlərini birləşdirmək cəhdinə arxa çevirərsə, səmimilik sınağından keçməmiş sayılacaq. Avropa radikallaşmanın mənfilikləri ilə mübarizə aparmaq, müsəlman vətəndaşlarına qucaq açmaq istəyirsə, ona ən çox gərəkən səmimilikdir".

Növbəti Yunanıstan böhranı

Afinada sarımsaq satan qadın
Afinada sarımsaq satan qadın

"Bu ayın Yunanıstan böhranı ötən cümə günü bitdi, maliyyə nazirləri ölkənin hazırkı borcunu dörd ay uzatmağa razılaşdı. Təqvimlərinizdə iyun ayını qeyd edin, bu razılaşma bitəndən sonra növbəti Yunanıstan böhranı başlanacaq". Bunu "Wall Street Journal Europe"-da oxuyuruq.

"Bu razılaşma baş nazir Alexis Tsipras və onun ifrat sağçı Syriza partiyasının ölkənin kreditorlarına, özəlliklə də almanlara tam təslim olmasıdır. Dəqiq şərtlər üzrə danışıqlar gələn həftədən aparılacaq. Ancaq bu məqama çatmaq üçün Berlin Afinadan vəd ala bilib ki, indiki borcun şərtlərinə az və ya çox dərəcədə əməl etsin. Syriza da bəzi radikal vədlərdən geri çəkilib, məsələn, özəlləşdirmənin dayandırılmasından".

"WSJ IE" yazır ki, yunanlar əlavə islahatların gətirəcəyi artımdan daha çox, maaş və pensiyaların azalmasını və vergi artımı hiss edəcəklər. "Ancaq onlar yenə də islahatlar əleyhinə kampaniya aparanlara səs verirlər... Yunanıstan Avropanın artım defisitinin ən pis halıdır. İqtisadiyyatlar qalxan borcu maliyyələşdirmək üçün sürətlə artmalıdır, ancaq islahatları irəli aparan siyasətçilər və onları seçmək istəyən seçicilərin sayı çox deyil".

Atəşkəsə şübhə etməyin

"Foreign Affairs" Woodrow Wilson Mərkəzinin Kennan İnstitutunun əməkdaşı Michael Kofman-ın yazısını dərc edib.

Müəllif yazır ki, fevralın 12-də imzalanmış Minsk atəşkəs razılaşması yaxşı başlamadı, dərhal sonra Debaltseve şəhəri tamamilə yaralıların əlinə keçdi. Ancaq ümid qalır, yəni bu hələ başlanğıcdır, cəbhənin digər yerlərində sakitlik yaranıb, tərəflər əsir mübadiləsinə başlayıb. Son razılaşma münaqişənin son həlli olmasa da, onu dondurmaq üçün yaxşı perspektiv yaradır.

Ukrayna hərbçisi
Ukrayna hərbçisi

"Müşahidəçilər bu sazişi Rusiyanın qələbəsi adlandırırlar. Doğrudan da Rusiyaya separatçı regionlar üçün istədiyi çox şeyi verdi. Bu, birinci sazişin tam əksidir, əvvəlki Minsk razılaşması Ukraynanın və Qərbin xeyrinə idi". Müəllifin fikrincə, Rusiyanın uğurlu qış hücumu ona Minsk İİ danışıqlarında üstünlük qazandırdı. Ukrayna ya müharibəni davam etdirməli, ya da sazişi imzalamalıydı. Və ikincini seçdi.

"Rusiya istədiyini alacaq, ancaq Ukrayna daxilində. Kiyev rəsmən ərazi bütövlüyünü saxlayacaq, separatçılar isə öz müdafiə qüvvələrini sığorta kimi alacaqlar. Müqavilədə hər iki tərəfin itirdiyi var. Ukrayna mərkəzsizləşdirmə qanununu qəbul etsə, separatçıların yaratdığı qondarma respublikalar Dnestrayı və ya Abxaziyaya oxşar olacaq. Bu halda, Ukrayna daxilində fiziki nüfuzunu təmin edəndən sonra, Rusiya bahalı döyüşləri dayandıra bilər. Ancaq istənilən halda münaqişəni bərpa etmək variantını da özündə saxlamış olar".

"Cavabsız qalan sual Ukraynanın bunu istəyib-istəməməsidir. Kiyevin silahlarla bağlı Qərbə davamlı xahişlərinə, sülhməramlıları missiyası istəməsinə Vaşinqton və ya Berlin müsbət cavab verməyəcək. Minsk İİ yeni çərçivədir və Qərb təkid edəcək ki, bütün yollar ona aparsın. Qərbin mövqeyinə görə, Churchill-in sitatına bənzər desək, bu saziş Ukrayna üçün ən yaxşısıdır, o ki qaldı başqası ola". (Churchill deyib ki, demokratiya ən yaxşı idarəçilik formasıdır, hələ o birilərini demirəm- red.)

XS
SM
MD
LG