Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:09

Mərkəzi Bank nədən manatın devalvasiyasına qərar verdi?


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

Mərkəzi Bankın 1 ABŞ dollarının rəsmi məzənnəsini 1.05 AZN səviyyəsində müəyyənləşdirməsi fevralın 23-də mətbuatın başlıca mövzusu olaraq qalır.

«Yeni Müsavat» qəzetində Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu «MB manatın devalvasiyasına niyə qərar verdi», «Daha nələr bahalaşacaq» kimi sualları cavablamağa çalışıb.

«Təhlillər göstərir ki, ilin başlanğıcında dövlət büdcəsinin mədaxil hissəsini təmin etmək xeyli çətin olub. Bu yükü əsasən qeyri-neft sektorunun üzərinə qoymaq istəyən fiskal orqanlar sahibkarları hələ 1-ci rüb başa çatmamış ciddi şəkildə dövlət orqanlarından narazı salıblar. Belə davam edəcəyi halda bu il büdcənin idarə olunmasında ciddi çətinliklərlə üzləşəcəyindən narahat olan hökumət gəlirlərin nominal olaraq icra olunması üçün monetar üsulla tənzimləməyə qərar verib və manatın devalvasiyası yolu ilə 2015-ci ildə milli iqtisadiyyatın qarşılaşdığı 3 əsas problemin həllinə stimul yaradıb. 1. Büdcə gəlirlərinin nominal olaraq artımına; 2. Müvəqqəti də olsa, alıcılıq qabiliyyətinin yüksəlməsinə; 3. Valyuta ehtiyatlarının sürətlə azalma tempinin qarşısının alınmasına» –Qubad İbadoğlu yazır.

Mərkəzi Bankın qərarının gözlənilən fəsadlarına da toxunan iqtisadçı ilkin proqnozlarını verir:

«Əvvəla, manatın ucuzlaşması fonunda dolların bahalaşması ilk növbədə idxal olunan əsas yeyinti məhsullarının (bitki və heyvan mənşəli piylər və yağların, süd məhsullarının, ətin, şəkərin), əczaçılıq mallarının, eləcə də tütün məmulatlarının, spirtli içkilərin, avtomobillərin, məişət texnikası, mebelin, sonrakı mərhələdə isə un məmulatlarının qiymətində 1.5-dən 2 dəfəyədək bahalaşma gözlənilir. Bu isə bu il ərzində inflyasiyanın Mərkəz Bankın hədəflədiyindən 2-3 dəfə yüksək olacağını proqnozlaşdırmağa imkan verir. Bunu hiss edəcək istehlakçılar özlərinə ehtiyat yaratmaq üçün mağazalardan daha çox ərzaq almağa çalışacaqlar. Bütün bu proseslərin nəticəsində yaşayış standartları aşağı düşəcək, sosial göstəricilər pisləşəcək, əhali və hökumət arasında sosial münasibətlər gərginləşəcək».

«Sədərək» Ticarət Mərkəzi
«Sədərək» Ticarət Mərkəzi

«SAHİBKARLAR TİCARƏTİ DAYANDIRMALI OLUBLAR»

«Azadlıq» qəzeti manatın ucuzlaşmasının ticarətçilərə vurduğu zərərdən yazır.

Qəzetin yazdığına görə, «Sədərək» Ticarət Mərkəzində sahibkarların çoxu dolların qiymətinin qalxmağı ilə əlaqədar olaraq ticarəti dayandırmaq məcburiyyətində qalıb.

«Müştərilər qiymətlərin bahalaşdığını görərək, bazarı tərk edirlər. Topdansatış həyata keçirən sahibkarlar ticarəti tamamilə dayandırmalı olublar» – satıcılardan biri belə deyib. Əlavə edib ki, ticarətçilər Mərkəzi Bankın bazar ertəsi hər hansı qərar verib-verməyəcəyini gözləyir:

«Mərkəzi Bank hansı qərarı versə, sahibkarlar da ona uyğun addım atacaqlar, yəni valyuta qalxsa, qiymətlər də bahalaşacaq».

«METRODA QƏZET SATIŞI BƏRPA OLUNMALIDIR»

Qəzet satışı
Qəzet satışı

2013-cü ilin sonundan Bakı Metropoliteninin stansiyalarında qadağa qoyulan ticarət gül dükanı, kitab mağazası qismində yenidən canlanır. «Türküstan» qəzetinin baş redaktoru Aqil Camal modern.az saytına bildirib ki, kitab satışı üçün nəzərdə tutulan köşklərdə qəzetlərin də satılması mümkündür:

«Qəzetlərin metroya qayıtması həm qəzetlər, həm də oxucular üçün gözəl sürpriz ola bilər. Mətbuat ictimaiyyətinin bu yöndə təşəbbüslər göstərməsinə ehtiyac var. Məsələn, Mətbuat Şurası bu missiyanı öz üzərinə götürə, metropoliten rəhbərliyi ilə, eyni zamanda dövlətin müvafiq qurumları ilə təmaslara başlaya bilər».

A.Camal hesab edir ki, metro ərazisində mətbuatın satışının bərpası dövlət büdcəsinə də öz töhfəsini verə bilər.

«BP AZƏRBAYCANLI İŞÇİLƏRİNİN SAYINI ARTIRIR»

ANSpress Azərbaycanda xarici şirkətlərdə çalışan əcnəbi və yerli işçilərə münasibətdəki fərqliliyə toxunub.

BP
BP

Portal yazır ki, ekspertlər son vaxtlar ölkədə fəaliyyət göstərən şirkətlərdə yerli mütəxəssislərlə bağlı problemin əvvəlki illərə nisbətən xeyli azaldığını bildirirlər:

«İndi kadrların, mütəxəssislərin xaricdən gətirilməsi sərfəli deyil. Çünki son dövrlərdə dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar dünyada, eləcə də Avropada iqtisadi böhran əlavə xərclərin qarşısının alınmasına ehtiyac yaradır. Belə olan halda xaricdən yüksək maaşla mütəxəssis, kadr, işçi gətirmək sərfəli deyil».

ANS-in araşdırmasına görə, ölkədə ən böyük transmilli şirkət olan «bp-Azərbaycan»da çalışan azərbaycanlıların sayı 3 minə çatıb:

«Şirkətin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu, o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcək. İndi ixtisası olmayan işçilərin 100%-i yerli vətəndaşlardır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG