Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:18

«Yataqxana başımıza uçur»


Foto: Arxiv
Foto: Arxiv

-

«Ayaqyolu yoxdur, hamam otağının tavanından başımıza çirkab su axır. Ora girə bilmirik. Mətbəximiz pis gündədir. Hər an təhlükə yaradacaq qəzalı kabellər ortalıqdadır».

Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsindəki 2 saylı yataqxananın sakinləri «Qaynar xətt»ə yaşayış şəraitlərindən danışırlar. Bu yataqxananın sakinləri Qubadlı köçkünləridir. Onların deməsinə görə, binada su sızması olduğundan divarlar qəzalı vəziyyətə düşüb, tavan çökür, döşəmələrsə çürük-çürükdür.

TƏBİİ TƏLƏBATLARINI QONŞULARDA ÖDƏYİRLƏR

Bina sakini Sahib Mürsəlovu ən çox narahat edən dəhlizlərdəki elektrik şitləridir:

«Neçə dəfə şitdə yanğın olub. Özü də həmin şitlər binanın dəhlizində yerləşir. Çölə də çıxarmırlar ki, bir hadisə baş versə, heç olmasa, canımızı xilas edə bilək. Dəhlizdəki elektrik naqilləri təhlükə mənbəyidir. Əsasən də qış aylarında hamı elektrik qızdırıcıdan istifadə edir deyə, naqillərdə tez-tez qısaqapanma olur, özümüz qarşısını alırıq, təzədən bir-birinə calayırıq».

Binanın birinci mərtəbəsindəki mətbəx, hamam otağı və sanitar qovşağı istifadəyə yararsız hala düşüb. Hər üçünə çirkab sular axır. Binada kanalizasiya xətləri işləmədiyindən sakinlər təbii tələbatlarını ödəmək üçün qonşuluqdakı binalara üz tutmalı olurlar.

«GƏLİB GÖRDÜM QAPIMI MÖHÜRLƏYİBLƏR»

Uzun illərdir yataqxanada məskunlaşan köçkün Yeganə Hümbətova isə ona məxsus otağın Mənzil Kommunal İstismar Sahəsinin keçmiş rəisi tərəfindən zəbt olunduğunu deyir:

«O otaqda azyaşlı övladlarım dərslərini hazırlayırdılar, yatırdılar. Bir gün gəlib gördüm ki, otağın açarını dəyişib üzərinə də möhür vurublar. Hara gedirəmsə, deyirlər, gətir rüşvət ver, o otağı açaq, təzədən qaytaraq özünə. Onsuz da şəraitsiz vəziyyətdə yaşayırıq. Heç olmasa, o otaq əlimizdən tuturdu».

Yataqxana 112 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) nəzdindədir. MKİS rəisi Cəfər Bayramoğlunin deməsinə görə, yataqxana əvvəllər Dövlət Neft Şirkətinin balansında olub. Bir neçə il əvvəl yataqxanada təmir işləri başlanıb və ARDNŞ-nin balansından çıxarılıb Bakı şəhər İcra Hakimiyyətinin balansına verilərkən təmir yarımçıq qalıb. Hazırda təmir işlərinin başlanması üçün MKİS tərəfindən Bakı şəhər Icra Hakimiyyətinə müraciət olunub.

Yeganə Hümmətovanın otağının əlindən alınmasına gəlincə, MKİS rəisi həmin otağın köçkün tərəfindən zəbt olunduğunu bildirib. Onun dediyinə görə, qadının həmin yataqxanada iki otağı var və o, bununla kifayətlənməyərək daha bir otağı zəbt edib. Binada təmir işləri görüldükdən sonra otaq ilk müraciət edən evsizə veriləcək.

XS
SM
MD
LG