Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:50

-

Manatın düşdüyünü eşidəndə, nədənsə nənəm yadıma düşdü.

Qohumların birinə yazıb, nənəmi soruşdum. Dedi ki, elə bu günlərdə onunla danışıb. Nənəm sakitcə deyib:

- Manat düşür, dünəndən düşsün...

Günel Mövlud

NƏNƏMİN DOLLARLARI

Bir neçə ay əvvəl nənəmin bərk xəstələndiyini eşitdim. Nənəm həm ana, həm də ata tərəfimdən qalan yeganə yaşlı insandır və onunla həmişə maraqlanıram.

Səhhəti, güzəranı, dolanışığı həmişə mənə maraqlı olur. Özü də kifayət qədər maraqlı qadın olduğundan, aldığım xəbərlər adətən darıxdırıcı olmur.

Cavanlığından abadlıq, səliqə-səhman, rifah sevən qadındır. İndi tək yaşamasına baxmayaraq, ev-eşiyi həmişə təmirli, həyət-bacası həmişə abad və səliqəli, pal-paltarı həmişə təmiz, təzə və qəşəng olur.

Nə vaxt qohum-əqrabadan nənəmi soruşsam, zarafatla deyirlər:

- Axırıncı dəfə görəndə, nənən pultla açılan darvaza qoydururdu...

Təbii, o yaşda, ev-eşiyini qoyub, köçkün düşmüş, heç bir yatırı, saxlancı olmayan qadının abadlığı, rifahı, gəlhagəli təqaüdlə başa gələn şey deyil.

Nənəm iyirmi ildən çoxdur, Rusiyada yaşayan övladlarının sayəsində maddi rifah içində yaşayır. Oğlu-qızı etibarlı çıxıblar, analarının yanında ola bilməsələr də, pulunu, hədiyyəsini əskik eləmirlər. Pul isə bizimki kimi ölkələrdə çox şey həll edir.

Yaşlı qadın o pulun hesabına evini, həyətini, əyin-başını vaxtlı-vaxtında qaydasına salır. Ümumiyyətlə, gərək nənəm barədə ayrıca yazı yazım. Elə indi ağlıma gəldi. Amma indi mövzu tamam başqadır.

Bir neçə ay əvvəl nənəmin xəstələndiyini eşitdim. Dəqiq məlumat belə idi ki, nənəm deyəsən, doğrudan da modern darvaza qoyduranda, ustaya nəsə başa salmaq istəyəndə ayağı sürüşüb, həyətin sement döşəməsinə yıxılmış və beyin zədəsi almışdı. Qohumlarımızın adətən elədiyi zarafatların versiyası isə bu idi ki, Rusiyada rublun düşməyi ilə nənəmin ordan gələn payı xeyli azalacaqdı və nənəm bu «bankrot»a davam gətirməyərək, əsəb sarsıntısı keçirib.

Açığı, nənəmin Rusiyadan ildə nə qədər pulu gəlir, nə qədəri azaldı, bilmirəm. Amma bu gün manatın düşdüyünü eşidəndə, nədənsə yadıma düşdü. Qohumların birinə yazıb, nənəmi soruşdum. Dedi ki, elə bu günlərdə onunla danışıb. Təbii ki, manatın düşəcəyindən də danışıblar və nənəm sakitcə deyib:

- Manat düşür, dünəndən düşsün. Onsuz da mənim uşaqlarım pulu mənə dollarla göndərir. Dollar qalxar, lap yaxşı.

İlk baxışdan yaşlı əyalət qadınının bir az məzəli, sadə məişət əhvalatıdır. Amma hər şey o qədər sadə deyil. Nənəm kimi minlərlə, on minlərlə insan var. Onların hamısı üçün dövlət, dövlət qayğısı, sosial təminat deyilən bir anlayış yoxdur. Nənəm kimilər ümidlərini başqa ölkələrdən gələn gəlirə, konkret şəxslərin köməyinə bağlayıblar, ya başqa vasitə ilə güzəranlarını təmin edirlər.

Əyalətlərlə çox adam natural təsərrüfatla dolanır, marketlər var ki, pul yerinə yumurta yığır. Əyalət adamları çox vaxt həkimin, baytarın, ustanın haqqını quzu, toyuq-cücə, ət, yağ, yun, taxılla verir.

Zirək adamlar, əldən, başdan iti sadə camaat öz başının çarəsini çoxdan tapıb. Onlar çoxdan başa düşüblər ki, dövlət istəyir varlansın, istəyir kasıblasın, bunun onlara təsiri azdır.

Nənəm kimilərə başa salıblar ki, onlar vətəndaş deyillər. Dövlətləri onların arxasında deyil. Və hələ uzun müddət də olmayacaq.

Budur, belə şeylərə görə yoxdur insanlarda birlik, ümumi qədərə, ümumi bəlaya, ümumi dərdə laqeyd münasibət, «məndən ötdü, kimə dəydi, dəydi» məntiqi.

Sən vətəndaşını siyasətdən təcrid elə, sosial rifahının qayğısına qalma, orta və kiçik sahibkarlığı iflic elə, monopoliya baş alıb, getsin, xalqı başa sal ki, öz ölkələrində ev sahibi yox, kirəçidirlər, olacağı budur.

Səksək yaşlı qadın öz ölkəsində baş verən bu boyda həngaməyə laqeyddir. Çünki o öz ölkəsinin deyil, başqa ölkənin çörəyini yeyir...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG