Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:58

-

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Bakıdakı Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası ləğv edilib. Bundan sonra o, İstedadlar Liseyi kimi fəaliyyət göstərəcək. Liseyə qəbul 5-ci sinifdən başlayacaq.

AzadlıqRadiosuna verilən məlumatda belə deyilir. Məlumatda bildirilir ki, Lisey gələn ildən birinci siniflərə qəbulu dayandıracaq.

Təhsil Nazirliyi tabeliyindəki başqa üç gimnaziyanın fəaliyyətini də dayandırmağa qərar verib.

Humanitar Fənlər Gimnaziyasının bağlanması qərarını valideynlər və müəllimlər narazılıqla qarşılayıblar. Tədris prosesi dayanıb, valideynlər isə təhsil müəssisəsi qarşısında toplaşıblar.

Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov Qafqazinfo-ya açıqlamasında bildirib ki, nazirliyin nümayəndələri sözügedən gimnaziyadadır. Müəllimlərə və valideynlərə geniş izahat veriləcək, onların əleyhinə ola biləcək heç bir hadisə baş verməyib.

Gimnaziyanın tədris işləri üzrə müdiri Afaq Poladzadə Movqe.az-a bildirib ki, valideynlər arasında bu məsələ bir qədər səhv anlaşılıb: «Bəli, deyilənlər doğrudur ki, bizim gimnaziyada ibtidai siniflər ləğv olunacaq. Amma bu hazırda ibtidai siniflərdə təhsil alan uşaqlara şamil edilmir. Bu proses tədricən olacaq. Gələn ildən birinci sinfə gimnaziyada qəbul olmayacaq. 3 ilə ibtidai siniflər tamamilə yığışdırılacaq. Buna səbəb gimnaziyanın xüsusi istedadlı uşaqlar üçün məktəbə çevrilməsidir».

A.Poladzadə dəyişikliyin müəllimlərə də təsirsiz ötüşməyəcəyini deyib: «İbtidai sinifdə 4 kurs olduğundan, 16 müəllim işləyir. Əsas sinif müəllimləri yerləşdirilsə də, tərbiyəçi müəllimlərin taleyi naməlumdur. Onlar özləri də işsiz qalacaqlarından çox narahatdırlar. Ümid edirik ki, Təhsil Nazirliyi onları da nəzərə alacaq. Çünki onların çoxu ailə başçısı, ailənin yeganə işləyən üzvüdür».​

Günün bütün mövzuları

XS
SM
MD
LG