Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:32

Erdoğan-ın sarayı işıqpulunu gecikdirir


Yeni 1150 otaqlı prezident sarayı -2014
Yeni 1150 otaqlı prezident sarayı -2014

-

Türkiyədə yeni tikilmiş, 1150 otaqlı prezident sarayını elə o sayda da polisin qoruması ölkədə müzakirələrə səbəb olub. Təbii ki, bu sayda polisi saxlama və digər xərclərinə görə. Bunu «Hurriyet Daily News»da Fevzi Kızılkoyun yazır.

Belə ki, bu sarayın təhlükəsizlik sisteminə 50 milyon türk lirəsi xərclənib. Prezident Recep Tayyip Erdoğan-ın sevimli sarayını qoruyanların sayı əvvəlki sarayda olduğundan azı 2 dəfə çoxdur. Çankaya Sarayının 450 mühafizəçisi vardı. Yeni sarayın hasarının uzunluğu 5 kilometrdir. Ərazidə 3 min nəzarət kamerası quraşdırılıb. Hər hansı səs yazısının qarşısını almaq üçün çoxsaylı qurğular yerləşdirilib. Xatırladaq ki, 2013-cü ildə baş nazir ikən Erdoğan-ın səsi yazılmışdı.

Ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından (CHP) deputat Ali Demirçalı fevralın 14-də deyib ki, sarayda ayda 1 milyon 150 min lirəlik elektrik işlədilib. Deputat qəbz göstərib, saray həmin ödənişi yubandırdığı üçün 107 min lirə cərimə də olunub.

Erdoğan isə sarayını genişləndirməklə məşğuldur, konsert və tədbirlər üçün əlavə bina, at ferması da tikdirir, ilkin planda bunlar yox idi. Müxalifət partiyaları sarayın lisenziyasız tikinti olduğunu desə də, Türkiyə Konstitusiya Məhkəməsi ötən il oxşar iddiaları rədd edib. İddiaçılardan biri, Arxitektorlar Palatasının Ankara filialının rəhbəri sarayın qanunsuzluğuna dair iddianı Avropa Məhkəməsinə göndərib.

PUTIN ARVADINI DÖYÜRMÜŞ?

Rusiya prezidenti Vladimir Putin keçmiş həyat yoldaşı Lyudmila-nı döyürmüş. Bu iddia Rusiya lideri barədə yeni alman sənədli filmində irəli sürülüb. Xəbəri ilkin olaraq «Daily Telegraph» yayıb.

Putin və Lyudmila
Putin və Lyudmila

ZDF televiziyasında bu həftə ilk dəfə göstərilmiş filmdə Qərb kəşfiyyat agentliyinin əvvəllər açıqlanmamış fayllarına istinad olunur. Fayllarda Putin-in KGB zabiti olduğu vaxtlar, 1980-ci illər, sonrakı dövrdə Rusiyada hakimiyyətə yüksəlişi əks olunub. Drezdendəki KGB ofisinin «Lehnchen» kod adlı katibi Lyudmila ilə dostluq edirmiş, Putin-in arvadını döydüyünü də o deyib. Sənədli film Putin-i o zaman kök və bərk içən kimi təsvir edir.

Putin-in həyatına beş dəfə sui-qəsd olunduğu barədə də məlumat var. Biri Londonda baş verib. Keçmiş KGB mayoru London aeroportlarından birində saxlanıb, o, Rusiya liderini öldürmək missiyasını həyata keçirirmiş. Sənədlərə inansaq, digər sui-qəsd cəhdləri Moskva, Sankt-Peterburq, Tehran və Bakıda baş verib.

Daha bir iddia 2010-cu ildə Putin-in üzündə əməliyyat etdirməsidir. Kəşfiyyat agentliyi bildirib ki, həmin il Rusiya liderinin Ukraynaya səfəri zamanı gözlərinin altındakı kölgələr əməliyyat nəticəsində peyda olub. Putin-in sözçüsü kölgələri televiziya işıqlandırmasının zəifliyinə bağlamışdı.

Putin-in başqalarını gözlətmək xəstəsi olduğu da söylənir. Bir dəfə Britaniya kraliçasını qəsdən yarım saat gözlədib. Adətən nazirlərini 2-3 saat gözlədir. Almaniya kansleri Angela Merkel-i də bir neçə saat gözlətdiyi olub.

«Bu, onun hakimiyyətinin əlamətidir. Mən sizə lazımam, ancaq mənə lazım deyilsiniz, ona görə də gözləməlisiniz», - bioqraflarından biri Ben Judah filmdə deyir.

Sənədli filmdə o da iddia olunur ki, Putin yuxudan gec durur, işlərinin çoxunu günortadan sonra görür. O, səhərlər kənd pendiri yeyir, hovuzda üzür, sonra isti-soyuq duş qəbul edir. Judah deyir ki, Putin qocalmaqdan bərk qorxur. Maraqlısı da odur ki, ABŞ-la rəqabətə baxmayaraq, cənab Putin idmanını Amerika istehsalı olan fitnes qurğularında edir.

XS
SM
MD
LG