Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:08

8 gündür yeri bilinməyən müxalifətçi


Qadir Xudabəxşiyev
Qadir Xudabəxşiyev

-

“Gecə saat 11-də gizli nömrədən zəng gəldi. Açdım, dedi ki, məni aparırlar. O vaxtdan xəbər ala bilmirik.”

8 gündür ki, müxalifət fəalından xəbər-ətər yoxdur. Harda olduğunu da heç kim bilmir.

Mingəçevir sakini Mayıs Məhərrəmov qaynı Qadir Xudabaxşıyevin həbsindən danışır. Deyir ki, fevralın 11-də gecə Qadir ona gizli nömrədən zəng edib, Yevlax polisinə aparıldığını deyib, dərmanlarını və namaz dəstini Yevlax polisinə gətirməsini xahiş edib.

Mayis Məhərrəmov tapşırılan əşyaları Yevlax polisinə aparıb. Amma Qadiri soruşanda ona verilən cavab gözlənilməz olub: “Elə bir adam burda yoxdur”.

MÜLKİ GEYİMLİLƏR

Mayis Məhərrəmov deyir ki, səhəri gün Qadirin həmişə yollandığı çayxanaya gedib, qaynını soraq alıb. Ona bildiriblər ki, 4-5 mülki geyimli şəxs Qadiri bayıra çağırıb, sonra da maşınla harasa aparıb. O vaxtdan bəri Qadir Xudabaxşıyevdən xəbər yoxdur.

Qadir Xudabaxşıyev AXCP-nin Mingeçevir şöbəsinin keçmiş sədridir. Xanımı Gülxanım Həsənova deyir ki, yoldaşı haqqını tələb edən, sosial şəbəkələrdə aktiv olan bir insandır. Onun səhhətində probemləri var. Şəkər xəstəsidir, ikinci qrup Qarabağ əlilidir. 3 övladı var. Üstəlik işsizdir:

“Bilmirik, hara aparıblar, niyə aparıblar. Deyirlər ki, silah tapılıb. Qadir banditdir, ya terrorçudur? O, balalarının çörəyini də güclə qazanıb gətirir. Onu şərləyirlər. Söz azadlığı var. Sözü deyibsə, ona görə cəzalansın, boynuna silah ittihamı yaxmasınlar”.

"HARDADIR CƏBHƏ?"

Gülxanım Həsənova ağlayaraq sözlərinə davam edir:

“Əgər Qadir elə cinayətkar olsaydı, heç özüm də onu haraylamazdım, dəstək də verməzdim. Mən savadsız deyiləm. Vəkilsiz, ailəsinə xəbər vermədən onu 8 gündür hardasa saxlayırlar. Buna ixtiyarları yoxdur. Söz azadlığından istifadə edib, haqqını tələb edib, xalq üçün edib. Ancaq indi heç kim onun dalında durmur”.

Gülxanım Həsənova deyir ki, yoldaşının arxasınca getməyə nə sağlamlığı icazə verir, nə də maddi durumu. O, Qadir Xudabaxşıyevin üzvü olduğu partiyanı da diqqətsizlikdə qınayır:

“Heç kim ailəsi ilə maraqlanmır ki, 3 balası ac qalıb, susuz qalıb, Qadir hardadır? Cəbhə hardadır?”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, Qadir Xudabaxşıyev silah gəzdirmədə ittiham olunur və saxlanılıb. Cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qadir Xudabaxşıyevin 8 gündür harda olmasına gəlincə, DİN sözcüsü bildirdi ki, onu ancaq vəkil vasitəsi ilə müəyyən emək olar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG