Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:00

«Bu günün avtokratları tez öyrənir, adaptasiya olurlar»


Vladimir Putin və Recep Tayyip Erdoğan-2013
Vladimir Putin və Recep Tayyip Erdoğan-2013

-

Son günlər Qərb mediasında Türkiyədə demokratik durumun getdikcə pisləşməsindən, dünyəvi quruluşa təhlükə yaranmasından, təməl insan haqlarının gözardı edilməsindən dolayı narahatlıq ifadə edən yazılar artıb.

«The New York Times»da Thomas L.Friedman yazır ki, hər ay Türkiyə rəhbərliyindən bir antisemit zərbə gəlir.

«Kim bilirdi ki, dünya yəhudiləri prezident Recep Tayyip Erdoğan-ı devirməyə girişiblər? Ötən ay baş nazir Ahmet Davutoğlu bəyan etdi ki, Türkiyə «yəhudi lobbisinə təslim olmayacaq». Guya Erdoğan-ı devirmək istəyənlər sırasında bu lobbi də var. Ondan əvvəl Erdoğan özü deyirdi ki, hakim AKP-nin rəqibləri «Mossad»la əməkdaşlıq edir. Yəhudilərin sayı azdır, ancaq devrilməli nə qədər dövlətlər varmış...» - müəllif yazır.

Friedman-ın fikrincə, Davutoğlu və Erdoğan-ın ucuz antisemit ifadələri ikrah doğurur, ancaq böyük Türkiyə milləti üçün bu, daha böyük faciənin yalnız bir hissəsidir:

«Erdoğan Türkiyəsinin demokratiya olduğunu demək çətindir. Daha pisi, demək lazımdır ki, Türkiyənin demokratiyadan uzaqlaşması daha böyük qlobal cərəyanın bir hissəsidir: demokratiya geriləyir».

Stenford Universitetinin demokratiya məsələləri üzrə eksperti Larry Diamond yazır ki, 2006-cı ilədək seçki demokratiyalarının sayında genişlənmə olmayıb, onların sayı 114-119 arası dəyişib. Ancaq 2006-cı ildən sonra seçkili və liberal demokratiyaların sayı düşməyə başlayıb.

İstanbulda polis aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edir - 2014
İstanbulda polis aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edir - 2014

Vladimir Putin-in Rusiyası və Erdoğan Türkiyəsi geriləmə tendensiyasının önündə gedir. Türkiyədə AKP məhkəmə və idarəçilik üzərində nəzarəti gücləndirib, jurnalistləri həbsə atdırıb, narazıları qorxudub. «Bütün bunlar Erdoğan-ın fərdi hakimiyyətinin güclənməsi ilə eyni vaxta təsadüf edir. Türkiyədə hüququn aliliyi eybəcərləşir», - bunu Diamond yazıb.

Bu arada «Freedom House» təşkilatı 2006-2014-cü illərdə bir çox ölkələrdə azadlıqların azaldığını üzə çıxarıb. Səbəb? Diamond-un fikrincə, «bu günün avtokratları tez öyrənir, adaptasiya olurlar. Onlar senzuranın yeni texnologiyasını hazırlayıb paylaşırlar, vətəndaş cəmiyyəti qruplarını məhdudlaşdırmaq üçün hüquqi strategiyalar icad edirlər, beynəlxalq maliyyəni qadağan edirlər. Biz isə onlara öz strategiyamızla cavab vermirik».

«Demokratik standartları olmayan Çin Afrikaya xarici yardım göndərən ölkə kimi ABŞ-ı sıxışdırıb çıxarıb, Rusiya isə sərhədlərində hər hansı demokratik tendensiyanı təcavüzkarcasına əzir. 11 Sentyabr terrorundan sonra isə bizim xarici siyasət prioritetimizdə demokratiyanın təbliği «terrorla müharibə» ilə əvəzləndi və terrorçu yaxalayan istənilən avtokrat Amerikadan vizit kartı qazandı».

«Diamond demokratları inamı itirməməyə çağırır. Churchill deyib ki, «demokratiya idarəçiliyin ən pis formasıdır, hələ o biriləri demirəm». Ancaq yenə də demokratiya heç bir sistemdə olmadığı kimi insanların təxəyyülünü alovlandırır. Ancaq bu, o halda həqiqətə çevrilər ki, böyük demokratiyalar ardınca gediləcək bir model hazırlasınlar», - Friedman yazır.

TÜRK DEPUTATLAR ƏLBƏYAXA OLDULAR

«Erdoğan hökuməti deyir ki, polisin səlahiyyətinin artırılmasında məqsəd zorakı nümayişləri önləməkdir. Ancaq tənqidçilər məqsədin narazıları susdurmaq olduğunu iddia edir». «Christian Science Monitor» belə yazır.

Türkiyə parlamentində iqtidarla müxalifətin davası - 2014
Türkiyə parlamentində iqtidarla müxalifətin davası - 2014

Təhlükəsizliklə bağlı yeni qanun layihəsi parlament üzvlərini əlbəyaxa olmasına gətirib. Çərşənbə günü parlamentdə 5 deputat xəsarət alıb. Müxalifət liderləri qanun layihəsinin müzakirəsini ertələməyə çalışıblar.

Hökumət bildirir ki, yeni tədbirlərdə məqsəd polisə əlavə səlahiyyət verməkdir ki, zorakılığı önləmək üçün nümayişləri dağıtsın. Ötən il kürdlər, islamçı qrup tərəfdarları ilə polisin toqquşmaları baş verib. Yeni qanun layihəsində polisə imkan verilir ki, odlu silahdan istifadə etsin, məhkəmə orderi olmadan adamları, maşınları axtarsın, prokurorun sanksiyası olmadan fərdləri 48 saatadək saxlasın. «Molotov kokteyli» atanlara qarşı da silahdan istifadəyə icazə verilir. Zorakılıq törədilən nümayişlərdə üzünü maska və ya şərflə bağlayanlar 4 ilədək həbsə atıla bilər. Və ən əsası, təkcə prokuror və hakimlər deyil, yerli rəsmilər da həbs orderi verə bilər. Erdoğan deyib ki, məqsəd «ictimai nizam və asayişi qorumaqdır».

Türkiyə Vəkillər Kollegiyasının rəhbəri Metin Feyzioğlu bildirib ki, yerli rəsmilərə həbs orderi ilə bağlı məhdud səlahiyyət vermək qanunaziddir. «Bu, çox təhlükəli tendensiyadır», - o, söyləyib.

Hökumət yeni qanunun Avropa normalarına uyğun hazırlandığını desə də, Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks layihəni tənqid edib, parlamenti təklifləri beynəlxalq standartlar çərçivəsində dəyərləndirməyə çağırıb.

Müxalifət yüzlərlə təklif irəli sürüb, layihəni əngəlləyəcəyini deyib. Ancaq onların nail olacağına çox az inanan var. Erdoğan-ın hakim AK Partiyası parlamentdə çoxluğa malikdir və yəqin ki, layihəni keçirməyin yolunu tapacaq.

XS
SM
MD
LG