Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:55

«Padşah yaxşıdır, ətrafı pisdir» yanaşması və Azərbaycanın gələcəyi


İlham Əliyevin seçki plakatı - 2008

İlham Əliyevin seçki plakatı - 2008

-

Təhlilçi Paul Goble jamestown.org-da Rusiyada geniş yayılmış bir baxışdan yazır: «çar yaxşıdır, əyanlar pisdir». Yəni, əhali hakim iyerarxiyanın başında kimin oturmasından asılı olmayaraq ona müsbət yanaşır; rusların üzləşdiyi pis şeylərin çoxu isə bürokratiya nərdivanının aşağı pillələrində oturan məmurların üzərinə qoyulur. Alimlərin fikrincə, bu yanaşma Rusiya tarixi inkişafının məhsuludur, o zamanlar çar «çox uzaqda idi», məmurlar əhaliyə daha yaxın olduğundan ikrah və nifrət də onlara yönəlirdi.

Bu günlərdə Norveç Beynəlxalq Məsələlər İnstitutu Azərbaycanla bağlı bir araşdırma dərc edib. Müəlliflər (Anar Vəliyev, Azər Babayev, Həcər HüseynovaXalidə Cəfərova) dövlət müəssisələrinə eyni yanaşmanın Azərbaycanda mövcud olduğunu bildirirlər. Tədqiqatçılar bu qənaətə gəliblər ki, bu reallıq ölkədə siyasi həyata və inkişafa dərin təsir göstərir.

SƏBƏB VƏ NƏTİCƏ

Paul Goble-un fikrincə, bu tədqiqat ona görə maraqlıdır ki, liderinin geniş səlahiyyətə malik olduğu, vətəndaşların daha çox aşağı səviyyəli məmurlarla təmasa girdiyi siyasi sistemə işıq salır. Bu araşdırma bir məsələnin izahına kömək edə bilər: bu fenomen bütün avtoritar sistemlər üçün tipikdir, yoxsa Azərbaycanda, az qala, iki əsrlik rus imperiyası və sovet işğalı dövründə meydana çıxıb?

Əksər cəmiyyətlərdə hökumət idarəsinə inamın səviyyəsi həmin qurumun vətəndaşların məqsəd və gözləntilərini necə doğrultmasının göstəricisi sayıla bilər. Ancaq Rusiya Federasiyası, digər post-kommunist ölkələri və ya Azərbaycanda belə deyil. Bu ölkələrdə vətəndaşlar prezidentə yüksək inam bəsləyir, parlament, yerli hakimiyyətə daha az etimad göstərirlər. Yəni bu qurumların onların ehtiyaclarını necə ödəməsinin məsələyə dəxili yoxdur.

Araşdırma müəllifləri yazırlar ki, cəmiyyətdə inamın həcmi ölkənin sosial, iqtisadi və siyasi inkişafı perspektivlərinə ciddi təsir edir. İnamın güclü olduğu yerlərdə inkişaf gedir, siyasi sabitlik yaranır, aşağı olduğu cəmiyyətlərdə isə korrupsiya vüsət alır. Azərbaycandakı kimi, prezidentə yüksək, digər müəssisələrə kiçik inam isə problemlər yarada bilər, belə ki, insanlar hökumətə bir bütöv kimi baxmır, bir idarənin digəri ilə savaşmalı olduğunu düşünür.

GƏRƏKƏN ADDIMLAR

Tədqiqatda deyilir ki, «əhalinin 84 faizi prezidentə inanır», 56 faiz nazirlərə də inandığını bildirib, 39 faiz yerli rəsmilərə inamını dilə gətirib. Nəticədə prezident seçkisinə daha çox seçici gedir, nəinki parlament və bələdiyyə seçkilərinə. Bu o deməkdir ki, azərbaycanlılar yerli hakimiyyətin, nazirliklərin onlar üçün işlədiyini düşünməyə meylli deyil. Əhali üçün hər şey prezidentdən asılıdır, bütünlükdə siyasi sistemdən deyil. Qısa müddətdə bu, sabitlik görüntüsü yarada bilər; uzaq perspektivdə isə prezident dəyişikliyi zamanı sabitsizliyə gətirər.

Araşdırma müəlliflər hakimiyyəti çağırır ki, ölkədəki bu inam və inamsızlıq modelini dəyişmək üçün təcili addımlar atsınlar, dövlət müəssisələrini daha açıq və şəffaf etsinlər. Əhalini dövlət müəssisələrinin vacibliyi barədə bilgiləndirsinlər, ictimaiyyəti qərarların verilməsi prosesinə cəlb etsinlər.

«Əslində, bu post-sovet respublikasının demokratik cəmiyyətə uğurlu və tam keçidi, eyni zamanda uzunmüddətli sabitlik və iqtisadi artımı saxlaması üçün bu addımlar vacibdir», - Goble yazır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG