Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:01

"İqtidar ABŞ-a deyir ki, sizə aeroport, kəmər vermişik, daha nə istəyirsiz?"


Hikmət Hacızadə

Hikmət Hacızadə

-

"Belə olan təqdirdə iqtidarın atacağı ən doğru addım - ABŞ-la lazımsız polemikanı kənara qoyub, yavaş- yavaş siyasi açılıma getməkdi "

ABŞ-Azərbaycan münasibətlərində soyuqluq yarandığı bir dövrdə Vaşinqton Bakıya öz rəsmisini göndərdi: dövlət katibinin köməkçisi Victoria Nuland-ı.

Düzdür, xanım Nuland təkcə Azərbaycanda yox, Qafqazın iki başqa ölkəsində də rəsmi səfərdə oldu. Amma o, Azərbaycanla enerji sahəsində əməkdaşlığın “əla vəziyyətdə” olduğunu söylədi.

İkincisi də, Bakıda təkcə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıqdan danışmadı. O həm də dedi ki, ABŞ vətəndaş cəmiyyəti və demokratiya sahəsində vəziyyətdən narahatdır və bu mövzuda Amerika-Azərbaycan dialoqunu gücləndirmək barədə razılığa gəlinib: “Söhbət Avropa Şurası strukturları ilə paralel işləyəcək ikitərəfli qurumun yaradılmasından gedir”.

“QISA ZAMANDA KÖKLÜ DƏYİŞİKLİK GÖZLƏMİRƏM”

FAR – İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə belə bir qurumun yaradılmasından xəbərsiz olduğunu deyir. Ona görə bu haqda ətraflı danışa bilmir. Ancaq güman edir ki, Nuland-ın səfərindən sonra Azərbaycan hakimiyyəti siyasi məhbuslardan bəzilərini azadlığa buraxa və ya buna bənzər addımlar ata bilər. Hərçənd bundan artığına ümid etmir:

“Amma qısa zamanda köklü dəyişiklik gözləmirəm. Bunun üçün gərək geopolitik vəziyyət dəyişsin. Tutalım, Rusiya dağılsın, onda əsaslı nə isə ola bilər. Rusiyanın dağılmasına isə az qalıb”.

Viktoria Nuland

Viktoria Nuland

O ki qaldı, dövlət katibi köməkçisinin səfərindən sonra iki ölkənin münasibətlərində dəyişikliklərin baş vermə ehtimalına, Hikmət Hacızadə deyir: “Əfsus ki, görüşün detalları mənə aydın deyil. Bizimkilərin mövqeyi belədir: “Sizə aeroport, kəmər vermişik, daha nə istəyirsiz? Siz Allah o insan haqları məsələsini qaldırmayın. Səudiyyə Ərəbistanı ilə necə əlaqə qurursunuzssa, bizimlə də elə əlaqə qurun”. Bax buna Nuland-ın cavabı bizə məlum deyil.

Ancaq nə olur-olsun (tutalım, başları bu gün Rusiyaya qarışsa da) əvvəl-axır insan haqları və demokratiya gündəmə gələcək. Bunu ABŞ hökumətindən ABŞ ictimaiyyəti, qəzetləri, vətəndaş assosiasiyaları və sadə seçicilər tələb edir və edəcək. Bu tələblər güclənəcək”.

DANIŞILACAQ MÖVZULAR

Politoloq Azər Qasımlı düşünür ki, son zamanlar iki ölkə arasında yaranan gərginlikdən sonra ABŞ rəsmisinin Bakıya səfərini müsbət dəyərləndirmək lazımdır.

Politoloqun fikrincə, ABŞ-la münasibətlərin pisləşməsindən itirən Azərbaycandır. "Üstəlik, Rusiya və İran kimi qonşuların əhatəsində olan Azərbaycan üçün ABŞ kimi güclü bir ölkənin yanında olması, tərəfini tutması və strateji partnyoruna çevrilməsi ikiqat əhəmiyyətli və həyati bir məsələdir”, - deyir Azər Qasımlı.

Onun qənaətincə, ABŞ-a Azərbaycan deyil, ABŞ Azərbaycana lazımdır:

Azər Qasımlı

Azər Qasımlı

“Bu gün ABŞ-a Azərbaycan nefti və qazı lazım deyil, çünki ABŞ özü neft və qaz ixracatçısına çevrilməyə hazırlaşır. Ona artıq Əfqanıstana logistik dəstəyimiz də lazım deyil, çünki orada ABŞ-ın çox kiçik hərbi kontingenti qalıb. ABŞ-ı bu bölgədə maraqlandıran və Azərbaycandan istədiyi yeganə məsələ - ölkəmizin Rusiyanın təsiri altına düşməməsidir. Bu isə elə ilk növbədə bizim özümüzün də marağındadır. Sonuc olaraq, Nulandın səfəri bizə onu deməyə əsas verir ki, ABŞ-Azərbaycan münasibətlərində hələ də danışılacaq mövzular var”.

SİYASİ AÇILIMA GETMƏK

Victoria Nuland-ın dediyi kimi, vətəndaş cəmiyyəti və demokratiya mövzusunda Amerika-Azərbaycan dialoqunu gücləndirmək barədə razılığı və bu yöndə qurum yaradılmasını isə politoloq belə şərh edir:

“Məsələ bundadır ki, Avropa Şurası Azərbaycan kimi avtoritar ölkələrdə demokratiyanın vəziyyətinə müsbət mənada təsir göstərə və insan haqları məsələsində prinsipial mövqe sərgiləyə bilmədi. Azərbaycan məmurlarının Avropa Şurasını aşağılayacaq tonda və məzmunda müsahibələri buna bariz bir nümunədir.

Digər tərəfdən də, ABŞ xarici siyasəti üçün insan haqları mövzusu önəmli mövzulardan birisidir. Amma bu, təbii ki, Avropaya və ABŞ-ın özünə yaxın olan coğrafiyaya aiddir. Məsələn, ABŞ Səudiyyə Ərəbistandan heç vaxt demokratiya, insan haqlarına hörməti gözləməyib. Baxmayaraq bu ölkə ABŞ-ın müttəfiqləri sırasındadır. Amma Azərbaycan həm tarixi baxımdan demokratik ənənələrə yad deyil, həm də coğrafi baxımdan Qərb dünyasına yaxındır. Ən əsası beynəlxalq qurumlar qarşısında üzərinə götürdüyü öhdəliklər var ki, onları pozur, yerinə yetirmir".

Azər Qasımlı deyir ki, bu baxımdan ABŞ-la Azərbaycan iqtidarı arasında ciddi problemlər yaşanır.

"Qərbdən Azərbaycan iqtidarının qeyri-demokratik hərəkətlərinə yönəlik tənqid gələndə o, həmən balans siyasətini işə salaraq Rusiyaya doğru meyllənir. Yeni soyuq savaş dönəmində isə iqtidarın özünü bu cür aparması ABŞ-da haqlı narazılıqlar yaradır. Lakin görünür Azərbaycan iqtidarı da məsələnin çox ciddi olduğunu anlayıb vəziyyəti düzəltmək məcburiyyətindədir. Çünki bir tərəfdən dünya bazarında neftin qiyməti düşüb, TAP və TANAP layihələrinin reallaşmasında ciddi problemlər ortaya çıxmaqdadır, digər tərəfdən balans siyasətinin əsas tərkib hissəsi olan Rusiyanın vəziyyəti ürəkaçan deyil və Qərblə, ilk növbədə ABŞ-la aralarında dediyim kimi soyuq müharibə gedir”.

Politoloqa görə, belə olan təqdirdə iqtidarın atacağı ən doğru addım - ABŞ-la lazımsız polemikanı kənara qoyub, yavaş- yavaş siyasi açılıma getməkdi: «İki ölkə arasında yaranacaq qurum da fikrimcə, bu işdə yardımçı olacaq. Ümid etmək istərdik ki, bu qurum sadəcə sivil toplumun problemləri ilə deyil, ilk növbədə fundamental olaraq siyasi problemlərlə, demokratik açılım məsələləri ilə məşğul olacaq”.

Azər Qasımlı bu səfərdən sonra vətəndaş cəmiyyəti və demokratiya sahəsində müsbətə doğru addımlar atılacağını da istisna etmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG