Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:02

Nazirlər Parisdə Moskva danışıqlarındakı yanaşmaları müzakirə edib


Bu, nazirlərin son yarım ildə üçüncü görüşüdür, 24 oktyabr 2006
Bu, nazirlərin son yarım ildə üçüncü görüşüdür, 24 oktyabr 2006
Oktyabrın 24-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Paris görüşündə tərəflər danışıqları davam etdirmək qərarına gəliblər. Elmar Məmmədyarovla Vartan Oskanyanın növbəti görüşünün noyabrın 14-də Brüsseldə keçirilməsi nəzərdə tutulur. Parisdə tərəflər oktyabrın 6-da Moskvada keçirilmiş görüşdə həmsədrlərin irəli sürdüyü yeni ideyaları müzakirə ediblər. Bu barədə «Azadlıq» radiosuna məlumat verən Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan deyib ki, Moskva görüşündən sonra tərəflər həmin ideyalara baxıb öz mövqelərini formalaşdırıblar. Paris görüşündə bu mövqelər ifadə olunub: «Mən deyə bilmərəm ki, mövqelərdə yaxınlaşma var, fikir ayrılıqları qalır, ancaq bu fərqləri azaltmaq üçün imkanlar da mövcuddur. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik. Buna görə də danışıqların yeni raunduna razılaşmışıq. Növbəti müzakirələrdə fikir ayrılıqlarını azaltmağa çalışacağıq. Bu baş versə, prezidentlərimiz də bu ilin sonuna kimi görüşə bilərlər».


«Mən deyə bilmərəm ki, mövqelərdə yaxınlaşma var, fikir ayrılıqları qalır, ancaq bu fərqləri azaltmaq üçün imkanlar da mövcuddur. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik. Buna görə də danışıqların yeni raunduna razılaşmışıq. Növbəti müzakirələrdə fikir ayrılıqlarını azaltmağa çalışacağıq. Bu baş versə, prezidentlərimiz də bu ilin sonuna kimi görüşə bilərlər»
Cənab Oskanyana görə, prezidentləri görüşdürmək məqsədilə həmsədrlər regiona səfər də edə bilərlər.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə isə bu səfərin Brüssel görüşündən sonra baş tuta biləcəyini deyir. O da Parisdə Moskva görüşündə müzakirə olunan yanaşmaların götür-qoy edildiyini təsdiqləyir. Amma cənab Tağızadə həmsədrlərin Moskva görüşündəki yanaşmaları haqda ətraflı informasiya verməkdən imtina etdi. Onun sözlərinə görə, Parisdə tərəflər danışıqları davam etdirmək qərarına gəliblər və növbəti görüş noyabrın 14-də Brüsseldə keçiriləcək. Həmin görüş Praqa formatında, yəni ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan Minsk Qrupu həmsədrləri, Xarici İşlər nazirləri və nazir müavinlərinin iştirakı ilə keçiriləcək: «Bu görüşdən sonra da həmsədrlər yenidən bölgəyə səfər edəcəklər. Azərbaycan tərəfi həmsədrlərə öz prinsipial mövqeyini bildirib».


Moskva görüşündən sonra Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov demişdi ki, əsasən iki prinsip müzakirə olunub. Nazir bir müddət əvvəl BMT-nin Baş Assambleyasındakı çıxışında tərəflərin razılaşmadığı iki prinsipin olduğunu deyirdi. Bunlar Dağlıq Qarabağın statusu və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır.


Vartan Oskanyansa oktyabrın 24-də «Azadlıq» radiosuna deyib ki, müzakirə olunan sənəd layihəsi danışıqların əsas prinsiplərinin toplusudur. Bu sənəd uzun müddət – Praqa formatı deyilən danışıqlar nəticəsində formalaşıb. Sənəddə tərəflərin razılaşdırmadığı elementlər var. Moskva görüşündə həmin elementlərə dair həmsədrlər yeni ideyalar irəli sürmüşdülər ki, Parisdə də bu ideyalar müzakirə olunub.


Bu ilin əvvəlində Azərbaycan və Ermənistan prezidentlərinin konkret nəticə vermədiyi bildirilən Rambuye görüşündən sonra danışıqlar nazirlər səviyyəsində davam etdirilir. Bu, nazirlərin son yarım ildə üçüncü görüşüdür.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG