Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:54

-

Fevralın 17-də qəzetlərin xüsusi önəm verdiyi mövzu Mərkəzi Bankın manatın məzənnə siyasəti ilə bağlıdır. Belə ki, bundan sonra manatın məzənnəsi ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçiriləcək.

«Bizim yol»un manşeti belə adlanır: «Manatın ucuzlaşmasına rəsmən start verildi, Mərkəzi Bank milli valyutanı qorumağa xərclədiyi vəsaiti dayandırıb yeni pul strategiyası açıqladı».

Bununla bağlı deputat Əli Məsimli qəzetə deyib ki, Mərkəzi Bankın üzərinə ciddi bir məsuliyyət düşür: «Qurum həm də makroiqtisadi sabitliyi qorumalıdır ki, əhalinin sosial yaşayışına mənfi təsir göstərən tendensiyalar baş qaldırmasın. Digər tərəfdən, qeyri-neft sektorunun, ixracın inkişafında Mərkəzi Bankın oynaya biləcəyi rol çox böyükdür. Müsbət təsir ondan ibarətdir ki, manatın kursunu xəfif şəkildə dəyişə bilər. Manatın kursunun nisbətən yumşaldılması iqtisadi fəallığın artmasına, neftdən kənar sahələrin inkişaf sürətinə təkan verə bilər. Habelə, qeyri-neft sektorunda haqsız müdaxilələrin, məmur özbaşınalığının qarşısı alınarsa, ixrac potensialımızın müəyyən qədər artmasına müsbət təsir göstərə bilər. Dollarla manat isə bu proseslərdə qoşa qanaddır. Birinin zəifləməsi, o birisinin güclənməsi ilə tamamlanır».

«AZADLIQ» «RUSİYANIN QARABAĞLA BAĞLI YENİ PLANI»NI ÖYRƏNMƏYƏ ÇALIŞIR:

Azərbaycan və Rusiya prezidentlərinin görüşü

Azərbaycan və Rusiya prezidentlərinin görüşü

«Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası işləri üzrə sədr müavini Vladimir Niktin bildirib ki, Rusiya Qarabağ probleminin nizama salınmasında maraqlıdır və bunun üçün böyük səylər ortaya qoyur:

«Mən bilirəm ki, hazırda Rusiya prezidenti Vladimir Putin, Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycanın və Ermənistanın liderlərinin bu ağrılı problemin həlli istiqamətində razılığa gəlmələri üçün ilkin optimal variant üzərində işləyirlər. Düşünürəm ki, nəticədə tərəflər münaqişənin həlli yolunu tapacaqlar».

Politoloq Vəfa Quluzadə qəzetə deyib ki, irəli sürülən yeni optimal həll variantı da Azərbaycanın Avrasiya Ittifaqına daxil olmasını nəzərdə tutur. Məhz Azərbaycanın bu addımından sonra Rusiya Qarabağ münaqişəsinin saxta yolla həlli variantını gündəmə gətirə bilər: «Azərbaycan və Ermənistan eyni ittifaqda birləşəndən sonra Rusiya bizə vəd verə bilər ki, problem tezliklə həllini tapacaq. Azərbaycanın Gömrük Ittifaqına, Avrasiya Ittifaqına daxil olması bataqlıqda batmasına bərabər olacaq. Rusiyanın Azərbaycana edə biləcəyi güzəşt Ermənistanın ziyanına olmamalıdır. Rusiyanın diplomatiyası yalançı görüntü yaratmaqda peşəkardır».

«AZƏRBAYCAN» QƏZETİ YENİDƏN VAŞİNQTON-BAKI MÜNASİBƏTLƏRİNƏ TOXUNUR:

«Azərbaycan hər zaman ABŞ-la strateji müttəfiqliyinə sadiq qalıb».

Çingiz Qənizadə

Çingiz Qənizadə

Deputat Çingiz Qənizadə qəzetə deyib ki, ABŞ-ın bəzi dairələri Azərbaycanın artıq Qərbi və onun dəyərlərini «inkar etmək» yolunu tutduğunu düşünməyə başlayıblar. «Guya Azərbaycan nə Avropa məkanına inteqrasiyada maraqlıdır, nə də Vaşinqton və onun müttəfiqləri ilə əlaqələrini inkişaf etdirmək istəyir:

«Lakin onlar unudurlar ki, Azərbaycan ABŞ və onun müttəfiqləri ilə beynəlxalq terrorizmə, çirkli pulların yuyulmasına, narkotiklərin daşınmasına qarşı mübarizədə və digər sahələrdə sıx əməkdaşlıq edir. Biz bu mübarizədə beynəlxalq birliyin səylərini həmişə müdafiə etmişik, ABŞ və onun mütəffiqləri ilə iqtisadi, siyasi və sosial sahədə münasibətlərin inkişafında maraqlıyıq”.

Qəzet sual edir: «Bəs, görəsən nə baş verir? Hansı səbəbdən Dövlət Departamentinin rəsmi orqanı kimi qəbul edilən «The Washington Post» qəzeti başda olmaqla bəzi Qərb KİV-lərində Azərbaycanın əleyhinə heç bir əməkdaşlıq anlayışına sığmayan, adi etika çərçivəsini aşan, qondarma materialların sayı durmadan artır. ABŞ-ın dövlət büdcəsindən maliyyələşən «Human Rights Watch», «Freedom House» və digər bu kimi təşkilatlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur...

«YENİ MÜSAVAT» İSƏ HÖKUMƏTİN APARACAĞI YENİ VERGİ SİYASƏTİNDƏN YAZIR:

«Fazil Məmmədova vergiləri toplamaq üçün fövqəladə səlahiyyətlər verildi; Vergilər nazirinə tapşırılıb ki, məmur-oliqarxların nəzarətində olan bütün istehsal müəssisələri - fabriklər, zavodlar, restoranlar, hətta qaçqınların adına rəsmiləşdirdikləri köşklər belə istisnasız olaraq vergiyə cəlb edilsin; vergi borcunu ödəməyən iri şirkətlərin siyahısı tutulub və prezidentə təqdim edilmək üçün hazırlanır...

Arxiv fotosu

Arxiv fotosu

Neftin qiymətinin kəskin düşməsi Azərbaycan hakimiyyətini büdcəyə daha ciddi nəzarət etmək üçün hərəkətə keçirib. Prezident İlham Əliyevin hökumət üzvləri ilə ötən iki ayda iki müşavirə keçirərək həm büdcədən ayrılan pulların xərclənməsinə, həm vergilərin ödənilməsinə ciddi nəzarət ediləcəyi barədə xəbərdarlığı da buna sübutdur».

Qəzet dediklərinə sübut olaraq daha sonra yazır ki, 2015-ci il dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə 7 milyard 112 milyon manat daxilolma proqnozlaşdırıb. Bunun 4 milyard 812 mln. manatı və ya 67,7 faizi qeyri-neft sektorunun, 2 milyard 300 mln. manatı və ya 32,3 faizi isə neft sektorunun payına düşür. Bu, 2014-cü ilin proqnozu ilə müqayisədə 10 milyon manat və ya 0,1 faiz çoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG