Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:16

«Redaktorların siyasi proseslərə təsiri partiya liderlərindən çoxdur»


«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu
O, cəmiyyətin və siyasi mühitin kifayət qədər tanıdığı adamdır. Bu yaxınlara qədər ölkənin aparıcı partiyalarından birində sədrin müavini postunu tutsa da, cəmiyyət onu daha çox mətbuat nümayəndəsi, baş redaktor kimi tanıyır. Hazırda o öz partiyasının sıravi üzvüdür. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək bir neçə dəfə həbs edilib. «Azadlıq» radiosunun «Tanınmışlar» verilişinin budəfəki qonağı «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğludur.

- Rauf bəy, işlər necə gedir?


- Qəzetin işi hal-hazırda çoxdur. Təxminən 20 gündür ki, qiymətin endirilməsi kampaniyasına başlamışıq. Tiraj sürətlə artır. İndi bazarda «Yeni Müsavat» tiraj baxımından liderlik edir. Deməli məsuliyyətimiz də artıb, işimiz də.


- Tiraj baxımından liderlik edən qəzetin əməkdaşları əmək haqqı almaq baxımından da liderlik edə bilirlərmi?


- Güman etmirəm. Biz bir az təvazökar əmək haqqı alırıq.


- Nədir səbəb?


- Bazarla dolanırıq. Nə satırıq, ona uyğun da maaş alırıq.


- Hakimiyyətə gəlmək istəyən qəzet redaktorunun obyektiv olması mümkündürmü?


- Mən «Yeni Müsavat» qəzetinin baş redaktoru və Müsavat Partiyasının sıravi üzvüyəm. Amma, «hakimiyyətə gəlmək istəyən qəzet redaktoru» ifadəsi heç düzgün deyil. Mən hakimiyyətin dəyişməsini istəyən vətəndaş və qəzet redaktoruyam. Bu istəyin yaratdığı ampluada obyektiv olmağa çalışıram. Amma bu hakimiyyətə münasibətdə qərəzliyəm və bunu açıq ifadə edirəm. Ancaq vətəndaşa, Azərbaycana, fakta, xəbərə, peşəkarlığa münasibətdə mən özümü obyektiv hesab edirəm. Bunu oxucu da qiymətləndirir. Mən hardasa 8-9 ildir ki, Azərbaycanda, hətta bəzi hallarda Cənubi Qafqazda tirajına görə ən çox satılan qəzetin baş redaktoruyam. Əgər obyektiv olmasaydım, bunlara nail ola bilməzdim.


«Hazırda bütün gücümü, diqqətimi qəzetə qoymuşam. Sizə deyim ki, bu vaxt ərzində qəzetdə inqilabi dəyişikliklər baş verib. Hesab edirəm ki, verdiyim qərarlar doğrudur»
- Rauf bəy, indiyə qədər neçə dəfə həbs olunmusunuz?


- Xırda həbsləri götürəndə bir neçə dəfə, amma ciddi ittihamlarla iki dəfə.


- Həbsdə olanda da yazılarınız dərc olunurdu, hətta kitabınız da çıxdı. Həbsdə olarkən yazmaq nədən irəli gəlir?


- Bu peşəkarlıqdan irəli gəlir. İki dəfə həbs olunmuşam, hər dəfə də həbsdən kitabla çıxmışam.


- Gərək ki, ibadətlə məşğul olursunuz?


- Elə birinci həbs müddətində 2000-ci ilin avqust ayında. Fürsət tapıb ibadətə gəldim və azad olunandan bir neçə ay sonra həcc ziyarətinə getdim. İmanlı olmaq bütün məqamlarda xüsusən də çətin məhbəs anlarında adama kömək edir.


- Müsavat Partiyasındakı postlarınızdan çəkildiniz. Nə baş verdi?


- Bilirsiniz mən uzun müddət Müsavat Partiyasının sıravi üzvü olmuşam. Yalnız 2001-ci ildə İsa bəyin təkidli dəvəti ilə başqan müavini olmağa razılaşdım. Ona görə razılaşdım ki, qarşıdan 2003-cü ilin prezident seçkiləri gəlirdi. Mənim cəmiyyət arasında hörmətin var, yazılarmı oxuyurlar. Bu nüfuz, söz demək və söz eşitdirmək imkanları hər halda İsa bəyə lazım ola bilərdi. İndi isə mən qərar gəldim ki, 2003-cü il mərhələsi artıq arxada qaldı, 2005 mərhələsi arxada qaldı və qarşıdan 2008 mərhələsi gəlir. Ən azı bir il, il yarımlıq fasilə götürmək və qəzetlə, media layihələri ilə məşğul olmaq lazımdır. Çünki, siyasətdə zamanımın daha çox xərclənməsi, qəzetə zamanımın daha az sərf olunmasına gətirib çıxarır və onda görürdüm ki, qəzet gün-gündən geri gedir. Hazırda bütün gücümü, diqqətimi qəzetə qoymuşam. Sizə deyim ki, bu vaxt ərzində qəzetdə inqilabi dəyişikliklər baş verib. Hesab edirəm ki, verdiyim qərarlar doğrudur. Buna baxmayaraq, hətta kiçik qəzetlərinin redaktorlarının belə siyasi proseslərə təsiri partiya liderlərinkindən çoxdur.


- Cangüdənlə gəzirsiniz. Elmar Hüseynovla bağlı bir toplantı var idi, orada siz dediniz ki, cangüdən ən azı şahid kimi lazımdır.


- Mən Bayıl təcridxanasından sonra, 13 saylı islah əmək müəssisəsinə köçürüldüm. Orada cinayətkar aləmin bir sıra qaydalarını öyrəndim. Orada «sahə» üzrə mütəxəssislər var: ev oğruları, adama oğruları, «killer»lər. Onların prinsiplərin mən öyrəndim. Belə məlum oldu ki, «killer» iki adama güllə atmır, kim sifariş verilibsə ona güllə atır. İkinci adam varsa gözləyir. Konkret olaraq 1998-ci ildə redaksiyaya və mənim otağıma basqın ediləndən sonra mən mühafizəçi ilə gəzirəm. Daha doğrusu dostlarım yanımda olur. Neçə dəfə öz həyatımı bu qərarla qurtarmışam. Rəhmətlik Elmar bir dəfə mənə dedi ki, necə olur yanında adamla gəzirsən, necə azad olursan? Ona zarafatla dedim ki, onsuzda məni vuracaqlar, istəyirəm yanımda şahid olsun. Elmar vurulan vaxta yanında heç kim olmayıb, sürücüsü onunla birgə qalxsaydı o hadisə olmayacaqdı. Nəzərə almaq lazımdır ki, biz Azərbaycanda bir saylı risk daşıyan peşənin sahibləriyik.


- Səhv etmirəmsə Tovuz rayonundansınız?


- Yuxarı Öysüzlü adlanan bir kənd var Ermənistanla sərhəddə, ordanam.


- Nə var idi o kəntdə?


- O kəntdə hər şey maraqlı idi. O kəndə çaylar var ki, suyunda çimişəm, bulaqları var ki, suyundan içmişəm. Əgər sən orada dünyaya gəlmisənsə, oranın havasını udub, böyümüsənsə deməli ora müqəddəs bir yerdir.


- Uşaq vaxtı hansı oyunları oynamağa üstünlük verərdiniz?


- Ən çox «dava-dava» oynayırdıq. Bizdə Qadama qaya, Qapalı qaya, Quş dağı deyilən yerlər var. Yüksək dağlıqlar idi. Orada daha çox «müharibə» oynayardıq. «Müharibə» oynadığın qohum-tanışım, sinif yoldaşlarım sonradan döyüşçü oldu. Yəni biz sərhəd kəndi olduğumuz üçün uşaqlar sonradan könüllü batalyon qurdular.


- Böyüdüyünüz ailədən nə danışa bilərsiniz?


- Atam, anam müəllim olublar. Çox ciddi və kənd mühitindən fərqli sistemdə böyüdüblər məni. O vaxt mənim azadlığımın məhdudlaşdırılmasına, mənə belə fərq qoyulmasına əsəbləşərdim. Biz ailədə dörd uşaq idik dördümüzdə musiqi təhsili almışıq. Avropa, Rus ədəbiyyatından dilimizə nə tərcümə olunmuşdusa hamısını bizə oxudurdular və o kitablar bizə çox şeylər verdi. Amma, mənim həyatımda böyük rolu nənəm oynayıb. Onun dünyadan köçməsi həyatımı qaralatdı, mənim birinci ən böyük itkim idi o.


- Öz uşaqlarınızı da valideynlərinizin sizə aşıladığı prinsiplərlə tərbiyə edirsiniz?


- Onların buna ehtiyacları yoxdur. Çünki, bizdən fərqli olaraq onlar daha müstəqildirlər.



RAUF ARİFOĞLUYLA SÖHBƏTİ ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG