Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:25

ARDNŞ Yunanıstana qazın qiymətinin endirməyin hələ mümkün olmadığını deyir


Arxiv fotosu

Arxiv fotosu

“Yunanıstanın Trans-Adriatik qaz kəməri (TAP) layihəsi çərçivəsində Azərbaycandan alacağı qazın satış qiymətinin aşağı salınması mümkün deyil".

APA-nın fevralın 16-da yaydığı məlumata görə bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib:

"Bu, qəbul edilən beynəlxalq təcrübənin tələblərinə uyğun gəlmir. Yunanıstanla 25 il müddətinə müqavilə bağlanıb. Müqavilədə tərəflərin qazın alış və ya satış qiymətinin dəyişdirilməsi ilə bağlı danışıqlar aparmalarının mümkünlüyü barədə müddəalar var. Bu da bazar vəziyyətində kəskin dəyişiklərin olduğu zaman baş verən bilər. Amma bu proses qazın tədarükündən sonra baş tuta bilər. Yunanıstan tərəfi hələlik qaz almadığı üçün hər hansı qiymətin dəyişdirilməsindən söhbət gedə bilməz", - deyə Elşad Nəsirov bildirib.

Vitse-prezident deyib ki, bundan başqa, qazın qiymətinin düşməsi nə Yunanıstan, nə Azərbaycan, nə də ki SOCAR-dan asılı deyil:

“Qiymətlə bağlı müqavilə Yunanıstan şirkəti ilə bu ölkəyə qaz tədarük edəcək 7 şirkətin daxil olduğu konsorsium tərəfindən imzalanıb. Bununla bağlı mexanizm Yunanıstanla qazı tədarük edəcək və danışıqları aparan qrup tərəfindən işlənib. Müqavilə imzalandıqdan sonra bu qrup öz fəaliyyətinə xitam verib. Məhz buna görə, qazın qiymətini aşağı salmaqla bağlı danışıqları aparacaq heç bir tərəf yoxdur”.

Elşad Nəsirov Yunanıstanın Azərbaycan qazını TAP layihəsi çərçivəsində nəql ediləcək tranzit haqlarının artımı ilə bağlı irəli sürdüyü tələbə də aydınlıq gətirib. O bildirib ki, bu məsələ birbaşa Avropa İttifaqına ünvanlanacaq məsələdir, lakin "Avropa İttifaqının şərtlərinə uyğun deyil".

ARDNŞ-in vitse-prezidenti deyib ki, SOCAR-ın Yunanıstandan əsas tələbi tədarük ediləcək təbii qaza görə vaxtında ödənişin edilməsi və kəmərin tikintisinin gecikdirilməməsidir.

Elşad Nəsirovun sözlərinə görə, SOCAR mütəmadi olaraq Yunanıstanın yeni hökuməti ilə əlaqədədir:

“Əgər Yunanıstan iqtisadiyyatı TAP-ın mövcudluğundan daha intensiv templərlə inkişaf edəcəksə, biz bu layihəyə istənilən dəstəyimizi verməyə hazırıq”.

Ötən ay Yunanıstanda yeni solçu hökumətin hakimiyyətə gəlməsi Azərbaycanın bir sıra qaz layihələrini sual altına qoyub. Azərbaycan qazının Avropa bazarına çıxarılması üçün Yunanıstan həm tranzit ölkə, həm də qaz alıcısı kimi iştirak edir. Yeni hökumətdən bəzi rəsmilər bildiriblər qiymətlərə yenidən baxılmasını düşünürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG