Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:49

Naxçıvandan İrana gediş-gəliş daha da sadələşəcək


Naxçıvan sakinləri öz pasportlarıyla İrana ildə cəmi 4 dəfə vizasız keçə bilirdilər
Naxçıvan sakinləri öz pasportlarıyla İrana ildə cəmi 4 dəfə vizasız keçə bilirdilər

Naxçıvan sakinlərinin qonşu İrana gediş-gəlişi yaxın günlərdə daha da sadələşəcək. Bundan sonra Muxtar Respublikanın (MR) sakinləri ümumvətəndaşlıq pasportları ilə viza almadan ildə 12 dəfə İran sərhədindən 45 kilometr məsafəyədək yerləşən sərhədyanı rayonlara gedə biləcəklər. Hər dəfə də qonşu ölkədə 15 gün qalmaq mümkün olacaq. İndiyə qədər qüvvədə olan qaydalara görəsə, Naxçıvan sakinləri öz pasportlarıyla İrana ildə cəmi 4 dəfə vizasız keçə bilirdilər.


2005-ci il noyabrın 28-də Azərbaycan və İran hökumətləri arasında Naxçıvan MR-da daimi yaşayan vətəndaşlar və İran vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında memorandum imzalanmışdı. 2006-cı il martın 1-də isə həmin sənəd Azərbaycan Respublikasının qanunu ilə təsdiqlənib. Naxçıvan MR Dövlət Statistika Komitəsindən «Azadlıq» radiosuna verilən məlumata görə, yenidən qurulmuş Culfa-İran gömrük keçid məntəqəsinin açılışından sonra – yaxın günlərdə həmin razılaşmanın icrasına başlanacaq.


Naxçıvanın Bakıdakı nümayəndəliyinin rəhbəri Rəşad Qulamov bildirir ki, əvvəllər İranın Muxtar Respublikadakı konsulluğu bu ölkəyə getmək üçün yerli sakinlərə 5 illik müddəti olan xüsusi kitabçalar verirdi.


İranın daha uzaq yerlərinə səfər etmək istəyənlər isə qonşu ölkənin Azərbaycandakı səfirliyinə, həmçinin Naxçıvandakı Baş Konsulluğuna müraciət edərək, 3 aylıq çoxkeçidli giriş vizası alacaqlar. Vizalar qarşılıqlı olaraq rüsumsuz veriləcək və hər viza alanın 20 gün həmin ölkədə qalmaq imkanı olacaq. Sadələşdirilmiş qaydalar Naxçıvana gəlmək istəyən İran vətəndaşlarına da şamil ediləcək.


İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Nasir Həmidi Zare deyir ki, konsulluğun yerli əhaliyə verdiyi kitabçaların fəaliyyəti dayandırıldıqdan sonra gediş-gəliş azalıb.


MR rəsmilərinin fikrincə isə, yeni qaydaların tətbiqi iki dövlət arasında mədəni-iqtisadi əlaqələrin genişlənməsi ilə yanaşı, bölgədə yerli sahibkarlığın inkişafına da şərait yaradacaq.


Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2006-cı ilin 9 ayı ərzində MR-dan qonşu ölkələrə 345 min ABŞ dollarından çox məbləğdə meyvə və tərəvəz məhsulları ixrac edilib. Gediş-gəlişin sadələşdirilməsindən sonra ticarət dövriyyəsinin daha da artacağı gözlənir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG