Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:19

-

Joshua Kucera Eurasianet saytında ötən şənbə Azərbaycan parlamentində ABŞ-Azərbaycan münasibətlərinə dair dinləmələrdən yazır.

ABŞ Konqresinin altkomitəsində tənqidi dinləmədən sonra Azərbaycan parlamenti də cavab tədbiri keçirdi, Birləşmiş Ştatları Bakının Vaşinqtonla strateji əməkdaşlığını gözardı etməkdə günahlandırdı.

«Maraqlıdır ki, Bakının Vaşinqtonun tənqidinə verdiyi cavabda ölkədəki insan haqları və narazılarla bağlı siyasəti müdafiə olunmurdu. Diqqət yalnız Azərbaycanın Birləşmiş Ştatlar üçün strateji marağına və Vaşinqtonun bu amili insan haqları problemlərindən uca tutmamasına yönəldilmişdi. İddia olundu ki, Kauzlarich Azərbaycanın ABŞ üçün elə də vacib tərəfdaş olmamasını əsaslandırmağa çalışır, ABŞ-ın hökumət rəsmiləri isə başqa şey deyir. Deyəsən, Bakıdakı rəsmilər düşünürlər ki, nə qədər strateji baxımdan əhəmiyyətlidirlər, ölkə içində istədiklərini edib cəzasız qala, sudan quru çıxa bilərlər», - Kucera yazır.

«BİZNESMENİN PUTIN-Ə UĞURSUZ SƏRMAYƏDƏN DƏRS ALMAĞI»

Bunu «Washington Post»da Jackson Diehl yazır.

«Birinci dəfə Bill Browder-lə rastlaşanda, o, «Washington Post»un redaksiya heyətinə gəlib deyirdi ki, Vladimir Putin-lə bağlı tənqidlər yanlışdır. 2000-ci illərin əvvəlləri idi, onda Putin azad medianı, sahiblərini təqib edir, Çeçenistan respublikasını yerlə-yeksan edirdi. Rusiyada ən böyük Qərb investisiya fondunun rəhbəri olan Browder isə höcətləşirdi ki, biz Putin-in islahatçı olduğunu unuduruq, o, Rusiyanın post-sovet xaosunu liberal kapitalizm və hüququn aliliyi ilə əvəzləyir», - müəllif yazır.

«Browder köklü, sonucda faciəvi şəkildə yanıldı. 2005-ci ildə Putin ona tərəf döndü və o, Rusiyadan çıxarıldı. Şirkətləri müsadirə olundu, korrupsioner məmurlar ondan istifadə edərək 230 milyon dollar oğurladı. Browder-in həmin mexanizmi üzə çıxarmaq üçün tutduğu vəkili də həmin məmurlar həbs etdilər və onunla o qədər pis rəftar olundu ki, təcridxanada öldü». (Sergey Magnitsky nəzərdə tutulur-red.)

Bill Browder

Bill Browder

Müəllif yazır ki, Browder mövqeyini tamamilə dəyişdi. Məhz onun səyləri nəticəsində Konqres 2012-ci ildə «Magnitsky qanunu»nu qəbul etdi. Browder-in internetə yerləşdirdiyi, yüz minlərlə rusiyalının izlədiyi videolar polis, vergi məmurları, hakimlərin qəddarlığını əks etdirir. İndi kitab da yazıb və Rusiya və Putin-lə bağlı mərci uduzduğunu səmimiyyətlə boynuna alır. «Kremllə işləməyin tərəfdarı olan, bunu təbliğ edən Qərb hökumət rəsmiləri və biznesmenlər bu kitabı oxumalıdırlar. Çünki hətta son on ildə Rusiyada baş verənlərdən sonra belə, onlar yanlış fikirlərə düşməyə meyllidirlər», - müəllif yazır.

«Putin-in, yaxud rejim üzvlərinin bir gün məni öldürtdürəcəyini düşünə bilərəm. Öldürülsəm, bunu kimin etdiyini biləcəksiniz», - Browder yazır.

MİQRANTLAR ÜÇÜN ÖLÜM HÖKMÜ

Ötən həftə Aralıq dənizində 300 miqrantın ölümünü qabaqcadan görmək, əngəlləmək olardı. Nə qədər ki, Avropa Birliyi Avropada təhlükəsizliyə çatmaq naminə həyatlarına riskə atanlara yanaşmanı dəyişməyib, belə faciələr yenə baş verəcək.

«The New York Times» belə yazır:

«Günah qaçaqçılardadır. Sağ qalanlar deyir ki, onlar miqrantları qarət edib, sonra da silahla onları məcbur edib ki, qayıqlara minsinlər. Onlar cinayətkardırlar, tutulub cəzalandırılmalıdırlar. Ancaq Avropa Birliyinin də günahı var. Ötən həftəki ölüm halları Britaniya baş naziri David Cameron-un önə çəkdiyi sinik yanaşmanın nəticəsidir. Yanaşmaya görə, miqrantlar prosesdə öləcəklərini bilirlərsə, Avropaya yollanmayacaqlar».

Afrikali miqrantlar İtaliya sahillərində - 2014

Afrikali miqrantlar İtaliya sahillərində - 2014

Müəllif yazır ki, miqrantların sayının artmasının bir səbəbi də Suriya, Liviya, Saharaaltı Afrikada münaqişələrdir. Ötən il dənizdən Avropaya 170 min miqrant keçib, 3 min 200 nəfər isə ölüb:

«Hazırda ən vacibi Avropanın maliyyəsi ilə patrul-xilasetmə əməliyyatının aparılmasıdır. Avropa Komissiyası üzv dövlətləri bu işə qoşulmağa çağırmalıdır».

NEÇƏ SAAT YATMALIYIQ?

«The Guardian» yazır ki, ABŞ-da bir qurum hər bir yaş qrupu üçün tövsiyə olunan yuxu normalarını hazırlayıb.

Milli Yuxu Fondunun tədqiqatında deyilir ki, bir neçə gecə ardıcıl olaraq çox az yatmaq sizi əldən salır, fikrinizi cəmləşdirə bilmirsiniz, depressiyaya düşür, narahat olursunuz.

6-9 yaşlı uşaqlar 7-8 saat da yata bilərlər, ancaq 9-11 saat yatmaqları tövsiyə olunur. Yeniyetmələr yaxşı olar 8-10 saat yatsın. Bəziləri 7 saat da yatır, ancaq 11 saatdan çox yatmaq da səhhətə ziyandır. 18-64 yaşlıların 7-9 yatması tövsiyə edilir. Düzdür, bəzilərinə 6 saat da bəs edir.

Yaşı 65-dən yuxarı olanlar üçün 7-8 saatlıq yuxu arzuolunandır. Ancaq bəzilərinə 5 saat da kifayət edir, səhər tez oyanır, gün ərzində mürgüləyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG