Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:47

-

"Qurduğumuz ordu vaxtında Dağıstan sərhədində cəmləşdirilsəydi, döyüş intizamında ciddi problemlər yaşayan və pis təşkil olunan 11-ci ordu hissələrinin Azərbaycana ayaq basması mümkün olmazdı…"

Bakı piyada alayının komandiri polkovnik İsrafil İsrafilbəyovla müsahibənin 2-ci bölümü

əvvəli burda

AzadlıqRadiosu “İz” proqramının başladığı yeni “virtual müsahibələr” layihəsi cümhuriyyət Azərbaycanının istiqlal və demokratiya mücahidlərini, eləcə də digər görkəmli simalarını gənc nəslə daha dərindən tanıtmaq məqsədi daşıyır.

Bu müsahibə Cümhuriyyət Ordusunun zabiti – polkovnik İsrafil bəy İsrafilbəyovdan “alınıb”. O, 5-ci Bakı piyada alayının komandiri olub. 1920-ci ildə Azərbaycandan mühacirət edəndən sonra bir müddət İran və Misirdə, Hindistan və Türkiyədə yaşayıb. 1923-cü ildə müqavilə əsasında Polşa Silahlı Qüvvələrində xidmətə başlayıb. İkinci Dünya Müharibəsinin iştirakçısıdır. Azərbaycan Legionu tərkibində Sovet İttifaqına qarşı vuruşub. Sovet hərbi tribunalının hokmü ilə 1945-ci ildə güllələnib. Polkovnik İsrafilbəyovla müsahibənin başlıca qaynağı onun rus dilində yazdığı və 1932-ci ildə Polşada - «Горцы Кавказа» jurnalının 35-36-cı saylarında çıxan “Azərbaycan Ordusu haqqında xatirələr” məqaləsidir. Bu məqalə M.Ə. Rəsulzadənin xahişi ilə yazılıb.

(2-ci bölüm)

AzadlıqRadiosu (AR): Qoşunların daha sonra məhz Qarabağ cəbhəsində cəmləşdirilməsi nədən irəli gəldi? Sizcə, bu, rus bolşevik ordusunun önünü açmaq demək deyildi?

Polkovnik İsrafilbəyov (P): Elə bu məsələyə aydınlıq gətirmək istəyirəm. 1920-ci il martın 20-də gecə saat 12 radələrində baş qərargah rəisi general Səlimov məni o məclisdə ayrıca otağa çağırıb, təxminən bunları dedi: “Sabah səhər saat 11-də sərəncamında olan 5-ci Bakı piyada alayı Yevlax stansiyasına yola düşməlidir. Şuşa və Xankəndi qarnizonlarındakı zabitlərimizin bayram keçirməsindən yararlanan erməni qiyamçılar dünən gecə yatan əsgərlərimizə basqın düzəldiblər. Xoşbəxtlikdən, qiyamçılar gərəkən cavabı alıblar.

Ancaq qiyamçılar Əsgəran keçidini tuta biliblər, çünki Əsgəran Qalasının keçidi qoruyan azsaylı qarnizonunun onların qarşısını kəsməyə gücü çatmayıb. Beləcə, Qarabağı Azərbaycanın qalan hissələriylə birləşdirən yeganə yol qiyamçıların əlinə keçib. Durumu düzəltmək lazımdır. Bundan ötrü hökumət oraya 3 qoşun növündən ibarət xüsusi dəstə göndərmək qərarına gəlib. Dəstəyə mən – general Səlimov rəhbər təyin olunmuşam. Bu dəstəyə sizin 5-ci Bakı piyada alayı, 8-ci Ağdam piyada alayı, 1-ci tatar atlı alayı, 4-cü Quba piyada alayının bir batalyonu, parlamentin 2 mühafizə eskadronu, 2-ci topçu briqadası və qısalüləli toplar bölüyü daxildir”. Martın 21-də səhər saat 10 radələrində 5-ci Bakı piyada alayı Bakıdan yola düşdü; axşam dəmiryolla Yevlaxa çatdı. Oradan Ağdamadək yürüş 2 gün apardı.

AR: Bu qüvvəylə qiyamı çox qısa müddətdə yatırmaq mümkün deyildi?

P: Axı Azərbaycanın qalan yerlərindən Dağlıq Qarabağı dağlar ayırır. Bu dağlardan bəzilərinin hündürlüyü 2 km-i aşır. Dağlıq Qarabağı Ağdamla birləşdirən yeganə yol qədim Əsgəran Qalasından keçir. Bu qalanı, onun sağ və solundakı dağları qiyamçılar tutmuşdular. Onlara erməni çetelərinin məşhur hərbi təşkilatçısı Dro şəxsən rəhbərlik edirdi. Qoşunlarımız çox çətin vəzifəylə üzləşmişdi: qalaya və hündür dağlara hücum etmək qaçılmaz idi.

AR: Bəs bu durumda ordu kəşfiyyatının nə köməyi dəyirdi?

P: Qarabağa göndərilən xüsusi dəstənin kəşfiyyat dəstəyi yetərincə olub. Kəşfiyyatçılarımız özəlliklə düşmən pulemyotlarının mövqe və sayı barədə dəqiq məlumat toplamışdılar. Pulemyotlar, başlıca olaraq, Əsgəran Qalasında, bir də onun sağındakı yüksəkliklərdə yerləşdirilmişdi.

AR: Döyüş nə vaxt başlandı?

P: Aprelin 2-də hərbi nazir cəbhəyə gəldi, amma 3 gün sonra - gecə saat 4-ün yarısında hücuma keçdik. Qatı duman olduğundan topçulardan faydalana bilmədik və Əsgəran keçidini, onun sağındakı yüksəklikləri hədəfə aldıq. Səhər saat 6-da duman çəkildiyindən topçularımız qalanı və sağındakı yüksəklikləri atəşə tutmağa başladılar. Podpolkovnik Nəbibəyovun topçu bölüyü özəlliklə 5-ci Bakı piyada alayının hücumuna çox kömək etdi.

AR: Əsgərlərin əhvalı necə idi? Fərarilik diqqət çəkirdi?

P: Fərarilikdən söhbət gedə bilməzdi. Hərbi nazir də ordaydı deyə, əsgərlər özlərini təlimdəki kimi hiss edirdilər. Onlar ölümcül pulemyot və tüfəng atəşi altında durmadan irəliyə gedirdilər. “İrəli!” nidaları və toplarımızın hədəf atəşləri onlara ruh verirdi. Topçularımız qarşıdakı istehkamları birbəbir dağıdırdılar. Amma qiyamçılar da dirənirdilər. Ədalət naminə deyim ki, bu döyüşdə qarşı tərəf də qeyri-adi mətanət və igidliklə vuruşur, qanlı döyüş aparırdı… Qiyamçıların dirənişini yalnız axşama yaxın qırmaq mümkün oldu. Əslən Dağıstandan olan polkovnik Əfəndiyevin əmrində olan 8-ci Ağdam piyada alayı və parlamentin mühafizəçiləri Əsgəran Qalasını ələ keçirdilər: mənim komandam altındakı 5-ci Bakı piyada alayı da qalanın sağındakı yüksəklikləri hücumla aldı. Mənim alayımda 40 nəfər ölü və yaralı vardı. 5-ci batalyonun komandiri podpolkovnik Kutateladze də yaralanmışdı…

AR: Dirəniş qırıldı?

P: Dirəniş qırıldı, amma dirənişçilər qaçıb qurtara bildilər.

AR: Necə?

P: Ehtiyatda olan 1-ci tatar atlı alayı onları izləməyə başlasa da, qaranlığın düşməsi bu işi davam etdirməyə imkan vermədi.

AR: Sonra nə oldu?

P: Sonra Ağdamda təntənələr başladı; milli marşın sədaları və “Yaşasın!” səsləri Əsgəran Qalasında da eşidildi. Əks tərəfin mövqelərini tutan zabit və əsgərlərimiz törən və xoşbəxtlik dolu anlar yaşadılar… Əsgəran Qalası ələ keçirilən axşam xüsusi dəstənin rəisi general Səlimov döyüşçülərin yanına gəldi. Dəstənin qərargah rəisi polkovnik Zeynalzadə onunla görüşüb Bakıya qayıdan hərbi nazirin sözlərini də mənə çatdırdı: “Ömrümün son illərini doğma xalqıma həsr etdiyim üçün çox şadam. Gənc ordu ümidlərimi doğrultdu, öz vəzifəsini parlaq şəkildə yerinə yetirdi. Zabitlərə təşəkkürümü, qoçaq əsgərlərə atəşin sağollarımı çatdırın”.

AR: Bəs daha sonra?

Əliağa Şıxlinski

Əliağa Şıxlinski

P: Dəstə dan ağaranacan tutduğu mövqedə qaldı. Hava işıqlaşanda qiyamçıları izləməyə başladıq. Onlar Əsgəran altında bütün pulemyotlarını və az qala bütün təchizatlarını itirərək, Keşişkəndə tərəf çəkilmişdilər. Dəstəmiz axşama yaxın, döyüşsüz-filansız, Xankəndini ələ keçirdi və daha sonra Şuşaya sarı istiqamət götürdü. Yolüstü - Daşkənd və Şuşukənd civarlarında iki xırda döyüş oldu. Nəhayət, Keşişkəndə çatdıq. Burada hər şey qarşı tərəfin ciddi dirəniş göstərəcəyindən soraq verirdi.

AR: Xüsusi dəstənin o cür kəndi almasında nə çətinlik ola bilərdi ki?

P: Keşişkəndin yerləşdiyi ərazi uçurum və qayalarla kəsişirdi. Bu təbii əngəllər kəndi dövrəyə aldığından, oraya yalnız bir neçə piyada və mal-qara cığırıyla getmək olardı. On nəfər atıcı bu cığırları tutsa, bir batalyonun hücumunu kəsməyə yetərdi.

AR: Belə çıxır ki, hücumu dayandırdınız?

P: Niyə gərəksiz itkilərə yol verək ki? Komandanlıq əlavə qüvvələrin gəlməsi üçün hücumu dayandırmaq qərarına gəldi. Xüsusi Dəstənin Şuşa və Daşkənddə yerləşmiş hissələri vardı. Tezliklə 1-ci Cavanşir piyada alayı və 2-ci Qarabağ atlı alayı da köməyə yetişdi və... 1920-ci il aprelin 12-də Keşişkəndə hücum əmri verildi. 1-ci Tatar atlı alayı, Quba piyada alayının batalyonu və dağ-süvari topçu bölüyü əvvəlcədən kəndin arxasına göndərilmişdi. Saat 11 radələrində artilleriya hazırlığı başlandı və daha sonra 5-ci Bakı və 1-ci Cavanşir piyada alayları hücuma keçdi. Aparılan qanlı döyüşlərdə qiyamçılar tam darmadağın edildilər və dəstə Keşişkəndi aldı.

AR: Deməli, aprelin 12-dən sonra qoşunlar daimi mövqelərinə qayıda bilərdi? Axı cəmi 2 həftədən sonra bolşeviklərin qırmızı ordusu Bakını işğaı edəcəkdi…

P: General Səlimov Keşişkəndin alınmasını teleqrafla hərbi nazir vəzifəsini icra edən general Şıxlinskiyə bildirdi (nazir – general Mehmandarov bu vaxt xəstə idi). Cavab teleqramında general Şıxlinski ayrıca sərəncamadək Xüsusi Dəstənin Qarabağda qalmasını əmr etdi. Amma dəstənin qalmasına ehtiyac yox idi, çünki qiyamçılar indən belə heç bir təhlükə törədə bilməzdilər. Nazir əvəzinin bu sərəncamı sonradan Azərbaycanın taleyində çox acı rol oynadı…

AR: Yəni durumun dramatikliyi aydın deyildi?

P: Deməzdim. Qarabağdakı qələbələrin dadını çıxara bilmirdik. Bolşeviklər var qüvvələriylə vuruşurdular. Onlar sərhədlərimizə tam yaxınlaşmışdılar. Bundan ruhlanan yerli bolşevik fraksiyası da parlamentdə baş qaldırmışdı. Bolşeviklər Azərbaycanda, özəlliklə çoxmillətli Bakıda gizli, amma güclü təbliğata başlamışdılar. Qırmızı ordu hissələri sərhədə toplaşırdı.

AR: Yəni onların önünü kəsəcək qoşun yox idi?

P: Vardı, amma gücü yetərsizdi – 4-cü Quba piyada alayının 2 batalyonu, 6-cı Göyçay piyada alayının 2 batalyonu və topçu bölüyü orada mövqe tutmuşdu… Durum çox təhlükəli olduğundan Qarabağdakı Xüsusi Dəstənin tərkibindəki 3 piyada, 2 atlı alayları və 3 topçu bölüyü bolşeviklərə qarşı dayanmaq üçün dərhal Dağıstan sərhədinə hərəkət etmək əmri almışdı. Onlar elə Yevlaxa çatmışdılar ki, general Şıxlinskinin imzaladığı 2-ci əmr gəldi. Bax elə bu - əvvəlki əmri ləğv edən və dəstəni Qarabağa qaytaran əmr cümhuriyyətin taleyində çox acı rol oynadı.

AR: General Şıxlinski kimi bir hərbçi bu əmri necə əsaslandıra bilərdi ki?

P: Sonradan məlum oldu ki, bu saxta əmri bolşevik casusları “uydurubmuş”. Təbii ki, özlərinin məşhur “siyasi simalarının” yardımıyla… Ardını özünüz də bilirsiniz…

…Daha öncə də vurğuladığım bir fikri təkrarlamaq istəyir və tam məsuliyyətlə deyirəm: qurduğumuz ordu vaxtında Dağıstan sərhədində cəmləşdirilsəydi, döyüş intizamında ciddi problemlər yaşayan və pis təşkil olunan 11-ci ordu hissələrinin Azərbaycana ayaq basması mümkün olmazdı…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG