Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:38

Azər Cırtdan: «Azərbaycanın taleyinin dəyişməsini istəyirəm»


Azər Cırtdan
Azər Cırtdan

-

"Vətənim üçün çox darıxıram. Ancaq qorxuram ki, vətən mənim üçün xatirələrim və xəyallarımdan ibarət virtual bir yerdir artıq".

Müsahibimiz Azərbaycandan Hollandiyaya mühacirət etmiş musiqiçi Azər M\əmmədovdur. Azər Cırtdan kimi tanınır.

- Azər, hər bir yaradıcı insan üçün başqa ölkə həm müəyyən məhdudiyyətlər, həm də ölkəsində olmayan yeni imkanlar deməkdir. Sizin məhdudiyyətləriniz və yeni imkanlarınız hansılar oldu?

- Artıq 4 cü ildir, Azərbaycan xaricində yaşayıram. Haqlısınız, məhdudiyyətlər və yeni imkanların olduğu 4 il idi. Yeni cografiyada yaşamam öncəliklə keçmişimə və gələcək planlarıma yenidən baxma şəraiti yaratdı. Hazırda ailəmlə və təhsilimlə məsğulam.

- Bir musiqiçi kimi özünüzü necə və harda ifadə edirsiniz?

- Musiqiyə bir müddətdir, ara vermişəm. Vaxtımın böyük hissəsini ailəmə sərf edirəm. Lakin hər səhnəyə çıxmaq şansını da dəyərləndirməyə çalışıram. Səhnə musiqiçi üçün ən doğma və tanış yerdir.

- Bu səhnələr hansılardı? Barlar, gecə klubları, yansısa yaradıcılıq ocaqları?

- Əslində, fərqi yoxdur. Dinləyicimlə güruşə bildiyim hər yer mənim üçün səhnədir. Hal-hazırda azərbaycandilli dinləyicilərimə ancaq internet vasitəsi ilə ulaşa bilirəm. Bu da, bir növ səhnədir mənim üçün. Təbii, könül istər ki, hər şey gerçək olsun. (Ardı aşağıda)

- Azərbaycan demişkən, bir ara Azərbaycandan da, dostlarınızdan da, konkret insanlardan da narazı idiniz. Səbəbini azdan-çoxdan bilirik. Həmin dövrdən bu yana nə dəyişib? Azərbaycan, ümumiyyətlə, ordan umu-küsüsü olacaq qədər sizin üçün maraqlıdırmı?

- Olan olub, keçən keçib. Ancaq bir açıqlama borcluyam hər halda. Belə deyək: qısacası, bunu anladım ki, ölkəmizdə hər kəs öz işi ilə məşğul olsa, sabahdan etibarən hər şey dəyişər. Mən ədalətsizliyi, yanlış olduğunu düşündüyüm şeyləri dilə gətirdim.

Heç kimdən küsülü və ya əsəbi deyiləm. Özümü, öz həyatımı anlamaqla, tanımaqla məşğulam. Azərbaycan isə mənim vətənimdir, baş verən hər şey məni maraqlandırır.

Lakin hadisələrə təsirim olmadiğından, heç vaxt da olmayacağından (mən belə düşünürəm) üçün bu movzuda yorum etmirəm. Sadəcə, bunu deyə bilərəm ki, bölgədə baş verən xaosdan və onun vətənim üçün yaradacağı nəticələrdən çox narahatam. (Ardı aşağıda)

- Avropa dinləyicisi ilə Azərbaycan dinləyicisi arasında hansı fərqləri gördünüz bu dörd ildə? Mədəniyyətlərində, yanaşmalarında, davranışlarında?

- Heç bir fərq yoxdur. Nə orda anlayırdılar, nə də burda anlayırlar. Zarafat bir yana, Avropa dinləyicisi təhsili yüksək, musiqi zövqü iti dinləyicidir. Musiqimlə əlaqəli ancaq yaxşı yorumlar eşitmişəm indiyə qədər. Azərbaycanlı dinləyicilərimlə isə ayrı bir bağ var. Onlar məni daha yaxşı anlayacaq insanlardır. Mahnılarımın dinləndiyini görəndə özümü xoşbəxt hiss edirəm, hiss edirəm ki, məni anlayırlar.

- "Qabonlu" mahnınız ən ürəkparçalayan ifalarınızdan biridir. Vətəniniz üçün bu qədərmi çox darıxırsınız?

Azər Cırtdan
Azər Cırtdan

​- Qabon Azərbaycana çox oxsayan ölkədir. Tarixi yazqısı etibarilə çox bənzəyir. Mən Azərbaycanın yazqısının dəyişməsini çox istəyirəm.

Özünə yetən, elm səviyyəsi yüksək, insanları xoşbəxt bir ölkə xəyalındayam. Vətənim üçün çox darıxıram. Ancaq qorxuram ki, vətən mənim üçün xatirələrim və xəyallarımdan ibarət virtual bir yerdir artıq.

- Azərbaycanda baş verənlər hələ də yaradıcılığınızda əksini tapır? Yəni təsirləndiyiniz və musiqiyə çevirdiyiniz şeylər Azərbaycanla bağlı olur?

- Inaniram ki, yaradıcı insanın başlıca funksiyalarından biri, yaşadığı dövrü anladacaq əsərlər yaratmaqdır. Mahnılarımda bunu həmişə etməyə çalışmışam. Ancaq məni artıq sadəcə Azərbaycan yox, dünya da maraqlandırır. Dünyada yaşayan bütün insanlar artıq bir-biriləri ilə o qədər bağlı olublar ki, bir yerdə baş verənlər minlərlə kilometr uzaqda yerləşən başqa bir yerdə baş verənlərə təsir edə bilir. Çalışıram, dinləyicilərimin dünyagörüşü maksimum genis olsun. Çünki, ölkəmizi artıq dünyadan abstraktlaşdırmaq olmaz. Sözün açığı, mən bir missiyası olan birisi kimi görmürəm özümü. Sadəcə, bildiklərimi paylaşmağa, bölüşməyə çalışıram.

- Azər, iki gözəl qızınız, gözəl və ağıllı həyat yoldaşınız var. Mehribanlıq və anlayışda, müasirlikdə ailənizi örnək göstərmək olar. Doğrudurmu ki, qürbətdə ailə daha möhkəm, daha sarsılmaz olur?

- Ailə harda olmasından və hansı şəraitdə var olmasından asılı olmayaraq, sarsılmaz olmalıdır. Qürbət bizim üçün bir şeyi dəyişdirmədi. Burda bir qızımız da doguldu. Uşaqlar doğulduqdan sonra valideyinlər artıq onların qismətini yaşayırlar. Balalar xoşbəxt olduqca valideyinlər də xoşbəxt olurlar.

Söhbətləşdi: Günel M.

Azər Cırtdan və Hikmət Hacızadənin birgə ifası

XS
SM
MD
LG