Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:29

Bu ahıl, qocalmış divar saatı bu sarı divardan asıb özünü...


Namiq Abdullayev

Namiq Abdullayev

OxuZalında yeni imza

Namiq Abdullayev

REKVİEM

Gedərkən küsdürüb baxışlarımı,

Tükənib taqəti, bitib dözümü.

Bu ahıl, qocalmış divar saatı

Bu sarı divardan asıb özünü.

Hətta söyləməyib vəsiyyətini,

Əqrəblər tərpənmir, yazıq dayanıb.

Bu ahıl, qocalmış saat nədir ki?

İndi haradasa tarix dayanıb.

Hardasa, hardasa, dərin bir sükut.

Zalım dəyirmanı suyu aparır.

Qayıdan quşları yetim buraxıb.

Dalınca nəhəng bir göyü aparır.

O göyün övladı, balaca oğlan,

Fikrinə gəl bağla bir cüt qanadı.

Böyüyüb nəhəng bir tarix qurarsan.

İndilik düzəlt bir divar saatı.

İndi anlamışam ki, iztirabım,

Gələcəkdən gələn xəbər haraymış.

Hələ onda mənim əməl kitabım,

Heç kitab deyilmiş, qaralamaymış.

İndi anlamışam, indi bilmişəm,

Yaşarkən ağrımaq faciə deyil.

Milyonlar içində tənha qalıb da

Əzilmək, yıxılmaq faciə deyil.

Faciə odur ki, bir gün umasan,

Keçmiş günlərindən bir imdad gələ.

Əlinə aldığın şəkillərinsə,

Sənə özgə gələ, sənə yad gələ.

Dərin bir sükutdur, saat da susur,

Qayıdacaq quşlar uzaqlardadır.

Göyləri düşünən balaca oğlan

İndi yer üzündə görən hardadır?

23.12.2014

Günün bütün mövzuları

XS
SM
MD
LG