Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:02

-

«Aylardır ki, etdiyim şikayətlərə baxılmır. Əksinə, mən şikayət etdikcə, üzərimə gəlirlər. Hədələyirlər, yaşamağa imkan vermirlər. Səbəb də odur ki, barəsində şikayət etdiyim adamın arxası möhkəmdir».

Hacıqabulun Qızılburun kəndinin sakini, 20 Yanvar əlili Yalçın Dəmirovun növbəti dəfə «Qaynar xətt»ə üz tutmasına səbəb rayon polisindən etdiyi şikayətlərin hələ də nəticəsiz qalmasıdır. Deyir, ötən il sentyabrın 14-də Ruslan və Tural adlı kənd sakinləri idarə etdiyi «KAMAZ» markalı yük maşını ilə onun evindən çölə qapı açdığı və ərzaq köşkü kimi istifadə etdiyi əraziyə giriblər. Nəticədə ərzaqlar yararsız hala düşüb.

«YÜK MAŞINI İLƏ EVİMƏ GİRDİLƏR»

«Sərxoş vəziyyətdə obyektimi dağıdıb, viran qoyublar. Dərhal polisə müraciət etmişəm. Əvəzində özümü qandallayıb apardılar. Ruslan da şöbədə idi. Onu 1 saat saxlayıb buraxdılar. Məni incitdilər. Axşama kimi saxladılar. Ekspertizadan keçirildim, bədənimdə sıyrıqlar, əzilmələr var. Evimə basqın edəndə başıma 15 təpik vurmuşdular. Bununla belə qarşı tərəfin əməllərini ört-basdır edirdilər. Sonradan bildim ki, məni döyənlərdən birinin yaxın qohumu vəzifədə işləyir və onu himayə edir».

Yalçın Dəmirov iddia edir ki, qarşı tərəfin himayədarı olduğuna görə hadisə ört-basdır olunur:

«Hələ də kənddə mənə meydan oxuyurlar. Deyirlər, şikayət edib nə qazandın? Mən də polisin hərəkətlərindən Daxili İşlər Nazirliyinə, prokurorluğa yazdım. Yenə xeyri yoxdur».

Orxan Mansurzadə

Orxan Mansurzadə

DİN DEYİR Kİ, TƏQSİR ƏLİLDƏ OLUB

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bununla bağlı bildirib ki, Yalçın Dəmirovun şikayətləri araşdırılıb və əsassız olduğu üzə çıxıb. Onun dediyinə görə, Yalçın Dəmirov 2014-cü il sentyabrın 14-də həmkəndlisi Ruslan Babayevlə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb. Ruslan Babayevə bədən xəsarətləri yetirdiyinə görə rayon prokurorluğu tərəfindən onun barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül xəsarət yerirmə maddəsi ilə cinayət işi başlanıb və rayon polis şöbəsinə tapşırılıb. Oktyabrın 30-da təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Qətimkan tədbirinin şərtlərini pozduğu üçün noyabrın 5-də barəsində axtarış elan edilib, tutulması haqqında qərar qəbul olunub. Polis əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilib. Cinayət işinin istinaqı tamamlanıb və məhkəməyə göndərilib.

Orxan Mansurzadə bildirib ki, Yalçın Dəmirov əvvəllər də xuliqanlıq əməlinə görə 1 il 8 ay islah işləri cəzasına məhkum edilib. Milli Məclis tərəfindən verilmiş amnistiya qərarına əsasən, həmin cəzadan azad olunub. DİN sözçüsü Yalçın Dəmirovun Hacıqabul rayon ruhi-əsəb dispanserində qeydiyyatda olduğunu da bildirib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG