Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:39

İran Azərbaycanı məsələsi Los Ancelesdə müzakirə olunub


İnsan hüquqları fəalı Faxtə Zəmani və jurnalist Həbib Azərsina

İnsan hüquqları fəalı Faxtə Zəmani və jurnalist Həbib Azərsina

Oktyabrın 21-də Amerikanın Los Anceles şəhərinin Kaliforniya Universitetində (UCLA) keçirilən Azərbaycan-Amerika Gənclər Forumunda İran Azərbaycanı məsələlərinə də toxunulub. Kaliforniyanın Amerikalı Azərbaycanlılar Şurası (KAAŞ) tərəfindən təşkil edilmiş forumda çıxış edən insan hüquqları fəalı Faxtə Zəmani İranda azərbaycanlıların milli və mədəni haqlarından müdafiə edənlərə qarşı təqib, təzyiq, həbs və işgəncələrin davam etdiyi haqda geniş məlumat verib və bildirib ki bu günə qədər «Amnesty International»dan başqa digər beynəlxalq insan hüquqları təşkilatları və dünya ictimaiyyəti bu məsələyə sükutla yanaşıb. Faxtə xanım bunu nəzərə alaraq forumda iştirak edən azərbaycanlı gənclərdən bu sahədə daha fəal olmalarını istəyib.


İran hökuməti kürd qiyamlarını yatırtmaq üçün həmişə azərbaycanlı hərbçilərdən istifadə edir


KAAŞ-ın Direktorlar Şurasının üzvü Gülzar Babayeva və Adil Bağırov da Faxtə Zəmaninin bu təklifini dəstəkləyib. Onlar qeyd ediblər ki, Amerikada yaşayan Azərbaycan gəncləri yalnız Azərbaycan Respublikasının məsələlərini yox, həm də İranda yaşayan soydaşlarının üzləşdiyi problemləri diqqətə saxlamalıdırlar.


Los Anceles şəhərinin Kaliforniya Universitetində keçirilən Forumunun geosiyasət bölümündə çıxış edən tədqiqatçı və jurnalist Həbib Azərsina İranın Qərbi Azərbaycan vilayətinin etnik tərkibindən danışıb. O, bir sıra lobbi qrupların iddia etdiyinin əksinə olaraq, mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əhalisinin əsasən Azərbaycan türklərindən ibarət olduğunu deyib.


Azərsinanın sözlərinə görə Qərbi Azərbaycanda kürdlərin çoxluq təşkil etdiyi barədə əsassız iddialar İranın bu vilayətinin dominant etnik qrupu olan azərbaycanlılarla kürdlər arasında münaqişələrə səbəb ola bilər. Natiqin fikrincə, İran hökumətinin «parçala hökm sür» siyasəti azərbaycanlılarla kürdlər arasındakı ixtilafları daha da kəskinləşdirir. Belə ki, İran hökuməti kürd qiyamlarını yatırtmaq üçün həmişə azərbaycanlı hərbçilərdən istifadə edir.


Amerikanın Azərbaycan mənşəli vətəndaşlarının böyük əksəriyyəti İrandan bu ölkəyə mühacirət edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG