Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:24

Çoxmərtəbəli binaların ortasında itən “Ortaçala”


Arxiv fotosu.
Arxiv fotosu.

-

Bakı şəhər sakini, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 80 ünvanda yerləşən “Ortaçala” kafesinin sahibəsi Emilla Fərəcova obyektə bitişik inşa edilən binanın sökülməsini tələb edir.

Onun sözlərinə görə, 2 il əvvəl Eldəniz İbadov adlı şəxs kafenin qonşuluğunda ümumi həyətdə yaşayan beş ailə ilə razılığa gəlib onları köçürəndən sonra evləri sökdürüb və yerində ofis tikdirməyə başlayıb.

Tikilinin kafeyə bitişdirildiyini görən Emilla Fərəcova Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Hər iki qurumdan ünvana gələrək baxış keçiriblər. Tikilinin kafeyə bitişdirildiyinə iradlarını bildirib çıxıb gediblər. Tikili sökülüb, ancaq çox çəkməyib ki, yerində daha çoxmərtəbəlisinin inşasına başlanıb:

“Sağımızda da, solumuzda da çoxmərtəbəli binalar tikilir. Ortada qalmışıq. Bu azmış kimi, gətirib tikililəri də kafeyə bitişdiriblər. Məqsəd də odur ki, məcbur olub obyektimizi dəyər-dəyməzinə onlara sataq”.

Hələ 10 il əvvəl kafeyə bitişik ilk dördmərtəbəli mülk tikilib. Həmin vaxt Fərəcovlar narazılıqlarını bildirsələr də, tikintiyə mane ola bilməyiblər:

“O vaxt da səs-küy saldıq, hara lazımdırsa pullarını verib işlərini gördülər.

Heç bizi dinləyən də olmadı. İndi də bu tərəfimizdə eyni vəziyyət təkrar olunur. Yəqin ki, növbəti illərdə də kafenin qarşısını və arxa tərəfini çoxmərtəbəli binalarla “hörərlər”. Bura iaşə obyektidir. Adam gəlir, nahar edir, istirahət yeridir. Qazancımıza birbaşa təsir ediblər. Bu ölkədə heç kəsin mülkiyyət hüququ qorunmur”.

Emilla Fərəcova uzun illərdir ki, bu iaşə obyektindən əldə olunan qazancla üç ailənin dolandığını deyir.

Nəsimi rayon icra hakimiyyətindən bildiriblər ki, Mirəli Qaşqay küçəsindəki “Ortaçala” kafesinin qonşuluğundakı bina bir sahibkar tərəfindən qanuni sənədlər əsasında inşa edilir. Kafe sahibinin narazılığı varsa, məhkəməyə müraciət edə bilər.

Hüquqşünas Namizəd Səfərov deyir, Şəhərsalma və Tikinti Məcəlləsinin 69,4-cü maddəsinin tələbinə görə, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Əgər hündürmərtəbəli bina tikilirsə, qonşu tikililərlə məsafə də binanın ölçüsünə uyğun qoyulmalıdır.

XS
SM
MD
LG