-
Qazax rayonu Abbasbəyli kənd ibtidai məktəbi qəzalı vəziyyətdədir. Sərhəd kəndi olan Abbasbəyli vaxtaşırı atəşə də məruz qalır. Məktəbin yerləşdiyi ərazi Ermənistan ordusu postlarının açıq hədəfindədir.
1970-ci ildə tikilən bu ilkin təhsil ocağında 2 sinif var. Burada 11 şagird oxuyur.
Sinfin biri 1-ci və 3-cü, digəri 2-ci və 4-cü sinifdə oxuyanların ixtiyarına verilib. Onlar növbəylə oxuyurlar.
Döşəmə və tavanı çürüyüb dağılan bu siniflərin yağışlı-yağmurlu havalardakı halını təsəvvür etmək çətin deyil…
AzadlıqRadiosunun müxbiriylə danışan kənd sakinləri son illər ölkədə yeni məktəblərin tikildiyini, köhnə binaların təmir edildiyini deyir, amma bu kənd məktəbinin niyə yada düşmədiyinə təəccüblərnirlər.
Məktəbin direktoru Günəş Əliyeva başqa bir çətinliyə diqqət çəkir:
“Məktəb əlverişsiz yerdədir deyə, elə olur, uşaqları tənəffüsə də buraxmırıq ki, birdən Ermənistandan atılan güllə ona dəyər. Eyni otaqda 2 sinfin birlikdə dərs keçməsinə gəlincə, bu, komplektləşdirilmiş bir sistemdir. Biz neçə illərdir belə keçirik dərsləri”.
Qazax rayon təhsil şöbəsi məktəbin durumundan xəbərdardır. Şöbə müdiri Əhməd Dərgahquliyevin sözlərinə görə, Abbasbəyli ibtidai məktəbi 2015-ci ildə təmir olunacaq.