Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:45

-

MeydanTV-nin araşdırması belə adlanır. Və bəlli olur ki, Nəqliyyat Nazirliyi 2005-ci ildən 2013-cü ilədək yolların təmirinə, keçidlərin tikintisinə və s. dövlət büdcəsindən 7.3 milyard manat xərcləyib. Ancaq bu, hamısı deyil:

«Bu məbləğə xarici kreditlər daxil deyil. Halbuki həyata keçirilən böyük layihələrin əksəriyyətinə xarici kreditlər də alınıb».

Müəllif ən böyük layihələrdən bir neçəsinə ayrılan vəsaiti də təqdim edir. Məlum olur ki, Qələbə meydanında (metronun «Gənclik» stansiyası) müxtəlif səviyyəli yol qovşağının layihələndirilməsi və tikintisinə 2010-cu ildə 225 milyon, 2011-ci ildə 80 milyon, 2012-ci ildə 40 milyon, 2013-cü ildə 62 milyon, 2014-cü il 5 milyon manat xərclənib. Və ya Neftçilər prospektində 6 və başqa küçələrdə 5 yeraltı keçidlərin layihələndirilməsi və tikintisinə 2010-cu ildə 37 milyon, 2011-ci ildə 15 milyon manat ayrılıb və s...

Araşdırmada o da deyilir ki, Dünya Bankı «Magistral yol II» layihəsi üçün öncə 200 milyon manat, sonra isə 300 milyon manat ayırıb. Müəllif sual edir: «Bütün bunların kredit olduğunu nəzərə aldıqda, Azərbaycana bu yol layihələrinin neçəyə başa gəlməsini hesablamaq çətindir. Çox təəssüf ki, biz bütün layihələr üçün ayrılan kredit sənədlərini əldə etmək imkanından məhrumuq».

KÖHNƏ VAQONLAR YENİ TEXNİKA KİMİ SƏNƏDLƏŞDİRİLİB

«Yeni Müsavat» qəzeti «Cavid Qurbanovun yeni təyinatının milyardlıq sirri»ni araşdırmağa çalışıb.

Qəzet iddia edir ki, «Azəryolservis» ASC-nin sabiq rəhbəri Cavid Qurbanovun yeni təyinatının səbəbi təkcə struktur islahatları ilə məhdudlaşmır:

«Dəmiryol İdarəsinin keçmiş rəisi Arif Əsgərov Ziya Məmmədova daha yaxın kadr hesab edilirdi. Onun nazir müavini təyin olunması, yerinə isə Cavid Qurbanovu rəis gətirilməsi dəmiryolda korrupsiya faktlarının təftişini aktuallaşdıra bilər».

Foto: Arxiv

Foto: Arxiv

Qəzet yazır ki, 2007-2014-cü illərdə dövlət büdcəsindən dəmiryol təsərrüfatına 800 milyon manata yaxın vəsait ayrılsa da, infrastrukturun, texnikanın bu cür bərbad durumda olması irimiqyaslı korrupsiyanın təzahüründən başqa bir şey deyil. Ötən il Latviya mediasında gedən məlumata görə, Azərbaycanın xaricdən aldığı vaqon və elektrovozlar Latviyanın istismar müddətini başa vurmuş «metallolom»luq texnikasıdır.

2012-ci ildə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov «Azərbaycanda dəmir yolu nəqliyyatı sisteminin bütün sahələrinin müasirləşdirilməsi» haqqında əmr imzalayıb. Əmrə əsasən, vaqon-lokomotiv parkı tam yenilənməli, hərəkətin idarə edilməsi üçün müasir avadanlıqlar alınmalıdır. Ancaq Əsgərov Latviyadan alınan «metallolom»luq vaqon və elektrovozları müasir texnika kimi sənədləşdirib».

Qəzet yazır ki, Çexiyanın ixrac bankından Bakı-Böyük Kəsik marşrutu üzrə dəmiryolun 317 kilometrlik hissəsinin əsaslı yenidən qurulması üçün 215 milyon avro kredit də alınıb. Dəmiryolların yenidən qurulmasına dair dövlət proqramının ilkin maliyyə dəyərisə 2 milyard dollardır: «Bu qədər investisiyalara baxmayaraq, korrupsiya Azərbaycanın dəmiryolunu çökdürüb. Sovet vaxtından qalma vaqonlar təmir edilməklə yeni vaqon kimi qeydiyyata alınıb. Üfunət qoxuyan köhnə vaqonlar, lokomotivlər, normal xidmət göstərilməyən relslər ciddi təhlükə mənbəyi olaraq qalır».

AZƏRBAYCAN AVROPA ÜÇÜN YEGANƏ YENİ QAZ MƏNBƏYİDİR

«Azərbaycan» qəzeti Bakıda keçirilən «Cənub qaz dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündən yazıb.

Görüşdə prezident İlham Əliyev də iştirak edib. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatının 2.5 trilyon kubmetrdən çox olduğunu deyən Əliyev «Cənub qaz dəhlizi»nin reallaşdırılması ilə bağlı hasilatçı, tranzit və istehlakçı ölkələr arasında səyləri əlaqələndirməyin vacibliyini vurğulayıb:

Foto: Arxiv

Foto: Arxiv

«Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda, biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır».

Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroš Šefčovič Avropanın enerji təhlükəsizliyi üçün mənbələrin və resursların şaxələndirilməsində maraqlı olduğunu bildirib.

NEFTİN QİYMƏTİNİN DÜŞMƏSİ ÖZ İŞİNİ GÖRDÜ

«Azadlıq» qəzeti AXCP sədri Əli Kərimlinin Ukraynaya dair Minsk razılaşmasını dəyərləndirməsini təqdim edir:

«Avtoritar sistemlərin «atası» belə, demokratik dünya qarşısında gücsüzdür, acizdir. Rusiyaya qarşı sanksiyalar, paralel də neftin qiymətinin düşməsi öz işini gördü. Bu gün imzalanmış sənədlər Ukraynanın maraqlarına uyğundur və əminəm ki, imkanı olsaydı, Rusiya prezidenti Vladimir Putin belə razılaşmaya getməzdi».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG