Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:08

ABŞ rəsmiləri Emin Hüseynovun Azərbaycandan çıxmasına çalışırlar


Emin Hüseynov
Emin Hüseynov

-

ABŞ Nümayəndələr Palatasının üzvü Dana Rohrabacher ölkəsinin Azərbaycandakı səfirliyini tənqid edib. Səfirliyin jurnalist Emin Hüseynova sığınacaq verməyə cəsarəti çatmadığını deyib.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Alt-komitəsində Azərbaycanla bağlı keçirilən dinləmələrdə çıxış edən Rohrabacher bildirib ki, basqılardan qurtulmağa çalışan E.Hüseynov əvvəlcə kömək üçün ABŞ səfirliyinə müraciət etsə də, qəbul edilməyib. Ona sığınacağı İsveçrə səfirliyi verib.

“Məncə bu, kədərli bir gündür, çünki isveçrəlilər amerikalılardan daha cəsarətli çıxdılar” – deyə o, təəssüflənib.

"ÖZÜNÜ İSVEÇRƏ VƏTƏNDAŞI KİMİ TƏQDİM EDİB"

Emin Hüseynov ABŞ-ın keçmiş dövlət katibi Madeleine Albright ilə, 2005
Emin Hüseynov ABŞ-ın keçmiş dövlət katibi Madeleine Albright ilə, 2005

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri olan E.Hüseynov vergidən yayınma və qanunsuz sahibkarlıqda ittiham edilir. Beynəlxalq hüquq müdafiə təşkilatları isə tənqidi mövqeyinə görə hökumətin onu susdurmağa çalışdığını deyirlər.

ABŞ vətəndaşı ilə ailəli olan E.Hüseynovun həbs edilmək təhlükəsi yaranantək ABŞ səfirliyinə müraciət etdiyini“Foreign Policy” iddia edir. Dərgi onun avqustdan bəri İsveçrə səfirliyində gizləndiyini yazır. Sonuncu məlumat İsveçrə televiziyasında da verilib. Məlumata görə, E.Hüseynov polis tərəfindən həbs olunmasın deyə səfirliyə gələrkən özünü İsveçrə vətəndaşı kimi təqdim edib.

"MƏSƏLƏNİ QALDIRMAQDA DAVAM EDƏCƏYİK"

ABŞ Dövlət Departamentindən isə Azad Avropa və Azadlıq Radiosuna bildiriblər ki, Amerika rəsmiləri “səssiz diplomatiya vasitəsilə” Emin Hüseynovun adından Azərbaycan hökuməti ilə kontakt yaradıblar və hökuməti ona ölkəni təhlükəsiz və operativ şəkildə tərk etmək üçün şərait yaratmağa çağırıblar. “Biz yüksək vəzifəli Azərbaycan rəsmiləri ilə təmaslarda bu məsələni qaldırmaqda davam edəcəyik” – deyə Departamentin adının çəkilməsini istəməyən rəsmisi deyib.

Həmin rəsmi onu da bildirib ki, ABŞ “uzun müddətdir Emin Hüseynov və onun mülki cəmiyyətdəki mühüm rolunu dəstəkləyir” və “onun düşdüyü vəziyyədən çox narahatdır”.

Emin Hüseynov 2008-ci ildə də polis tərəfindən döyülmüş, xəstəxanaya düşmüşdü.

Emin Hüseynov 2008-ci ildə də döyülüb
Emin Hüseynov 2008-ci ildə də döyülüb

Fevralın 12-də ABŞ Nümayəndələr Palatasının üzvü Chris Smith də Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək Emin Hüseynova İsveçrə səfirliyindən təhlükəsiz şəkildə çıxmaq və Azərbaycanı tərk etmək üçün şərait yaratmağa çağırıb.

Smith deyib ki, E.Hüseynovun başına gələnlər əslində Azərbaycanda insan haqları müdafiəçilərinə qarşı genişmiqyaslı basqıların tərkib hissəsidir.

"AZƏRBAYCAN ÜÇÜN UTANCVERİCİ"

Qərargahı Amerikada yerləşən Jurnalistləri Müdafiə Komitəsi də Azərbaycan hökumətini E.Hüseynovla bağlı cinayət işini ləğv etməyə, ona təzyiqdən, həbsdən ehtiyat etmədən işləmək, səyahət etmək imkanı yaradılmasına çağırıb.

Təşkilatın Avropa və Mərkəzi Asiya Proqramının koordinatoru Nina Ognianova deyib ki, jurnalist və insan haqları müdafiəçisinin xarici ölkə səfirliyinə sığınmağa məcbur olması Azərbaycan üçün utancvericidir.

Azərbaycan rəsmiləri isə ölkədə heç bir jurnalistin peşə fəaliyyətinə görə həbs edilmədiyini bildirirlər.

XS
SM
MD
LG