Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:33

Xoşbəxt şahzadə (Günel Mövludun tərcüməsində)


Oscar Wilde
Oscar Wilde

-

Və o, Xoşbəxt Şahzadənin dodaqlarından öpərək, onun ayaqlarının altına yıxıldı.

Elə bu an, heykəlin sinəsində nəsə bir şaqqıltı qopdu, sanki onun içində nəsə parçalandı. Parçalanan, Şahzadənin dəmir ürəyi idi...

Oscar Wilde

XOŞBƏXT ŞAHZADƏ

(Günel Mövludun tərcüməsi)

Şəhərin başı üstündə, hündür sütunun üzərində Şahzadənin heykəli ucalırdı.

Şahzadə təpədən dırnağa qədər qızıldan düzəldilmə yarpaqlarla bəzənmişdi. Gözlərinin yerinə sapfirlər qoyulmuşdu, xəncərinin qaş yerinə qıpqırmızı mərcan yerləşdirilmişdi. Hamı Şahzadəyə heyran idi.

İncəsənətin mahir bilicisi kimi ad çıxarmaq istəyən Şəhər Məsləhətçisi deyirdi:

- O, yel xoruzu kimi gözəldir. Amma təbii ki, xoruzun xeyri daha çoxdur!

Bu düzəlişi Şəhər Məsləhətçisi ona görə elədi ki, şəhər camaatı onu pulları havaya sovurmağa razı olan adam kimi tanımasın. Axı bu heykəl məsələsində onun heç bir rolu yox idi.

- Çalış, Xoşbəxt Şahzadəyə oxşa! – deyə, ağıllı ana göydəki ayı istəyərək, ağlayan oğluna məsləhət verirdi. – Xoşbəxt şahzadə heç vaxt dəcəllik eləmir!

Taleyin ordan-bura, burdan ora qovduğu bir bədbəxt isə burnunun altında donquldandı:

- Sevinirəm ki, nə yaxşı, bu dünyada heç olmasa bir nəfər xoşbəxt var!

- İlahi, o lap mələyə oxşayır! – deyə, al-qırmızı köynəkli, ağ fartuklu Yetimxana uşaqları kilsədən çıxanda heyranlıqla köks ötürürdülər.

- Hardan bilirsiniz? – Riyaziyyat Müəllimi etiraz elədi.- Siz ki, heç vaxt mələk görməmisiniz.

Yetimxana uşaqları:

- Biz mələkləri yuxuda görürük! – dedilər. Riyaziyyat Müəllimi qaşlarını çatıb, sərt nəzərlərlə onlara baxdı: uşaqların yuxu görməyi onun xoşuna gəlmirdi.

Bir dəfə şəhərin üstündən Qaranquş uçurdu. Onun rəfiqələri artıq yeddinci həftə idi ki, Misirə uçmuşdular, o isə gözəl Şəkər Qamışına vurulduğu üçün rəfiqələrindən ayrılıb, qalmışdı. Hələ yazın erkən çağlarında, Qaranquş yekə, sarı bir İşıldaböcəyin arxasınca uçanda Şəkər Qamışını görmüş və onun şux qamətinə heyran olaraq, donub qalmışdı.

- İstəyirsən, səni sevim? – sözü birbaşa deməyi xoşlayan Qaranquş o dəqiqə soruşmuş və cavabında Şəkər Qamışı razılıq əlaməti olaraq, ona sarı əyilmişdi.

Beləliklə, Qaranquş Şəkər Qamışının başına fırlanaraq, aradabir qanadlarını suya toxundurub, su üzərində gümüşü dalğalar buraxaraq, uçmağa başlamışdı. O, sevgisini bu cür ifadə eləyirdi. Bütün yayı da belə davam eləmişdi.

- Nə axmaq münasibətlərdi! - qalan qaranquşlar qeybətləşirdilər. – Axı Şəkər Qamışının bir qəpiyi də yoxdur, özünün də nə qədər qamış qohumları var.

Doğrudan da, bütün çayın içi şəkər qamışı ilə dolu idi – onlar hər yana yayılmışdılar. Sonra payız gəldi və qaranquşlar uçub getdilər.

Onlar uçub gedəndən sonra Qaranquş özünü yetim kimi hiss elədi və Şəkər Qamışı ilə münasibətləri ona cansıxıcı göründü.

- İlahi, axı o lal kimi bir şeydir, bircə kəlməni ondan kəlbətinlə də qopara bilməzsən, - Qaranquş qınayıcı tərzdə deyirdi, - həm də mənə elə gəlir ki, o həddən artıq nazlıdır, deyəsən, hər yanından ötən yellə dilxoşluq edir.

Doğrudan da, yüngülvari yel əsən kimi, Şəkər Qamışı təzim eləməyə, başını aşağı əyməyə başlayırdı.

- O istəyir, ev adamı olsun, amma mən səyahətləri xoşlayıram, mənim ərim olan kəs də gərək səyahəti sevsin.

- Hə, nədi, mənnən uçub getmək istəmirsən? – nəhayət ki, o, Şəkər Qamışından soruşdu. O isə ancaq başını aşağı əydi, axı Şəkər Qamışı evinə o qədər bağlı idi ki!

- Ah, deməli, sən mənim hisslərimi ələ salırdın! – Qaranquş qışqırdı. – Onda, əlvida, mən piramidaların yanına uçuram!

Və o, uçub getdi.

Bütün günü uçandan sonra, bu gecə şəhərə çatmışdı.

- Görəsən, harda bir az dincəlim? – Qaranquş düşünürdü. – Ümid edirəm ki, şəhər məni ləyaqətli şəkildə qarşılamağa hazırdı?

Bu vaxt onun gözü hündür sütunun üstündəki heykələ sataşdı.

- Lap gözəl! Mən burada özümə yer eləyərəm. Yer gözəldir, bol-bol da təmiz hava udaram.

O özünə Xoşbəxt Şahzadənin ayaqlarının yanında yer elədi.

- Mənim qızıldan yatağım var! – Qaranquş əzilib-büzülərək dedi.

Başını qanadının altına salıb, yatmağa hazırlaşırdı ki, üstünə ağır bir damcı düşdü.

- Nə qəribədir! – o təəccübləndi. – Göydə bir dənə də olsun, bulud yoxdur. Ulduzlar da elə parlaq, elə yaxındı ki, bəs bu yağış hardan çıxdı? Avropanın şimalındakı iqlim dəhşətlidir. Mənim şəkər qamışım yağışı sevirdi, amma o, eqoistin yekəsidir axı.

Bu vaxt ikinci damcı düşdü.

- Bir heykəl ki, yağışdan belə qoruya bilmir, onun nə mənası var. Gedim, özümə daha yaxşı yer axtarım, bəlkə damdakı borularda yata bilərəm. - Və Qaranquş qərara aldı ki, uçub getsin.

Amma qanadlarını açmağa macal tapmamışdı ki, üçüncü damcı düşdü.

Qaranquş yuxarı baxdı...və nə görsə yaxşıdı!

Xoşbəxt şahzadənin gözləri yaşla dolu idi. Göz yaşları onun qızıl yanaqları boyu aşağı axırdı. Ay işığında onun üzü o qədər sevimli idi ki, Qaranquşun qəlbi mərhəmətlə doldu.

- Sən kimsən? – o soruşdu.

- Mən Xoşbəxt Şahzadəyəm.

- Axı sən niyə ağlayırsan? Bax, məni tamam islatmısan.

- Mən canlı olanda, sinəmdə canlı insan ürəyi döyünəndə göz yaşının nə olduğunu bilmirdim, - heykəl dedi. – Mən Sans Souci (qayğısızlıq (fr.)) sarayında yaşayırdım, kədərin ora girişi yasaq idi. Gündüzlər bağçada dostlarımla oynayırdım, axşamlar isə Böyük Zalda rəqs edirdim. Bağın hasarı çox hündür idi, amma mən bir dəfə də olsun, maraqlanmadım ki, hasarın o tayında nə baş verir. Mənim ətrafımda hər şey elə gözəl, sevindirici idi ki! Yaxınlarım mənə "Xoşbəxt Şahzadə" deyirdilər - doğrudan da, əgər xoşbəxtlik həzzdədirsə, mən xoşbəxt idim.

Mən elə yaşadım, elə də öldüm. Budur, indi mən heykəl olandan sonra məni bura, şəhərin ən hündür yerinə qoyublar, indi o qədər yuxarıdayam ki, paytaxtımın bütün kədərini, səfalətini görürəm. Baxmayaraq ki, indi ürəyim dəmirdəndi, göz yaşlarımı saxlaya bilmirəm.

Qaranquş düşündü: "Hə, deməli, sənin heç də hər yerin qızıldan deyil?!" amma təbii ki, nəzakətli olduğu üçün, bunu hündürdən demədi.

- Orda, o dar küçədə mən kasıb bir koma görürəm, - heykəl sakit, melodiyalı səslə davam elədi. – Pəncərəsinin biri açıqdır və mən masanın yanında oturmuş qadını görürəm. Sifəti çox yorğundu, əlləri kobud və qıpqırmızıdır, çünki o dərzidir. O, sarayda düzənlənəcək bal üçün kraliçanın ən gözəl freyleninin ipək donuna güləbətinlər tikir. Küncdəki balaca yataqda isə onun xəstə uşağı yatıb. Uşaq qızdırmadan yanır və portağal istəyərək, sayıqlayır. Amma ananın heç nəyi yoxdu, o, uşağına ancaq çay suyu verə bilir. Budur, o uşaq ağlayır. Qaranquş, gözəl Qaranquş, mənim xəncərimdəki qiymətli mərcanı ona apararsan? Mənim ayaqlarım altlığa yapışıb, yerimdən tərpənmək iqtidarında deyiləm.

- Bizimkilər məni Misirdə gözləyir, - Qaranquş dedi. – Mənim rəfiqələrim Nil çayının üstündə uçuşaraq, gözəl zanbaqlarla söhbət edirlər. Tezliklə onlar yatmaq üçün Böyük Padşahın yanına gedəcəklər. Orda Böyük Padşahın özü qiymətli daşlarla işlənmiş tabutunda yatır. Onu sarı parçaya büküb, bədənini gözəl qoxulu otlarla mumyalayıblar. Onun boynunda açıq-yaşılı nefrit zəncir var, əlləri isə sanki payız yarpaqlarıdır.

- Qaranquş, Qaranquş, balaca Qaranquş. Bircə gecəliyinə burda qalıb, mənim qasidim ol. Uşaq susuzluqdan yanır, anası isə elə kədərlidir ki.

- Mən bu oğlan uşaqlarını o qədər də xoşlamıram. Keçən yay, mən çayın üstündə yaşayanda, dəyirmançının oğlanları, o qəddar oğlanlar həmişə məni daşa tuturdular. Əlbəttə, kimdi özünü onların daşına tuş gətirən?! Biz – qaranquşlar həddən artıq cəldik. Həm də ki, mənim ulu babalarım çox cəld olublar, amma qaranquşa daş atmaq yenə də böyük hörmətsizlikdir.

Amma Xoşbəxt Şahzadə elə kədərli idi ki, Qaranquşun ona yazığı gəldi.

- Bura çox soyuqdur, - o dedi, - amma eybi yox, bu gecə burda qalıb, sənin tapşırığını yerinə yetirərəm.

- Minnətdaram sənə, balaca Qaranquş, - Xoşbəxt Şahzadə dedi.

Budur, Qaranquş Xoşbəxt Şahzadənin xəncərindən qırmızı mərcanı çıxarıb, dimdiyində mərcan şəhərin damlarının üstü ilə həmin komaya sarı uçdu. O, kilsənin ağ mərmərdən mələk heykəlləri ilə dolu zəngxanasının da yanından uçdu. Kral sarayanın yanından uçanda musiqi sədaları eşitdi. Eyvanda bir gözəl qızla sevgilisi dayanmışdılar.

Sevgilisi qıza deyirdi:

- Bu ulduzlar nə gözəldirlər! Sevginin tilsimi necə gözəldir!

- Ümid eləyirəm ki, bala qədər mənim donum hazır olar, - qız dedi. - Tapşırmışam ki, onun üstünə güləbətinlər tiksinlər, amma dərzilər elə tənbəldirlər ki...

Qaranquş çayın üzərindən uçanda gəmilərin dor ağaclarında yanan işıqlar gördü. Gettoların üstündən uçanda öz aralarında nəsə razılaşdıran, mis tərəzilərdə pul çəkən yəhudiləri gördü. Axır ki, həmin komaya çatıb, içəri baxdı. Uşaq qızdırma içində çırpınırdı, anası isə yuxulamışdı, o elə yorğun idi ki. Qaranquş masaya yaxınlaşıb, mərcanı dərzi qadının üsküyünün yanına qoydu. Sonra uşağın başı üstündə uçaraq, qanadlarını elə oynatdı ki, oğlana sərin olsun.

- Özümü elə yaxşı hiss eləyirəm ki! – oğlan dedi. – Deməli, mən tez sağalacam. – Bunu deyib, oğlan şirin yuxuya getdi.

Qaranquş isə Xoşbəxt Şahzadənin yanına qayıdıb, hər şeyi ona danışdı.

- Qəribədir, - sonda Qaranquş dedi, - həyətdə ayaz olsa da, mən heç üşümürəm.

- Ona görə ki, sən xeyir iş görmüsən! - Xoşbəxt Şahzadə ona səbəbini izah elədi.

Qaranquş bu barədə düşündü və tez yuxuya getdi. O nəsə düşünən kimi, yuxuya gedirdi.

Səhər açılanda o çimmək üçün çay tərəfə uçdu. Həmin vaxt körpüdən keçən Ornitologiya Professoru dedi:

- Nə qəribə, izaholunmaz işdir! Qışın ortasında burda qaranquş nə gəzir!

Sonra o bu barədə yerli qəzetdə yazı yazdı. Hamı o yazıdan sitatlar gətirirdi, yazı anlaşılmaz, heç kimin başa düşə bilmədiyi sözlərlə dolu idi.

Qaranquş düşündü: "Elə bu gecə Misirə uçuram!" – və o dəqiqə xeyli sevindi.

O bütün heykəllərə baş çəkdi, uzun müddət kilsə zəngxanasının üstündə oturdu. Hara uçurdusa, sərçələr onu görüb, cikkildəşirdilər:

- Bu yad quş kimdi?! Kimdi bu yad quş?!

Sərçələr ona «uzaqdan gəlmiş kübar quş» deyirdilər və bu da Qaranquşun çox xoşuna gəlirdi.

Ay çıxanda, Qaranquş Xoşbəxt Şahzadənin yanına qayıdıb, dedi.

- Misir tərəflərə bir sözün-sovun yoxdu ki? Mən elə indicə uçub, ora gedirəm.

- Qaranquş, Qaranquş, balaca Qaranquş! – Xoşbəxt Şahzadə yalvardı. – Nə olar, daha bir gecə qal.

- Misirdə məni gözləyənlər var, - Qaranquş dedi. – Sabah mənim rəfiqələrim Nilin başqa bir qoluna tərəf uçacaqlar. Ordakı qamışların üstündə hippopotamlar uzanır, böyük qranit kürsüdə isə tanrı Memnonun özü oturub. O bütün gecə ulduzlara baxır, Ülkər ulduzu çıxanda Memnon onu sevinclə salamlayır. Günorta şirlər çayın yanına su içməyə gəlirlər. Onların gözləri yaşıl brilliantlara oxşayır, nəriltiləri isə şəlalənin şırıltısından gurdur.

- Qaranquş, Qaranquş, balaca Qaranquş! – Xoşbəxt Şahzadə ona dedi. – Orda, uzaqda, şəhər kənarındakı evin mansardında mən bir gənc görürəm. Onun qarşısındakı stəkan solmuş bənövşələrlə doludur. Oğlanın dodaqları nar kimi qıpqırmızıdı, şabalıdı saçları qıvrımdı, iri gözləri isə arzu və xəyallarla doludur. O, Teatr Direktoru üçün pyesini bitirmək istəyir, amma əlləri donub, gecə ocağındakı odunlar qurtarıb, acından da az qalır ürəyi getsin.

- Yaxşı, mən sabaha qədər səninlə qalaram! – Qaranquş Xoşbəxt Şahzadəyə dedi. Çünki çox ürəyiyumşaq idi. – Hanı, sənin yenə mərcanların var?

- Heyif ki, mənim daha mərcanım yoxdur! - Xoşbəxt Şahzadə dedi. - Olub-qalanım gözlərimdir. Onları nadir sapfirlərdən düzəldiblər, bu gözlər min il əvvəl Hindistandan gətirilib. Onlardan birini dimdiyinlə çıxar və o oğlana apar. Oğlan onu zərgərə satıb, özünə yemək alar, odun alar və pyesi yazıb bitirər.

- Gözəl Şahzadə, mən bunu edə bilmərəm! – Qaranquş ağlamağa başladı.

- Qaranquş, Qaranquş, gözəl Qaranquş! Mənim arzumu yerinə yetir!

Qaranquş Xoşbəxt Şahzadənin gözünün birini çıxarıb, şairin evinə tərəf uçdu. Şairin otağına girə bilmək çətin olmadı, çünki yaşadığı evin damı dəlmə-deşik idi. Qaranquş da bir deşikdən otağa girdi. Oğlan əlləri ilə üzünü örtüb, oturmuşdu, heç Qaranquşun qanadlarının çırpıntısını eşitmədi də. Solmuş bənövşələrlə dolu stəkanın yanındakı sapfiri o ancaq Qaranquş uçub gedəndən sonra gördü.

- Hə, mənə qiymət verməyə başlayırlar! - o, sevinc içində dedi. - Yəqin bunu hansısa adlı-sanlı oxucum göndərib. İndi mən öz pyesimi bitirə bilərəm. – Onun üzündən xoşbəxtlik yağırdı.

Səhər açılanda isə Qaranquş limana uçub getdi. O, böyük gəminin dor ağacının başına qonaraq, ordan matrosların iplərlə hansısa yeşikləri yuxarı dartdığını gördü.

- Bir yerdə! Bir yerdə! – yeşik yuxarı qalxanda onlar hamısı qışqırırdılar.

- Mən Misirə uçuram! – Qaranquş onlara dedi, amma heç kim ona fikir vermədi.

Ancaq axşam, ay çıxanda, Qaranquş Xoşbəxt Şahzadənin yanına uçub gəldi.

- Gəldim ki, səninlə vidalaşım! – deyə, o uzaqdan heykələ sarı qışqırdı.

- Qaranquş, Qaranquş, gözəl Qaranquş! – Xoşbəxt Şahzadə yalvarıcı tərzdə dedi. – Sən səhərə qədər burada qala bilməzsən?

- Artıq qışdı, -Qaranquş dedi, - tezliklə qar yağacaq. Misirdə isə günəş palmaların yaşıl yarpaqlarını qızdırır, timsahlar kürəyini günə verərək, tənbəl-tənbəl uzanıb, ətraflarına baxırlar. Rəfiqələrim artıq Baalbak məbədində yuva qurur, ağ və çəhrayı göyərçinlər isə onlara baxıb, qaqqıldaşırlar. Gözəl Şahzadə, mən daha qala bilmərəm, amma səni heç vaxt unutmaram, bahar gələn kimi sənə bəxşiş verdiyin qiymətli daşların yerinə Misirdən ikisini gətirəcəm. Mərcanın qızılgüldən qırmızı, sapfirin dənizdən mavi olacaq.

- Aşağıda, meydanda balaca bir qızcığaz kibrit satır, - Xoşbəxt Şahzadə dedi. Bayaq onun kibritləri əlindən kanala düşüb, korlandı. Əgər o evə pulsuz qayıtsa, atası onu döyəcək. Qızcığaz ağlayır. Onun ayağı yalındı, corabı da yoxdu, başı da açıqdır. Gözümün o birisini də dimdiyinlə çıxart, apar ona ver, yoxsa atası onu döyəcək.

- Mən səninlə daha bir gecə qala bilərəm, - Qaranquş dedi, - amma gözünün o birisini də çıxara bilmərəm. Axı onda sən tamam kor olacaqsan.

- Qaranquş, Qaranquş, gözəl Qaranquş, - Xoşbəxt Şahzadə yalvardı, - nə olar, mənim arzumu yerinə yetir!

Qaranquş Şahzadənin o biri gözünü də dimdikləyib, qızcığaza sarı uçdu, gözəl qaşı qızın ovcuna atdı.

- Nə gözəl şüşədir! – qızcığaz sevinərək, evlərinə qaçdı. Qaranquş Şahzadənin yanına qayıtdı.

- İndi daha mən həmişəlik səninlə qalacağam.

- Yox, mənim gözəl Qaranquşum, - bədbəxt Şahzadə dedi, - sən gərək Misirə uçasan.

- Mən həmişəlik səninlə qalacağam, - Qaranquş bunu deyib, onun ayaqlarının yanında yuxuya getdi.

Səhərdən oyanıb, bütün günü Şahzadənin çiynində oturaraq, Qaranquş ona uzaq yerlərdə gördüklərini danışırdı. Nil sahilində dəstə ilə dayanıb, dimdikləri ilə qızıl balıq tutan çəhrayı ibis quşlarından, dünya qədər qədim, səhrada yaşayan və hər şeyi bilən Sfinksdən, kəhrəba təsbehlərini dənələyə-dənələyə, aramla dəvələrinin yanı ilə addımlayan tacirlərdən, iri büllur parçasına sitayiş edən, qaraağac kimi qara olan Aylı dağların Çarından, palma ağacına sarılıb yatan nəhəng Yaşıl İlandan, bu ilanı yemləyən iyirmi kahindən, daima kəpənəklərin uğrunda dava edən, enli yarpaqların üstündə üzən piqmeylərdən danışırdı.

- Gözəl Qaranquş, - Xoşbəxt Şahzadə dedi, - sənin danışdıqlarının hamısı heyrətamizdir. Amma dünyada ən heyrətamiz şey – insan əzablarıdır. Sən onların səbəbini tapa bilərsənmi? Mənim şəhərimin üstündə bir dövrə vur, gördüklərinin hamısını mənə danış.

Qaranquş nəhəng şəhərin üstündə dövrə vurdu, o dəbdəbəli evlərdə ziyafətlər verən varlıları, varlıların kandarında büzüşüb oturan kasıbları gördü. Qaranlıq küçələrin, dalanların üstündə uçanda, o, acından sümükləri çıxmış uşaqların avazımış üzlərini görürdü. Körpünün altında iki oğlan uşağı qucaqlaşaraq, isinməyə çalışırdılar.

- Biz acmışıq! – deyə, onlar təkrarlayırdılar.

- Burada nə avaralanırsınız?! – Polis onların üstünə qışqırdı.

Oğlanlar yenə yağışın altına çıxmalı oldular.

Qaranquş Şahzadənin yanına qayıdıb, görüklərinin hamısını ona danışdı.

- Mən büsbütün qızıldanam, - Xoşbəxt Şahzadə dedi. – Bədənimdəki qızılı lay-lay soyub, hamısını kasıblara payla. İnsanlar elə bilirlər ki, xoşbəxtlik qızıldadır.

Qaranquş Xoşbəxt şahzadənin üstündəki qızılı laybalay qoparıb, kasıblara paylayırdı. Axırda Xoşbəxt Şahzadə boz bir heykələ çevrildi. Qaranquş bu qızıl laylarını tikə-tikə edib, kasıblara paylayırdı, kasıb balalarının yanaqları qızarırdı, onlar şən halda küçələrdə oynayırdılar.

- Bizim yeməyə çörəyimiz var! – deyə, onlar qışqırırdılar.

Sonra qar yağdı, qarın ardınca da şaxta gəldi. Küçələr gümüşü rəngə boyandı, hər tərəf parıldamağa başladı. Sırsıralar evlərin damından xəncər kimi asılmışdı. Hamı qalın kürklər geyinirdi. Qırmızı papaqlı oğlanlar xizəklərdə sürüşürdülər.

Yazıq Qaranquş soyuqdan titrəyir, donurdu, amma yenə də çıxıb getmək istəmirdi, çünki Xoşbəxt Şahzadəyə çox bağlanmışdı. O oğrun-oğrun çörək dükanının yanından qırıntıları dimdikləyib, yeyir, isinmək üçün qanadlarını çırpırdı. Axırda o başa düşdü ki, artıq ölmək vaxtıdır. Onun gücü axırıncı dəfə Şahzadənin çiyninə qonmağa çatdı.

- Əlvida, sevimli Şahzadə! – deyə, o pıçıldadı. – İcazə ver, sənin əlini öpüm...

- Sevinirəm ki, nəhayət, Misirə uçursan, - Xoşbəxt şahzadə dedi. Sən burda həddən artıq çox qaldın. Amma gərək mənim əlimdən yox, dodağımdan öpəsən. Çünki mən səni çox sevirəm.

- Mən Misirə uçmuram, - Qaranquş dedi. – Mən Ölülər Diyarına uçuram. Ölüm və Yuxu qardaş deyillərmi?

Və o, Xoşbəxt Şahzadənin dodaqlarından öpərək, onun ayaqlarının altına yıxıldı.

Elə bu an, heykəlin sinəsində nəsə bir şaqqıltı qopdu, sanki onun içində nəsə parçalandı. Parçalanan, Şahzadənin dəmir ürəyi idi. Doğrudan da, dəhşətli şaxta vardı.

Səhər ertədən Şəhər Meri Şəhər Məsləhətçiləri ilə bulvarda gəzişirdi. Şahzadənin dayandığı sütunun yanından keçəndə, Mer heykələ baxdı.

- İlahi! Bizim bu Xoşbəxt Şahzadə lap dilənçiyə dönüb.

- Bəli, bəli, tamam dilənçiyə dönüb! – Həmişə Merlə razılaşan Şəhər Məsləhətçiləri tez dilləndilər. Və onlar yaxından baxmaq üçün heykələ yaxınlaşdılar.

- Xəncərindəki mərcan yoxdu, gözlərini çıxarıblar, üstündəki qızıldan da heç nə qalmayıb, - Mer davam elədi. – O, indi istənilən səfildən pisdir!

- Bəli, bəli, məhz istənilən səfildən pisdir! – Şəhər Məsləhətçiləri təsdiqlədilər.

- Ayağının altında da ölü quş var. Gərək qayda qəbul edək ki, burda ölmək quşlara qadağan edilir.

Və Şəhər Şurasının Katibi bu əmri tez kitaba qeyd elədi.

Sonra Xoşbəxt Şahzadənin heykəlini yıxdılar.

- Onun daha gözəlliyi qalmayıb, deməli, heç bir xeyri yoxdur! - Estetika Professoru Universitetdəki mühazirəsində bu barədə danışırdı.

Sonra heykəlin metalını əritdilər, Mer Şəhər Şurasının iclasını çağırıb, bu metalla nə etməli olduqlarını dedi.

- Gəlin, təzə heykəl düzəldək! – Mer təklif elədi. – O da mənim heykəlim olsun!

- Yox, mənim heykəlim olsun! – deyə Şəhər Şurasının hər bir məsləhətçisi qışqırdı və aralarında mübahisə düşdü.

Bu yaxınlarda onlardan xəbər aldım, hələ də mübahisə edirlər.

- Qəribədir! – Baş Körükçü dedi. - Bu parçalanmış dəmir ürək sobada ərimək istəmir. Biz gərək bunu tullayaq, getsin.

Onlar Şahzadənin ürəyini ölü Qaranquşun da atıldığı zibilxanaya atdılar.

Və Tanrı öz mələyinə dedi:

- Mənə o şəhərdəki ən qiymətli şeyi gətir.

Mələk ona dəmir ürəyi və ölü quşu gətirdi.

- Doğru seçim eləmisən, - Tanrı dedi. – Çünki mənim cənnət bağımda bu balaca quş əbədi olaraq şən nəğmə oxuycaq, dərgahımda isə bu Xoşbəxt Şahzadə mənə şükür edərək, yaşayacaq.

XS
SM
MD
LG