Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:12

Emin Hüseynova yardım üçün Mehriban Əliyevaya müraciət edildi


Emin Hüseynov

Emin Hüseynov

-

BİRİNCİ LEDİ-DƏN XAHİŞ

IFEX - fikir azadlığını müdafiə edən 95 təşkilatı birləşdirən qlobal şəbəkə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun İsveçrənin Bakıdakı səfirliyində gizlənmək məcburiyyətində qalmasından narahatdır.

Təşkilatq bununla bağlı Azərbaycanın birinci ledisi, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya, UNESKO-nun baş direktoru İrina Bokovaya, BMT-nin insan hüquqları üzrə Ali Komissarı Zeyd Raad Əl-Hüseynə və BMT-nin söz azadlığı məsələləri üzrə xüsusi məruzəçisi Devid Keyuya müraciət edib.

Mehriban Əliyeva

Mehriban Əliyeva

Müraciətdə deyilir ki, Emin Hüseynov Azərbaycanda ifadə və KİV azadlığının müdafiəsi ilə məşğuldur. Son on ildə o, yüzlərlə jurnalisti, bloqqeri və müstəqil fəalı müdafiə edib. Ancaq son altı aydır ki, Emin bu mühüm işini davam etdirmək iqtidarında deyil.

2014-cü ilin avqustunda polis RATİ-nin ofislərində axtarış aparıb, kompüterləri və sənədləri müsadirə edib, ofisi möhürləyib. Emin Hüseynov saxta ittihamlarla həbsdən qaçmaq üçün İsveçrənin Bakıdakı səfirliyində gizlənib.

Emin Hüseynova qarşı Cinayət Məcəlləsinin 3 maddəsi – 308 (vəzifə səlahiyyətlərini aşma), 213 (vergi ödənişindən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb.

İttihamlar sübut olunsa, Emin Hüseynov 8 ilə qədər müddətə azadlıqdan məhrum edilmə, əmlakının müsadirə olunması ilə üzləşə bilər.

İFEX hesab edir ki, bu ittihamlar “siyasi motivli”dir:

“Biz UNESKO-nun xoşməramlı səfiri kimi sizə bizi dəstəkləmək xahişi ilə müraciət edirik. Emin Hüseynovun və Azərbaycanda hüquqları pozulmuş digər ifadə azadlığı müdafiəçilərinin təhlükəsizliyini və azadlığını müdafiə etmək imkanına maliksiniz”, deyə müraciətdə qeyd edilir.

Onlar həmçinin Emin Hüseynova qarşı ittihamların ləğv olunmasını, ona ölkəni təhlükəsiz şəkildə tərk etmək imkanı verilməsini, RATİ-yə qarşı cinayət işinə son qoyulmasını, ifadə və birləşmək azadlıqlarına tam həcmdə riayət olunmasının təmin edilməsini, QHT-lərin fəaliyyəti üçün əlverişli şərait yaradılmasını xahiş edirlər​.

İSVEÇRƏ ÇIXIŞ YOLU AXTARIR

İsveçrə Xarici İşlər Nazirliyi bildirir ki, Emin Hüseynovun maraqları ilə bağlı çıxış yolu tapmaq üçün Azərbaycan hökuməti ilə danışıqlar aparılır. Bunu nazirlik APA informasiya agentliyinin sorğusuna cavab olaraq deyib. Cavabda daha sonra deyilir:

“Hazırda bir Azərbaycan vətəndaşı İsveçrənin Azərbaycandakı səfirliyindədir. O, 2014-cü il avqustun 18-də səfirliyə müraciət edib və İsveçrə ona humanitar əsaslarla sığınacaq verib. Həmin vaxtdan etibarən, onun maraqları ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparırıq”.

Emin Hüseynova İsveçrədə siyasi sığınacaq verilib-verilməməsi, onun sonrakı taleyi və danışıqların nəticəsi ilə bağlı sualları isə İsveçrə XİN nümayəndəsi cavablandırmaqdan imtina edib: “Biz bundan artıq məlumatı sizinlə bölüşə bilmərik”.

Azərbaycanın Xarici İşlər Nazirliyi də fevralın 10-da İsveçrə səfirliyində gizlənən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovla bağlı məlumat yayıb.

Hikmət Hacıyev

Hikmət Hacıyev

XARİCİ İŞLƏR NAZİRLİYİNDƏN İTTİHAM

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirir ki, Baş Prokurorluq Emin Hüseynov barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edib. Eyni zamanda, ötən il avqustun 19-da məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Məlumatda o da deyilir ki, Emin Hüseynov ictimai birliyin sədri kimi “qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti göstərib. Bundan başqa, onun 1 milyon 575.956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi halda dövlət büdcəsinə ödənilməli olan 247.551 manat məbləğində vergiləri ödəməkdən yayınıb.

“Ötən ilin iyunundan Emin Hüseynovun ünvanına dəfələrlə çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə Konfederasiyasının Azərbaycandakı Səfirliyində gizlənib.

Azərbaycan Konstitusiyasına əsasən hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ vardır.

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir” deyə məlumatda bildirilir.

Fevralın 11-də İsveçrə televiziyası jurnalist və hüquq müdafiəçisi Emin Hüseynovun Bakıdakı İsveçrə səfirliyinə sığınması barədə məlumat yayıb. Faktı Milli SRF Telekanalında yayımlanan «Rundschau» verilişi ortaya çıxarıb. «Foreign Policy» dərgisi isə yazır ki, Bakıdakı ABŞ səfirliyi «amerikalı hərbçi xanımla evli olan Hüseynovun müdafiəsindən imtina edib».

Günün bütün mövzuları

XS
SM
MD
LG