Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:28

İqtidarla gələn görüşdə müzakirə mövzusunu işçi qrup verəcək


Siyasi partiyaların Əli Həsənovla görüşü, 15 dekabr 2014
Siyasi partiyaların Əli Həsənovla görüşü, 15 dekabr 2014

-

Fevralın 12-də Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov siyasi partiyalarla görüşüb.

Yazı yenilənir. Ən son xəbərlər mətnin əvvəlindədir.

ƏLİ HƏSƏNOV: «QAPILARIMIZ ONLARA DA AÇIQDIR»

Görüşdən sonra Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib:

«Bugünkü görüşdə tərəfləri maraqlandıran bütün mövzuları müzakirə etdik, partiya sədrləri öz fikirlərini səsləndirdilər. Əlbəttə, fərqli fikirlər də səsləndi, amma ümumi razılaşma ondan ibarət oldu ki, Prezident Administrasiyasının nümayəndəsi - yəni siyasi partiyalarla işləyən strukturun rəhbəri olan mənimlə partiya rəhbərlərinin görüşü aktual hesab olunsun və davam etsin».

Şöbə müdiri iki aydan bir xalqı, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələləri əvvəldən razılaşdırılmış şəkildə müzakirə edəcəklərini bildirib.

Ə.Həsənov deyib ki, görüşün formatı məsələsi də müzakirə olunub:

«Qərara gəldik ki, aktiv siyasi fəaliyyət göstərən hər bir partiya bu görüşdə iştirak edə bilər. Bura təşrif buyuranlar elə aktiv siyasi fəaliyyət göstərənlərdır. Bir neçəsi gəlməyib, halbuki onlara da dəvət göndərilmişdi. Yəqin, bəlli səbəblərdən bu dəfə qatıla bilməyiblər, gələcəkdə qatılacaqlar. Qapılarımız onlara da açıqdır. Ümumilikdə, bu görüşlərdə partiyaların sayı 16-20 arasında dəyişir».

Əli Həsənov müzakirə ediləcək məsələlərin necə seçiləcəyindən də danışıb:

«Siyahı hazırlanacaq, bütün partiyalara göndəriləcək, partiyaların seçimi əsasında mövzu müəyyənləşdirilərək növbəti görüşdə müzakirəyə çıxarılacaq. Xocalı soyqırımından tutmuş, seçkilərə qədər ən müxtəlif mövzular təklif olundu. Bütün ictimai-siyasi mahiyyətli mövzuların görüşlərdə müzakirəyə çıxarılması tövsiyə edildi. Azərbaycan hakimiyyətinin, prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, QHT-lər, siyasi təşkilatlar, mətbuat orqanları dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etsin, Azərbaycan şəffaf cəmiyyətə malik olsun, siyasi islahatlar davam etdirilsin. Bunun üçün belə görüşlər, müzakirələr vacibdir».​ (apa)

İqbal Ağazadə
İqbal Ağazadə
İŞÇİ QRUP YARADILIR

Əli Həsənovun siyasi partiyalarla görüşü artıq başa çatıb.

Bu haqda AzadlıqRadiosuna Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə məlumat verib. Onun dediyinə görə, qərara alınıb ki, görüş iki aydan bir keçirilsin. Bundan başqa, işçi qrup yaradılıb. Növbəti dəfə müzakirə ediləcək mövzunu da Prezident Administrasiyası ilə işçi qrup birgə müəyyənləşdirəcək.

«Razılığa gəldik ki, gələn dəfə ən çox təklif edilən mövzu müzakirə edilsin. Bundan başqa, görüşdə ancaq müxalifət və müxalifyönlü partiyalar iştirak edəcəklər. Təxminən 17-18 partiya olacaq. İqtidaryönlü partiyalara dəvət göndərilməyəcək. Görüşə qatılmayan müxalifət partiyalarına da davamlı dəvətnamə göndəriləcək ki, istənilən vaxt müzakirələrdə iştirak edə bilsinlər» - deyə İqbal Ağazadə bildirdi.

Partiya sədri görüşün iki aydan bir keçirilməsini normal sayır və, ümumiyyətlə, bu danışıqları pozitiv dəyərləndirir:

«Biz problemi mətbuatda və ya başqa yerdə müzakirə etməyəcəyik. Birbaşa problemi yaradan tərəflə oturub danışacağıq. Bundan nəsə qazana bilərik».

Bugünkü görüşün qısa bitməsinin səbəbinə gəlincə, İqbal Ağazadə deyir ki, konkret mövzu olmayıb:

«Mən yenə də siyasi məhbus məsələsini önə çəkdim. Bu məsələnin prioritet olmasının tərəfdarıyam. Hesab edirəm ki, növbəti görüşdə bu təklif nəzərə alınacaq. Hakimiyyət bunu görməməzlikdən gəlməyəcək».

Əli Həsənov hakimiyyət adından ilk dəfə ötən ilin dekabrında görüşmüşdü. O zaman da konkret mövzu olmamışdı. Ancaq qərar verilmişdi ki, yenidən bir araya gəlsinlər.

ƏLİ HƏSƏNOV: «İSTƏNİLƏN MƏSƏLƏ MÜZAKİRƏ MÖVZUSU OLA BİLƏR»

Fevralın 12-də Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov siyasi partiyalarla görüşür.

Əli Həsənov
Əli Həsənov

İlk dəfə belə bir görüş keçən il baş tutmuşdu.

Trend-in məlumatına görə, Əli Həsənov bugünkü tədbirdə deyib: «Bizim siyasi partiyalarla görüşümüz artıq ənənə halını almaqdadır. İki ay bundan əvvəl biz siyasi partiyalarla ilk görüşümüzü keçirdik və gələcək görüşlərin bəzi məsələlərini müzakirə etdik».

Onun bildirdiyinə görə, hakimiyyətlə ona müxalif mövqedə olan siyasi qüvvələr arasında ölkənin, dövlətin, cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələlər müzakirə mövzusu ola bilər:

«Çünki bu iki institut faktiki olaraq Azərbaycan cəmiyyətinin bugünkü və gələcək ictimai, siyasi, sosial və digər sahələrdə idarəçiliyinin, dövlətin daxili və xarici siyasətinin taleyini müəyyən edir. Mən əminəm ki, burada siyasi partiya sədrləri tərəfindən yaxşı ideyalar, mövzular təklif olunacaq və biz görüşdən-görüşə o məsələləri müzakirə edib, bəlli bir fikrə gələcəyik».

Müxalifət partiyası AXCP-yə görüşdə iştirakla bağlı dəvətnamə göndərilməyib, Müsavat isə tədbirə qatılmaqdan imtina edib. Partiya bunu müzakirə mövzusunun bəlli olmaması ilə izah edib.

Görüşdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla yanaşı, onun müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak edir.

Siyasi partiyalardan isə dialoqda Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Xalq Partiyasının sədri Pənah Hüseyn, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və digərləri iştirak edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG