Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:01

«Yeni dəyişiklik əmlak bazarını çökdürə bilər»


Mənzillər
Mənzillər

-

«Azadlıq» qəzetinin bu haqda məqaləsi «Mənzil bazarında vergi şoku» adlanır.

Bir neçə gün öncə mənzil alqı-satqısı prosesinə bir sıra dəyişiklik olub. Bundan sonra mənzilini 3 ildən tez satanlardan vergi tutulacaq. Qəzet yazır: «Vergilər Nazirliyinin yaydığı məlumatdan aydın olur ki, mənzil və evlərin satışı zamanı əldə edilən gəlirdən vergi fiziki şəxslərin gəlir vergisi formasında tutulacaq. Yəni, 30 min manata qədər gəlir 14 faizlə, 30 min manatdan artıq hissə isə 25 faizlə vergiyə cəlb ediləcək. Məsələn, 50 min manata alınmış mənzil 100 min manata satılırsa, əldə edilən 50 min manat gəlirdən vergi tutulur. Bu məbləğin ilk 30 min manatından 14 faizlə vergi tutulur (4200 manat), sonrakı 20 min manat isə 25 faizlə vergiyə cəlb edilir (yəni 5 000 manat). Başqa sözlə 50 min manatlıq gəlirdən tutulan vergi 9.2 min manat təşkil edir və s. Mənzil satışından əldə edilən gəlir, məsələn, 10 min manatdırsa, bu zaman həmin məbləğ 30 min manatdan az olduğuna görə 14 faizlə vergiyə cəlb edilir və 1400 manat vergi tutulur».

Nazirlikdən qəzetə deyiblər ki, bir şəxsin mülkiyyətində bir neçə mənzili varsa, onların yalnız birinin - yəni vətəndaşın daimi yaşayış yeri olan mənzilin satışı vergidən azaddır. Bir şərtlə ki, həmin mənzil alınandan 3 il sonra satılsın. Şəxsin mülkiyyətində olan digər mənzillərin satışından isə vergi istənilən halda tutulacaq. Hətta alınandan 10 il sonra satılsa da.

Daşınmaz əmlakın satışı zamanı əldə edilən gəlirdən vergi tutulması qaydası mağaza və digər kommersiya obyektlərinə də aiddir. Amma vergi tutulma qaydası və vergi dərəcələri fərqlidir. Nazirlik bildirir ki, mağazasını satan şəxs iki formada vergi ödəyəcək: «Birincisi, satış məbləğindən 18 faizlik ƏDV, ikincisi, satış qiymətindəki fərqdən 20 faiz qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən vergi. Başqa sözlə, kommersiya obyektlərinin satışından tutulan vergi mənzillərə nisbətən daha yüksək olacaq».

Mənzillər
Mənzillər

Ev alqı satqısı ilə məşğul olanların qənaətincə, bu dəyişiklik əmlak sektoruna ciddi zərbə vuracaq.

QANUNDA BOŞLUQLAR VAR...

Bu mövzunu «Bizim yol» davam etdirir: «Əmlak vergisi mənzil bazarını çökdürə bilər».

Ekspert Rəşad Əliyevin fikrincə, qanunvericilikdə müəyyən boşluqlar var: «Dünya təcrübəsi bizim qanunvericilik sisteminə tətbiq ediləndə, daşınmaz əmlakdan vergi tutmaları ilə bağlı bəzi xüsusiyyətlər nəzərdən qaçıb. Fiziki şəxslər tərəfindən satılmış yaşayış mənzilləri və torpaq sahələrinin vergiyə cəlb edilməsi bu xüsusiyyətlərdən biridir».

Rəşad Əliyev deyir ki, bəzi ölkələrdə fiziki şəxslər tərəfindən satılan əmlak ƏDV-yə cəlb olunmur. Buna görə də, qanunvericilikdə dəyişiklik edilməlidir:

«Çünki hazırkı hüquqi bazada yaranan boşluqlar, mövcud vəziyyət böyük problemlər yaradacaq. Bu proses nəinki sərmayə sahəsinin, habelə daşınmaz əmlak bazarının çökməsinə səbəb ola bilər. Bu səbəbdən fiziki şəxslər tərəfindən aparılan bu əməliyyatlarda onların ƏDV-dən azad olunacağını düşünürük».

Səttar Möhbalıyev
Səttar Möhbalıyev

SƏTTAR MÖHBALIYEV: «PREZİDENT TƏCAVÜZKARA BAŞA SALDI Kİ...»

«Prezident İlham Əliyevdən dünya erməniliyinə növbəti sarsıdıcı zərbə».

Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin «Azərbaycan» qəzetinə yazdığı məqalə belə adlanır.

O, prezidentin Münhen konfransındakı çıxışından yazır:

«Prezident İlham Əliyev təcavüzkara başa saldı ki, nə qədər bizim torpaqlarda qalacaqsınız, o qədər çox itki verəcəksiniz. Bu kəskin cavab həm də antiazərbaycançı şəbəkəyə, Azərbaycanın sosial-iqtisadi inkişafını gözü götürməyən, ölkədəki ictimai-siyasi sabitliyin pozulmasına çalışan bəzi beynəlxalq təşkilatlara mesaj idi. Dövlət başçısı həmin üzdəniraq qüvvələrə çatdırdı ki, heç bir beynəlxalq qurum Azərbaycana nəyisə diktə edə bilməz».

Deputatın qənaətincə, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması daha çox Ermənistana sərf etmir:

«Çünki iqtisadi cəhətdən tənəzzülə uğrayan, böhran içində boğulan bu ölkədir. Azərbaycan isə günü-gündən bütün sahələrdə inkişaf etməkdə davam edir... Dəfələrlə Azərbaycandan geri qalan Ermənistan üçün sülh yolu çıxış yoludur».

Qamət Süleymanov
Qamət Süleymanov

QAMƏT SÜLEYMANOV: «CİNAYƏTKARIN ƏLİNİN KƏSİLMƏSİ ƏN GÖZƏL ÜSLUBDUR»

«Yeni Müsavat»a müsahibəsində bir neçə ildir qapısına möhür vurulmuş «Əbu-bəkr» məscidinin imamı Qamət Süleymanov şəriət qanunlarına üstünlük verdiyini söyləyib.

Qəzetin «İŞİD insanları diri-diri yandırır, «Quran»da insan yandırılması hökmü varmı?» sualına belə cavab verir:

«Quranda belə bir hökm yoxdur və canlını yandırmaq qadağandır. İŞİD üzvlərinin İslamla əlaqəsi yoxdur və onların etdikləri də şəriət hökmü deyil. İslam nəinki insanın, heyvanın da yandırılmasını günah sayır. Ancaq şəriət hökmü ən adil hökmdür, ən kamil hökmdür. Hazırda şəriət hökmü qorxunc gələ bilər, amma ən gözəl şəriət hökmüdür».

Müxbir soruşur: «Siz şəriət məhkəməsinin olması tərəfindəsiniz, yəni cinayətkarın əli kəsilsin, edam olunsun?». Cavab: «Bəli, mən tərəfdarıyam ki, günahkar şəriət hökmü ilə mühakimə olunsun. Ancaq Azərbaycanda bu mümkün deyil. Çünki dünyəvi dövlətdir, sivil ölkədir. Şəriət məhkəməsində də şahid, müdafiəçi, prokuror tərəf olur. Cinayətkarın əlinin kəsilməsi ən gözəl üslubdur».

Qamət Süleymanovun iddiasına görə, «Əbu-bəkr» məscidinin fəaliyyətinə məhdudiyyət qoyulması bu gün Suriyaya gedənlərin sayına, onların radikallaşmasına da səbəb olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG