Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 11:59

-

Prezident sərəncamı ilə fevralın 10-da «Bakıelektrikşəbəkə» ləğv olundu, «Azərİşıq» yarandı. Bundan sonra ölkədə enerjinin istehsalı ilə «Azərenerji», onun paylanması ilə «Azərİşıq» məşğul olacaq. Dövlət başçısının bu addımına müxtəlif yanaşmalar var.

«BEYNƏLXALQ QURUMLARDAN YENİ KREDİTLƏR ALMAQ ÜÇÜN ATILAN ADDIM»

İqtisadçı ekspert İlham Şaban facebook səhifəsində ««Azərİşıq» niyə yarandı?» sualına belə cavab verir:

İlham Şaban

İlham Şaban

«...ölkədə yeni bir paylayıcı monopoliyanın yaradılması (ola bilsin bir azdan «Sumqayıtelektrikşəbəkə» də Azərİşiğa birləşdirilsin) çox güman ki, hökumətin ilin ikinci yarısında beynəlxalq maliyyə institutlarından yeni kreditlər almaq üçün atacağı addımlara hazırlıqdır. Çünki Dünya Bankının nümayəndəsi bu yaxınlarda belə bir fikir səsləndirmişdi ki, neftin qiymətinin aşağı düşdüyü bir vaxtda biz Azərbaycana iqtisadiyyatın inkişafı ilə bağlı yardım əlini uzada bilərik. Bundan əvvəl isə reytinq agentlikləri dövlət şirkətlərinin proqnoz reytinqlərini, o cümlədən «Azərenerji»ninkini aşağı salaraq «neqativ»ləşdirdilər. Yəni kreditlər artıq əvvəlki kimi yaxşı şərtlərlə veriləsi deyil. Struktur islahatları aparmaq gərəkdir”.

BƏS ƏSLİNDƏ NECƏ OLMALI İDİ?

İlham Şaban yazır ki, dövlət böhran ilində onun «boynunda oturan və faydalı iş əmsalı aşağı olan qurumların dövlətsizləşdirmə siyasətini gündəmə gətirməliydi. Hökumət müəyyən payı özündə saxlamaq şərtilə o qurumları satışa çıxara bilərdi».

İqtisadçı hesab edir ki, hökumət bu yolla həm külli miqdarda qazanc əldə edərdi, həm də büdcənin illik yükü azalmış olardı, üstəlik də büdcəyə ildən-ilə vergi daxilolmaları artardı...

«BU ADDIMLARIN MƏNTİQİNİ TAPMAQ ÇƏTİNDİR»

Natiq Cəfərli

Natiq Cəfərli

Digər iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, hökumətin son zamanlar atdığı addımlara qiymət vermək, məntiqini izah etmək çox çətindir:

«Görünən budur ki, hökumət qənaət rejiminə keçmək, izafi xərcləri azaltmaqla büdcənin yükünü xəfiflətmək istəyir. Bu istəyin olması açıq-aşkar görünür». Amma ekspert prezidentin fevralın 11-də verdiyi başqa sərəncamla «AzerGold»un yaranmasını yada salır. O, sual edir:

«Söhbət xərclərin azalmasından gedirsə, yeni qurum yaradılmasını necə izah etmək olar? Bu da onu göstərir ki, hökumətin doğru-dürüst proqramı yoxdur. Atılan addımlar planlı yox, pərakəndədir».

«AZERENERJİ» SAĞLAMLAŞDIRILMALIDIR

Natiq Cəfərli deyir ki, qonşu ölkələrdə, məsələn, Rusiyada bir neçə antiböhran proqramı cəmiyyətin iştirakı ilə müzakirə olunduqdan sonra biri qəbul edildi.

Ekspertə görə, “Azərenerji” ilə bağlı bu addımın atılması çoxdan gözlənirdi: «Bu qurumun enerji paylanmasında iştirakı düzgün deyildi. Bu, inhisarın möhkəmlənməsinə, vətəndaşlar üçün əlavə problemlərə səbəb olurdu. Amma bu qurumda görüləsi işlər də var. «Azərenerji» qapalı qurumdur, o, sağlamlaşdırılmalıdır. Bunun davamı gələcəkmi? Demək çətindir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG