Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:47

«Qiymətlər qalxdısa, yenidən ucuzlaşması çətindir»


Hökumət bahalaşmanın qarşısını almaq üçün hansı tədbirləri görəcək?

Hökumət bahalaşmanın qarşısını almaq üçün hansı tədbirləri görəcək?

Prezident İlham Əliyev ötən həftəsonu Nazirlər Kabinetində 9 ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dedi ki, bazarlarda qiymətlər süni şəkildə qaldırılır, bunun qarşısını almaq üçün inzibati tədbirlər görülməlidir. Ölkə başçısının sözlərinə görə, neft gəlirləri inflyasiyanın artmasına, bahalaşmaya gətirib çıxarmamalıdır.


Bazardakı qiymətlər harayacan qalxa bilər, hökumət bunun qarşısını almaq üçün hansı tədbirləri görəcək?



«Bazar iqtisadiyyatında qiymətlər qalxdısa, onun yenidən ucuzlaşması çətindir, qiymətlər stabil saxlansa, bunun özü də böyük naliyyətdir»
Nazirlər Kabinetinin Maliyyə və Kredit Siyasəti Şöbəsinin müdiri Oqtay Haqverdiyev deyir ki, məsələ hökuməti çoxdan narahat etdiyindən bu sahədə araşdırmalar aparılıb və məlum olub ki, qiymət artımının arxasında bir qrup adam dayanır və onlar öz aralarında qiymətlərin qaldırılması ilə bağlı razılıq əldə ediblər. Cənab Haqverdiyev bildirir ki, araşdırmalar zamanı məlum olub ki, həmin qruplaşma nə fermerlərə, nə də ayrı-ayrı kəndlilərə istehsal etdiyi məhsulu bazara çıxarmağa imkan vermir. Bu məlum olandan sonra ilkin olaraq inzibati tədbir kimi yarmarkaların təşkilinə üstünlük verilib. Hazırda bu qiymətlərin bir qədər ucuzlaşmasına səbəb olub. Amma bütün hallarda Oqtay Haqverdiyev bazar iqtisadiyyatı şəraitində inzibati tədbirlərlə qiymət artımının qarşısını almağın qeyri-mümkün olduğunu düşünür. Onun sözlərinə görə, hökumət neftin, qazın, enerjidaşıyıcıların və ümumilikdə təxminən 30-a yaxın məhsul və xidmətin qiymətini tənzimləyir, yerdə qalan məhsulların qiyməti isə sərbəstdir.

Nazirlər Kabinetinin şöbə müdiri bildirir ki, Azərbaycan hökuməti çalışır ki, inflaysiya ikirəqəmli olmasın.


Qaldı ki, qiymətlərin aşağı salınmasıyla bağlı hökumətin atacağı addımların hansı effekt verəcəyinə, Oqtay Haqverdiyev qiymətlərin ucuzlaşacağına çox az inanır: «Bazar iqtisadiyyatında qiymətlər qalxdısa, onun yenidən ucuzlaşması çətindir, qiymətlər stabil saxlansa, bunun özü də böyük naliyyətdir».


İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə hesab edir ki, ilk növbədə inhisarçılığın mövcud olduğu sahələr müəyyənləşdirilməlidir. Əgər bu inhisarçılıq həmin sektorlarda qiymət artımı ilə bağlıdırsa, onda həmin sahəyə dövlət və ictimai nəzarət gücləndirilməlidir. Cənab İbadoğlu deyir ki, əslində, antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında prezident fərmanında bir çox məsələlər nəzərdə tutulsa da, onu həyata keçirməli orqanlar bu sahədə heç bir iş görməyiblər və indi də belə bir vəziyət yaranıb. Mərkəz rəhbəri hesab edir ki, qiymətlərin əksəriyyəti sərbəst olduğundan dövlətin inzibati üsullarla müdaxilə imkanları məhduddur: «Biz qiymətlərin artım tempini tənzimləməyə çalışmalıyıq ki, qiymətlər daha yüksək templə artmasın. Bu isə yalnız islahatlar yolu ilə mümkündür».



«Ərzaq bazarından tutmuş, tikinti və tikinti materiallarına, idxal- ixraca kimi hamısı inhisardadır. Bu, ölkədə hamıya yaxşı məlumdur. Həmin adamlardan başqa, heç kəs bu işlərlə məşğul ola bilmir»
İqtisadçı, sabiq millət vəkili Əli Əlirzayev isə hesab edir ki, yarmarkaların təşkili və s. inzibati tədbirlər az da olsa, qiymətlərin ucuzlaşmasına təsir edə bilər, amma daha çox diqqət iqtisadi metodların tətbiqinə yönlməlidir: «İqtisadi metodların da əsasını istehsal, mal və xidmətin çoxluğu təşkil edir».

Qaldı ki, prezidentin inhisarçılıqla bağlı dediklərinə, cənab Əlirzayev hesab edir ki, bunu yaradanlar sadə adamlar və ya hansısa sahibkarlar deyil. Bu, əslində, kifayət qədər təsir imkanları olan məmurlardır. Əli Əlirzayevə görə, bu gün Azərbaycanda əksər sahələrdə inhisarçılıq mövcuddur. Onun sözlərinə görə, Azərbaycanda hansı məmurların inhisarçılıqla məşğul olması hamıya, o cümlədən, hökumətə də yaxşı məlumdur: «Ərzaq bazarından tutmuş, tikinti və tikinti materiallarına, idxal- ixraca kimi hamısı inhisardadır. Bu, ölkədə hamıya yaxşı məlumdur. Həmin adamlardan başqa, heç kəs bu işlərlə məşğul ola bilmir».


İqtisadçıya görə, prezidentin verdiyi tapşırıqlar icra olunsa və inhisarçılıq aradan qaldırılsa, bu qiymətlərin 10-15 faiz ucuzlaşmasına səbəb ola bilər. Digər tərəfdən, cənab Əlirzayev hesab edir ki, bütün bu inzibati tədbirlərlə yanaşı, məhsul bolluğu yaradılmalıdır. Onun sözlərinə görə, əslində, bu gün «Mersedes» markalı maşının qiymətinin nə qədər bahalaşması aztəminatlı ailə üçün elə də əhəmiyyət kəsb etmir, amma çörəyin və digər ərzaq məhsullarının bahalaşması onun büdcəsinə xeyli ziyan vura bilər. Bu baxımdan hökumət unun və s. ərzaq məhsullarının qiymətlərinin bahalaşmaması üçün istehsal sahələrinin fəaliyyətini gücləndirməli, fermerlərə həmin məhsulları istehsal etmək üçün şərait yaratmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG