Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:45

Assad deyir ki, çəllək bombası yoxdur


Bashar al-Assad Suriya hərbçiləri arasında

Bashar al-Assad Suriya hərbçiləri arasında

-

Suriya prezidenti Bashar al-Assad deyir ki, «İslam Dövləti» cihadçı qrupuna qarşı vuruşan ABŞ koalisiyasından məlumat alır. Assad BBC-yə müsahibəsində söyləyib ki, sentyabrda Suriyada hava hücumları başlanandan birbaşa əməkdaşlıq olmasa da, informasiyanı üçüncü tərəf çatdırır, onların içində İraq da var.

«Bəzən onlar ümumi bir ismarış göndərirlər, ancaq taktiki bir şey yoxdur. Dialoq yoxdur, belə deyək, informasiya var», - Assad vurğulayıb.

ABŞ Təhlükəsizlik Şurası isə Suriya hökuməti ilə koordinasiyanı danır. Şuranın sözçüsü BBC-yə bildirib ki, «hərbi səviyyədə suriyalılara öncədən bildiriş» göndərilmir.

Bashar al-Assad yaraqlıların nəzarətində olan ərazilərə çəllək bombaları atılması barədə iddiaları «uşaq söhbəti» adlandırıb. Çəllək bombaları ev şəraitində hazırlanır, çəlləyə benzin, partlayıcı yığılır və havadan atılır. Suriyada bu bombalardan minlərlə dinc sakinin öldüyü bildirilir. Bu ölümlərin çəllək bombalarından baş verdiyi sənədləşdirilib.

«Bombamız, raketimiz, gülləmiz var... Ancaq çəllək bombamız yoxdur», - Assad deyib.

Britaniyanın xarici işlər naziri Philip Hammond isə Suriya prezidentinin dediklərini pisləyib:

«Assad ordusunun çəllək bombaları ilə yüzlərlə günahsız insanı qətlə yetirmədiyini deyir, o, ya çaşıb, ya da yalan danışır».

Assad-ın çəllək bombalarını danması sosial mediada da tənqid olunub. Ərəbcə tvit edənlər Dəməşq yaxınlığında yaraqlıların tutduğu Duma ərazisində dağıntıların fotolarını paylaşıblar. #Duma məhv edilir ("#Duma_is_being_exterminated) haştaqı 24 saat ərzində 150 min dəfə yayılıb.

ABŞ-LA ASSAD ƏMƏKDAŞLIĞININ QARANLIQ HEKAYƏTİ

Duma şəhəri hava zərbələrindən sonra - 2 fevral 2015

Duma şəhəri hava zərbələrindən sonra - 2 fevral 2015

«Foreign Policy» dərgisində Elias Groll yazır ki, Birləşmiş Ştatların «İslam Dövləti»nə qarşı hərbi kampaniya qərarının Vaşinqtonla Suriya liderini birləşdirdiyi sirr deyil. Bu fakt bir sual ortaya çıxarıb ki, «Vaşinqton hərbi əməliyyatlarını Assad-la koordinasiya edirmi?».

Assad-ın BBC-yə müsahibəsində dediyi əməkdaşlıq taktiki koordinasiya deyil, ancaq, görünür, Vaşinqtonla Dəməşq arasında bir kanal var. Sentyabrda «İslam Dövləti»nə qarşı hava kampaniyası başlananda, Assad İraq rəsmisinə demişdi ki, «Suriya istənilən beynəlxalq antiterror cəhdini dəstəkləyir». Həmin rəsmi milli təhlükəsizlik müşaviri Faleh al-Fayyad idi və məhz onun Vaşinqton-Dəməşq arasında vasitəçi olmasına dair spekulyasiya yarandı:

«Niyə Birləşmiş Ştatlar Dəməşq ilə kanalı açıq saxlamır? Vaşinqton yəqin ki, öz qırıcıları ilə Suriya hava qüvvələri arasında toqquşma istəmir. Belə bir qarşılaşma ABŞ təyyarəsinin Suriya ərazisinə salınması ilə nəticələnər və Birləşmiş Ştatları Yaxın Şərqdə daha geniş hərbi qarşıdurmaya sürükləyər. Prezident Barack Obama isə prezidentliyi boyunca bundan qaçıb».

«Vaşinqton və Dəməşq arasında dolayısı söhbətlərin Assad-ın dediyi ümumi informasiyadan kənara çıxmasına dəlil yoxdur. Ancaq kanalın mövcudluğu inkar edilmir. Bu qədər mürəkkəb, yanlış addımın ciddi fəsadlar törədəcəyi bir müharibədə bu, yəqin ki, ən yaxşı yoldur», - müəllif yazır.

TİRANIN YALANLARI

Böyük Britaniyada çıxan «Times» qəzeti «Bashar al-Assad-ın utanmaz yalanları», «The Guardian» isə «Tiranın yalanları» adlı yazılar dərc edib.

«The Times» yazır ki, ««David Cameron və prezident Obama daxil olmaqla, Qərb liderləri Assad-ın hakimiyyətdən uzaqlaşdırılması məsələsini sakitcə bir qırağa qoydular. Ancaq o, nəinki tiran, həm də bir yalançıdır. O, Suriya əsgərlərinə əmr verdi ki, «Ərəb baharı»nı canlı silahla qarşılasınlar. Vertolyotlarına əmr verdi ki, dinc sakinlərə qarşı kimyəvi silah işlətsinlər».

«USA Today» qəzetinin birinci səhifəsi

«USA Today» qəzetinin birinci səhifəsi

«İŞİD rəhbərliyinin Assad-dan daha təhlükəli olması Suriya diktatorunun cinayətlərini azaltmır. Anti-İŞİD koalisiyasının «xilafət» və Assad rejimi ilə eyni vaxtda mübarizəsinin mümkün olmaması onların qanuniləşdirilməsi anlamına gəlmir. İD cəlladları məğlub edilməli, tutduqları torpaqlar İraq və Suriyaya qaytarılmalıdır. Daha sonra 2011-ci ildə Assad-a qarşı duran etirazçıların səsi axır ki eşidilməlidir».

ABŞ QƏZETİ UKRAYNANIN XƏRİTƏSİNİ KRIMSIZ GÖSTƏRDİ

Qərb Rusiyanın Krımı anneksiyasını tanımasa da, böyük qəzetlərdən biri bunu edib. Çərşənbə axşamı «USA Today» qəzetinin birinci səhifəsində Ukraynanın xəritəsi dərc olunub, ancaq Krımsız. Qəzetdən bununla bağlı şərh almaq mümkün olmayıb. Aydın deyil ki, Krımın çıxdaş olunması redaksiyanın qərarıdır, yoxsa bir səhvdir. Hər halda «Wall Street Journal» və «New York Times» kimi nəşrlər Moskvanın həmin ərazini de-fakto nəzarətə almasına baxmayaraq, Krımı Ukraynanın sərhədləri daxilində göstərirlər.

Ötən ilin oktyabrında FIFA oxşar hadisəyə görə üzr istəmişdi. Belə ki, 2018-ci il Dünya Çempionatının təşkilatçıları xəritədə Krımı Rusiyanın tərkibinə «salmışdılar».

Günün bütün mövzuları

XS
SM
MD
LG