Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:17

Müdafiə nazirləri nə üçün görüşdü?


Ekspertlərin fikrincə, nazirlər beynəlxalq təzyiq altında görüşə razılıq veriblər

Ekspertlərin fikrincə, nazirlər beynəlxalq təzyiq altında görüşə razılıq veriblər

Ekspertlər müdafiə nazirlərinin görüşünün atəşkəsin pozulması ilə bağlı olduğuna inanmırlar. Bunu Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində konkret mərhələyə yaxınlaşmaları ilə bağlayanlar da var, səbəbini izah etməkdə çətinlik çəkənlər də. Ancaq, ekspertlər bunu da əlavə edirlər ki, atəşkəs müqaviləsinin imzalanmasından bu yana onun pozulması adətən yerli səviyyədə müzakirə olunub. 90-cı illərin ortalarında bu görüşlərə əsasən yerli komandirlər və icra qurumlarının nümayəndələri qatılırdılar. Bundan başqa, əgər həqiqətən də nazirlər atəşkəslə bağlı görüşürlərsə, niyə görüşün ertəsi günü yenə atışma baş verir və itkilər olur? Bu fikrə şərik çıxan «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, ATƏT təmsilçiləri atəşkəslə bağlı vaxtaşırı monitorinq aparır və iradlarını tərəflərə çatdırırlar deyə əlavə görüşə o qədər də zərurət yoxdur. Bundan başqa, görüş atəşkəslə bağlıdırsa, onu məxfi saxlamağa nə lüzum vardı?

1994-95-ci illərdə hərbi qüvvələrin işğal zonasından mərhələli şəkildə çıxarılması, sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsi ilə bağlı plan müəyyənləşdirilmişdi
Siyasi icmalçı Rauf Mirqədirovun fikrincə, bu görüş xarici işlər nazirlərinin görüşünə hazırlıq xarakteri daşıyır. Yeri gəlmişkən, ATƏT-in münaqişənin nizamlanması ilə məşğul olan Minsk qrupu həmsədrlərindən biri Yuri Merzylyakov da ötən həftə mətbuata açıqlamasında müdafiə nazirlərinin görüşünün xarici işlər nazirlərinin Moskva danışıqlarında razılaşdırıldığına işarə vuraraq, nəticələrin də Paris danışıqlarında müzakirə olunacağını demişdi. Rauf Mirqədirova görə, müdafiə nazirlərinin görüşü hərbi-siyasi məsələlərlə bağlı ola bilər: «Razılaşma imkanı var. Və bu razılaşmanın siyasi və diplomatik həlli prezidentlər səviyyəsində həll olunursa, onun reallaşdırılması müdafiə nazirləri səviyyəsində yoluna qoyulur. Bu görüş Paris görüşünə hazırlıq idi».


Görüşün təşkilatçısı olan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiksə «Azadlıq» radiosuna açıqlamasına bildirmişdi ki, nazirlərin görüşü atəşkəsin tez-tez pozulması ilə bağlıdır. O, yaxın vaxtlarda atəşkəsin pozulması kimi məsələnin gündəlikdən çıxarılmasına çalışdığını da bildirmişdi. Amma təxminən iki ay öncə cənab Kasprşik yenə də «Azadlıq» radiosunun son aylarda atəşkəsin pozulması intensivləşibmi sualını belə cavablandırmışdı: «Mən Azərbaycan Müdafiə Nazirliyindən məlumat almamışam. Amma apardığım monitorinq əsasında deyə bilərəm ki, ilin əvvəli ilə müqayisədə atəşkəsin pozulması bir qədər azalıb».


Ancaq iki ay sonra Anjey Kasprşik atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən itkilər olduğunu və bunun onu hiddətləndirdiyini bildirir, tərəfləri danışıqlara dəvət edir. Görüş baş tutur. ATƏT təmsilçisi şərhi tərəflərin öhdəsinə buraxır. Azərbaycan tərəfisə bu haqda susmağa üstünlük verir. Yalnız bunu deyirlər ki, görüş tərəflər arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlər kontekstində keçirilib.


Ekspertlər də «qarşılıqlı etimadın möhkəmləndirilməsi» kimi çoxmənalı və həm də ümumi ifadəyə diqqət yetirirlər. Siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, sülh sazişinin imzalanması təmas xəttində hərbi qüvvələrin geri çəkilməsini, sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini gündəmə gətirə bilər. Nazirlərin görüşü də hələ 90-cı illərdə hazırlanmış qrafiki müzakirə etmək istəyilə bağlı ola bilər: «1994-95-ci illərdə hərbi qüvvələrin işğal zonasından mərhələli şəkildə çıxarılması, sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsi ilə bağlı plan müəyyənləşdirilmişdi ».


Hərçənd ekspertlər iyirmi ilə yaxın münaqişə vəziyyətində olan tərəflərin yaxınlarda razılaşma əldə edəcəyinə də şübhəylə yanaşırlar. Baxmayaraq ki, vasitəçilər hələ də ilin sonuna kimi şans qaldığını düşünürlər. Hərçənd Rambuye danışıqlarının uğursuzluğundan sonra hətta xarici işlər nazirləri də bir araya gəlmək istəmirdilər. Vasitəçilərin regiona səfərlərindən sonra tərəflər danışıqları davam etdirməyə razılıq verdilər. Ekspertlərə görə, əslində, bütün bu görüşlər də sülhün mümkünlüyünün nümayişi sayıla bilər. Ərəstun Oruclu isə hesab edir ki, görüş Bakı və Yerevan arasında artan gərginliklə bağlıdır: «Çox güman ki, beynəlxalq təzyiq altında tərəflər müdafiə nazirlərinin görüşünə razılıq veriblər. Bu da atəşkəsin pozulmaması, hərbi əməliyyatların başlanmamasına təminat verir».


Günün bütün mövzuları

XS
SM
MD
LG