Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27

Minsk Ukraynada “hərb ya sülh” məsələsini həll edəcəkmi?


Əlaqə qrupunun görüşü mətbuat üçün qapalı rejimdə keçib.
Əlaqə qrupunun görüşü mətbuat üçün qapalı rejimdə keçib.

Moskva və Qərb mənbələri hazırlıq görüşündən fərqli və ziddiyyətli xəbərlər yayıblar.

Minskdə Ukraynanın şərqindəki münaqişənin tənzimlənməsi üzrə üçtərəfli əlaqə qrupunun iclası başa çatıb.

2 saatadək davam edən görüş Belarus paytaxtının mərkəzindəki Diplomatik Xidmət Sarayında mətbuat üçün qapalı rejimdə keçirilib.

Bu görüşdə Ukraynanın keçmiş prezidenti Leonid Kuchma, ATƏT-in xüsusi nümayəndəsi Heidi Tagliavini, Rusiyanın Ukraynadakı səfiri Mikhail Zurabov, habelə Donetsk və Luqansk separatçılarının nümayəndələri Denis Pushilin və Vladislav Deynego iştirak ediblər.

Medvedchuk da peyda olub

Bu dəfə Minsk danışıqlarına Moskva meylli “Ukrainski vıbor” ictimai təşkilatının lideri Viktor Medvedchuk da qatılıb.

Danışıqlardan sonra heç bir rəsmi bəyanat verilməyib.

Rusiyanın rəsmi TASS xəbər agentliyi adını çəkmədiyi mənbəyə istinadən yazır ki, əlaqə qrupunun görüşündə qarşıduran tərəflərin ağır texnikasının cəbhə xəttindən geri çəkilməsi, atəşkəs rejimi və onun monitorinqi barədə razılaşma əldə edilib.

Lakin bu “cəbhə xəttinin” indi haradan keçəcəyi barədə heç bir məlumat yoxdur.

Yeni, yoxsa köhnə cəbhə xətti?

Separatçılar son günlərdə, onların aramslız hücumları nəticəsində yaranmış yeni cəbhə xəttinin təmas xətti sayılmasını tələb edirlər.

Donetskdəki separatçıların nümayəndəsi Denis Pushilin deyib ki, bu barədə təklif yazılı şəkildə rəsmən kontakt qrupuna təqdim edilib.

Rəsmi Kiyev və ATƏT isə bu qənaətdədirlər ki, təmas xətti artıq birinci Minsk görüşündə, yəni ötən ilin sentyabrında müəyyən edilib.

Çərşənbə günü Minskdə Almaniya, Fransa, Ukrayna və Rusiya liderlərinin görüşü gözlənilir.

TASS-ın informasiya müharibəsi

Lakin “The New York Times” qəzetinin Moskva müxbiri David M. Herszenhorn yazır ki, Ukrayna mənbələri TASS, BelTa kimi hökumətə bağlı informasitya agemntliklərinin xəbərlərini təkzib edirlər.

Ukraynanın “Zerkalo Nedeli” internet qəzeti yazır ki, Minsk görüşündə adı çəkilən razılaşmalar əldə olunmayıb.

Qəzet bildirib ki, TASS əslində separatçıların təkliflərinin qəbul olunduğu barədə məlumatlarla hadisələri qabaqlamağa çalışıb.

Rusiyanın İnterfax xəbər agentliyi də ilkin məlumatların dəqiq olmadığını bildirib.

“The New York Times” yazır ki, Minskdə keçirilən danışıqalrın statusu ətrafında yaranmış mübahisələr də hələlik açıq qalır.

Obama Putinə zəng edib

Qəzet vurğulayır ki, Rusiya mediasının nikbin məlumatlarına baxmayaraq Barack Obama Ukraynaya silah göndərmək ideyasını hələlik tam kənara qoymayıb.

O elə çərşənbə axşamı Rusiyalı həmkarı Putinə telefon zəngi edib.

ABŞ prezidenti Barack Obama Rusiya lideri Vladimir Putinlə telefon söhbətində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha xatırladıb.

O deyib ki, Kiyev və Rusiya meylli separatçılar arasında danışıqlar prosesinin bərpası sülhün bərqərar edilməsinə yol aça bilər.

Obama bildirib ki, Fransa, Almaniya, Ukrayna və Rusiya nümayəndələri arasında keçiriləcək Minsk danışqalrının nəticə verəcəyinə ümid bəsləmək istərdi.

Amerika prezidenti bunu da Putinin nəzərinə çatdırıb ki, Kremlin separatçıları bundan sonra da dəstəkləməsi Rusiyaya baha otura bilər.

Kreml iki lider arasındakı telefon söhbətinin təfərrüatları barədə heç bir şərh verməyib.

Daha bir son şans

Çərşənbə axşamı Kiyevdə keçirilən görüşdə Ukrayna prezidenti Petro Poroshenko İspaniyanın xarici işlər nazirinə deyib ki, münaqişənin tənzimlənməsi imkanları artıq xeyli daralıb.

Prezident çərşənbə günü Minskdə keçirilən danışıqları qeyd-şərtsiz atəşkəsin elan edilməsi və ağır texnikanın geri çəkilməsi üçün sonuncu şanslardan biri adlandırıb.

Petro Poroshenko José Manuel García-Margallo y Marfil-ə deyib ki, döyüş əməliyyatları daha da şiddətlənib və separatçılar cəbhə xəttindən 45 kilometr məsafədə olan Kramatorsk şəhərini ağır silahlardan atəşə tutublar.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oleksandr Turchynov deyib ki, bu raket zərbələri nəticəsində 5-i uşaqlar olmaqla azı 15 mülki şəxs həlak olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG